“Fuadın həbs ediləcəyini gözləyirdim”

17-12-2015, 13:49
0
“Fuadın həbs ediləcəyini gözləyirdim”

Zümrüd Yağmur: “Hər hansı şəri də məntiqlə hazırlamırlar”

“Azərbaycan xalqı belə həbslərə qorxu ilə yanaşmamalıdır”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbs ediləndə onun xanımı, yazıçı Zümrüd Yağmur bir konfransda iştirak üçün yollandığı Türkiyədə idi. Bu barədə onun özü həyat yoldaşının həbsi xəbərini feysbuk səhifəsində paylaşarkən də yazmışdı. Həyat yoldaşının həbsinə görə o, səfərini yarımçıq qoyaraq ən yaxın reyslə Bakıya döndü. Dönüşündən bir neçə gün sonra qəzetimizə danışan Z.Yağmur bu həbsi necə qarşıladığı, hansı səbəblərlə əlaqələndirdiyi və başqa suallara cavab verib.

– Zümrüd xanım, siz Türkiyədə səfərdə ikən Fuat bəy həbs edildi. Bundan necə xəbər tutduuz?

– Mən Türkiyəyə dekabrın 7-də getmisdim. Məni Fuadın özü yola salmışdı. Ayın 8-də günortadan sonra böyük qızım zəng edib, atasının öz həyətimizdən həbs olunduğunu bildirdi. Bir qədər gözlədikdən sonra Fuadın öz telefonuna zəng vurdum. Artıq ona zəng çatmırdı. Yenidən uşaqlarla əlaqə saxladıqdan sonra facebook hesabımdan bu xəbəri paylaşdım.

– Bu həbsi gözləyirdinizmi?

– Bu şəkildə həbs ediləcəyini doğrusu, gözləmirdim. Amma bütövlükdə, təkcə son dövrlərdə yox, 22 ildə baş verən prosesləri götürdükdə, müxalif düşüncəyə iqtidarın dözümsüz münasibətini nəzərə alaraq, təbii ki, gözləyirdim. Fuadın təmsil olunduğu təşkilatda artıq bir neçə fəal həbs olunmuşdu. Səhv etmirəmsə, bununla artıq 10 nəfərə çatdı həbsdəki AXCP fəallarının sayı. Bu baxımdan Fuadın hər zaman həbs edilə biləcəyini gözləyirdim.

– Siz elə Türkiyədən verdiyiniz açıqlamada dediniz ki, Fuad bəyə xəbərdarlıq olunmuşdu. Necə olmuşdu bu?

– Əslində, xəbərdarlıqlar zaman-zaman sosial şəbəkə üzərindən açıq və gizli olurdu. Sonuncu xəbərdarlıq da təxminən bir həftə öncə olmuşdu. Fuad bu hədə və xəbərdarlıqları ictimailəşdirmirdi. Hesab edirdi ki, onun həbsinə bəhanə düzəldə bilməzlər, çünki o, təxribata uyan deyil, ətrafında baş verə biləcəklərə maksimum diqqətlə yanaşır. Lakin görünür, onu hər hansı təxribatsız, elə birbaşa siyasi fəaliyyətilə əlaqələndirərək də tuta biləcəklərini nəzərə almayıb. Bəlli olduğu kimi, Fuadı ona qədər olanlardan fərqli, heç bir bəhanəsiz – nə narkotiklə, nə xuliqanlıq, nə də başqa bir uydurma ittihamla həbs etdilər. O, açıq və birbaşa siyasi maddə ilə həbs olundu…

– Yeri gəlmişkən, bunu necə izah edərdiz, niyə belə etdilər? Niyə rəsmən elan olundu ki, Fuad Qəhrəmanlı yazılarına görə həbs edilir?

– Bunu həbsin sifarişçiləri və icraçıları yaxşı bilər. Mənə isə elə gəlir ki, məqsəd hakimiyyətə qarşı sərt tənqidlərə görə ağır cəzaların ola biləcəyi qənaətini qüvvətləndirməkdir. Fuaddan əvvəl də məhz yazdıqlarına görə həbs edilənlər var. Amma onları başqa uydurma ittihamlarla həbs ediblər, məhz yazdıqlarına görə tutduqlarını etraf etməyiblər. Düzdür, cəmiyyət onsuz da bilib ki, o həbslərin gerçək səbəbi hakimiyyətə qarşı tənqidlərdir. Lakin bu tənqidlər dayanmayıb. Görünür, hakimiyyətdəkilər elə zənn ediblər ki, tənqidlərin davam etməsinə səbəb müəyyən həbslərin məhz tənqidə görə olduğunun bilinməməsidir. Cəmiyyətə hakimiyyəti sərt tənqid etməyin həbsxanaya apara biləcəyi haqda açıq mesaj verilməlidir. Həm də ictimai-siyasi statusuna görə elə fiqur seçilməlidir ki, qorxu yaradan görk olsun. Ona görə də məhz Fuadı və bu cür açıq maddə ilə həbs etdilər. Mən belə düşünürəm.

– Prokrorluğun açıqlamasında göstərilir ki, Fuad Qəhrəmanlı sentyabr ayından başlayaraq qanunsuz çağırışlar edib…

– Fuadın heç bir yazısında ittiham olunduğu maddələrə uyğun nəsə yoxdur. Bunlar absurd ittihamlardır. Fuad aktif siyasətlə məşğul olan bir şəxs, Azərbaycanda ən aparıcı müxalif partiyanın sədr müavini kimi öz məsuliyyətini də başa düşürdü. O, həvəskar bir siyasətçi deyildi ki, belə çağrışlar edə. O gözəl bilirdi ki, onun bütün çıxışları partiyanın nizamnaməsinə və siyasi xəttinə uyğun olmalıdır. Fuadın yazılarını televeziyada fraqment şəklində göstərirlər. Zəhmət çəkib, onları bir oxusunlar da, qoy xalq özü qiymət versin orada hansı çağrışların olmasına. Qoy ictimaiyyət də tanış olsun dini, irqi, sosial nifrətə və hakimiyyəti çevriliş yolu ilə dəyişməyə çağrışlar var, ya yox. Yoxdur belə çağrışlar. Hakimiyyət bu dəfə də Fuada qarşı çox naşılıqla cinayət işi düzüb-qoşdu. Yadımdadır, 1998-ci ildə, Fuad ilk dəfə və yeri gəlmişkən, onda da mətbuatda çıxan yazısına görə həbs olunanda da iş bu cür naşı hazırlanmışdı və hətta hakim də “belə iş qurarlar?” deyə əsəbləşmişdi. O zaman aparıb Qusara Azərbaycan dilində çağırışlar yapışdırmışdılar. Şahidlərdən soruşdular ki, siz Azərbaycanca oxuya bilirsiz? Dedilər ki, yox. Vəkil də soruşdu ki, bəs necə başa düşdüz ki, bu nə vərəqdir, gedib polisə filan yerdə belə bir vərəqə olduğunu dediz. İndidə görünür, 17 il keçməsinə baxmayaraq, bunlar yenə də özlərinə əziyyət verib, hər hansı şəri də məntiqlə hazırlamırlar.

– AXCP-yə qarşı “Razi əməliyyatı”nın ifşasında Fuad Qəhrəmanlının mühüm rol oynadığı deyilir. Sizcə, onun həbsinə bunun da təsiri ola bilərmi?

– Mən bu variantı özlüyümdə götürqoy etmişəm. Müəyyən mənada ola bilər. Amma bütövlükdə Fuadın həbsi bu hakimiyyətə qarşı apardığı mübarizəsinin nəticəsidir.

– Fuad bəyin həbsi şübhəsiz ki, sizin də həyatınıza təsir edəcək. Ailəni təkbaşına idarə etmək çətin olmayacaq ki?

– Mənim üçün heç nə dəyişməyib. Sadəcə olaraq bundan sonra yeni bir düzən quracam. Fuadla biz hər şeyi bərabər həll edirdik. İndi təkbaşıma edəcəm. Buna iradə və ağılım çatar. Fuadı həbs etməklə, bizim mövqeyimdə hansısa dəyişiklik ola bilməz. Mən bu həbsə faciəvi yanaşmıram. Bu, diktator rejimləri ilə mübarizədə verilə biləcək, bütün azadlıqlarına qovuşmuş xalqların verdiyi bədəllərdən biridir. Ümumiyyətlə, mənə elə gəlir ki, Azərbaycan xalqı belə həbslərə qorxu ilə yanaşmamalıdır. Çox adamlar elə təsəlli verirlər ki, sanki Allah etməmiş, Fuadı itirmişəm. Mən Fuadı itirməmişəm. Sadəcə olaraq zorakı istirahətə göndərilib. Bu qədər sadə və bəsit. Məndən kitablar istəyib. Ona kitablar göndərəcəm. Əminəm ki, oradan yaxşı bir əsərlə çıxacaq. Mən ondan hər zaman istəyirdim ki, ideoloji bir əsər yazsın. O da hər zaman praktik işlərə görə buna vaxt tapa bilmirdi… Yəni, heç nə dəyişməyib. Fuad da öz yerindədir, mən də öz yerimdə və yolumdayam.

– Bəs uşaqlar necə? Onlar balacıdırlar…

– Yox, mənim qızlarım balaca deyil. Sadəcə olaraq onların yaşı azdır. Yəni hazırlıqlı uşaqlardılar. Onlar da buna çox adi yanaşırlar. Başa düşürlər ki, atalarının həbs olunması dünyanın sonu deyil. Sadəcə olaraq bir müddət atalarından ayrı qalacaqlar. Eybi yoxdu, bu da onların atalarına hisslərinin yenilənməsinə kömək olar…

– Bəs valideynləri necə qarşılayıblar bu xəbəri? Bildiyimizə görə, anası xəstədir…

– Hə, anası xəstədir. Düzünü deyim ki, mən xəbəri alanda, ilk olaraq onun anasını düşündüm. Çünki səhhəti çox zəifdir. Amma hər halda o da bilir. Əvvəl gizlətməyə çalışıblar, sonra özü televizorda görüb və deyiblər ona. Təbii ki, onun üçün daha ağır olacaq. Amma hər halda o da dözəcək və dözməlidir.

– Bildiyimizə görə, siz AXCP üzvü deyilsiz. Əgər zərurət duyularsa, Fuad bəyin siyasi fəaliyyətini davam etdirmək üçün partiyaya üzv olarsınızmı?

– Mənim üçün prinsip etibarılə AXCP-nin üzvü olub-olmamağın fərqi yoxdur. Mən AXCP-ni Azərbaycanda müxalifətçiliyi əzmlə qoruyub saxlayan təşkilat kimi dəyərləndirirəm. Amma mən azad yazaram. Haqqı müdafiə etmək, vicdanlı mövqe tutumaq üçün də sadəcə yaxşı vətəndaş olmağı yetərli sayıram. Lakin belə bir zərurət yaranarsa, təbii ki, AXCP-yə üzv də ola bilərəm.

скачать dle 12.1
Xəbər lenti