“İlham Əliyevdən çox inciyirəm! Göstərdiyi münasibət üçün çox sağ olsun!” VİDEO

18-01-2016, 16:55
0
“İlham Əliyevdən çox inciyirəm! Göstərdiyi münasibət üçün çox sağ olsun!” VİDEO

Eldar Sabiroğlu: “Səlahiyyət sizdə, yumruğu vurun kəlləmizə, məhv edin!”

“Ədalət Zakir Qaralovun Cinayət Prosessual Məcəlləsindən ibarət deyil, Allah var, bir gün daşı salar adamın başına”

Yanvarın 15-də həbs edilən keçmiş müstəntiq, bir müddət əvvəl işlədiyi Zərdab Rayon Prokurorluğundan siyasi bəyanatla istefa vermiş Rüfət Səfərovun atası Eldar Sabiroğlu üzləşdikləri vəziyyətlə bağlı Meydan TV-yə də müsahibə verib. Məşhur YAP-çı, keçmiş deputat və Müdafiə Nzairliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu oğluna qarşı rüşvət ittihamını rədd edir və onun verdiyi bəyanatlara görə həbs edildiyini düşünür:

“Günortadan sonra idi, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini zəng edib idarəyə dəvət etdi. Rüfət də sual verdi ki, bu dəvət rəsmidir, ya qeyri-rəsmidir. Cavab verdi ki, qeyri-rəsmidir, rəhbərlik sizinlə görüşəcək. Bir azdan xəbər tutduq ki, məsələ başqadır, həbs etmək istəyirlər. Vəkillə danışdıq, maraqlandıq, məlum oldu ki, rüşvət alma maddəsi ilə cinayət işi başlayıblar.  Guya bu da 2014-2015-ci illərdə baş verib. Bildiyimə görə, dəyəri də 1500 manata yaxındı. Çox qəribədir, milyonlarla rüşvət alanlar bu gün öz kefindədi. Əgər olubsa, bəraət qazandıra bilmərəm, amma övladımın təmiz olduğu məndə bu gümanı yaradır ki, bəyanatından, istefasında sonra qurulmuş tələdir. Sual olunur: Əgər o, rüşvət alırdısa, niyə onun qeyri-qanuni fəaliyyəti, hüquqa qarşı kobud rəftarı indiyədək açılmırdı? Əksinə, nümunəvi işinə görə, müstəntiq kimi fəaliyyətinə görə baş prokuror ona fəxri-fərmanlar vermişdi? Bunların hamısı absurddur. İndiki reallıqda kimisə adamın üzünə durdurmaq çətin məsələ deyil. Sabah mənim də üzümə kimisə durdurarlar ki, adam öldürüb, rüşvət alıb. Bunlar qanunsuz işlərdir, amma nə edək ki, bugünkü cəmiyyətimizdə belədir”.

“Əsas günahkar kimi Ramiz Mehdiyevi görürəm”

Eldar Sabiroğlu baş verənləri həm də özünə qarşı olan haqsızlıqlarla bağlayır:

“Mənə olmazın təhqirlərini yağdırdılar. Yeni Azərbaycan Partiyası, parlamentin deputatı tərəfindən. Bunların hamısını Ramiz Mehdiyev təşkil etmişdi. Mən əsas günahkar kimi onu görürəm.

Rüfət bir gün kompyuterdə haqqımda yazılmış yazını mənə göstərdi. Sapsarı saralmışdı. Hiss edirdim ki, içəridən özünü yeyir, udur, amma əslində mənə olan təqiblər onu sakit buraxmırdı. Və özünə qarşı olan ədalətsizliklər də onu təngə gətirmişdi. Nəhayət, bunlar yığıldı, Rüfətdə ümumi narazılığa səbəb yaratdı. Mən istəməzdim o cür bəyanat versin. Atılmış insan kimi hiss edirdi özünü.

İmtahanında 100 ballıq şkala üzrə 70-80 bal toplamışdı. Amma təyinatla aparıb atdılar rayona. Rayon da bizimkidir, orda da işləmək lazımdır. Amma necə ola bilir ki, ən aşağı bal toplayan Bakı şəhərində qalır? Ona görə ki, onun arxasında pul var?”.

Eldar Sabiroğlu “Siz də bu hakimiyyətə az xidmət etməmisiz. Bu xidmət əsas sayılmırmı?” sualına belə cavab verib:

“İndi vəziyyət dəyişib. Xidmət deyəndə adamın gözünü çıxarırlar. Əgər rüşvət almaq bacarığı səndə yoxdursa, deməli, sən işləyə bilmirsən…

Fakt olmadan kürəyinə 1500 manatı yapışdırıb rüşvət adıyla oğlumu bu gün həbs etdilər. Ayıb bir işdi.

Səlahiyyət bu gün sizin əlinizdədir. Amma bu, o demək deyil ki, insanları əzib üstündən keçmək lazımdır”.

“Bunların qarşısını alın!”

Eldar Sabiroğlu üzləşdiyi haqsızlığa görə ölkə başçısına bir daha müraciət edib:

“Necə ola bilir ki, Azərbaycan üçün heç bir xidməti olmayan Ramiz Mehdiyevin oğlu general adı ala bilir, nazir müavini ola bilir, özü savadı olmaya-olmaya akademik adı ala bilir, – mən bunu dəqiqliklə deyirəm – arvadı kafedra müdiri ola bilir, qızı kafedra müdiri ola bilir, mənimsə oğluma yer olmur? Bu ədalətsizliyi Allah götürməz. Ona görə də mən hörmətli prezidentimizə müraciət edirəm. Bunların qarşısını alın! Ədalət təkcə Zakir Qaralovun Cinayət Prosessual Məcəlləsində özünü ehtiva etmir, haqq Allahın ədalətidir. Bir gün daşı adamın kəlləsinə salar. İndi nədi, mənim tək bir oğlum var, onu da həyatdan məhrum edirsiz? 7 ildən 15 ilədək iş düşür. Hansı xəyanətim oldu? Halbuki Heydər Əliyevə, İlham Əliyevə ən ağır təhqirlər yağdıranların bir qismi parlamentdə, bir qismi də vəzifədədir. Ona ən iyrənc münasibət göstərən adamların döşünə medal taxıldı…”.

“Böylə arkadaşlıq olmaz, əfəndilər”

YAP-ın keçmiş deputatı deyir ki, baş verən hadisədən sonra yaxın münasibətdə olduğu hökumət üzvlərindən heç biri ona zəng etməyib:

“Salam-sabah etdiyimiz adamlar vardı, zəng etmədilər, olsun. Nə olacaq? Oğlumun həbsindən bir az əvvəl çox yüksək səviyyədə bunu müzakirə etdik. Ad çəkmirəm. Mən ona müraciət etmişdim. O, məni inandırmağa çalışdı ki, narahat olma, Rüfətə də çatdır sakit dayansın, heç nə etməsin. Üstündən 2 saat keçməmiş oğlumu həbs etdilər. Türklər demiş, böylə arkadaşlıq olmaz, əfəndilər. Nədir, səlahiyyət sizdə, bütün imkanlar sizdə, yumruğunuzu vurun kəlləmizə, məhv edin! Vəzifən var adamsan, yoxsa adam deyilsən!.. Nə qədər bu əhval-ruhiyyə altında adamlara əzab veriləcək, Ramiz Mehdiyev də qəhqəhə ilə güləcək, onun dayandırılması üçün heç bir iş görülməyəcək?..

 

Mən emosional olmaq istəmirəm. Mətn olmalıyam, ölçü-biçini itirməməliyəm, nə qədər ağır olsa da, dözməliyəm. Emosiyasız-filansız bir sözlə fikrimi bitirirəm: Prezident İlham Əliyevdən çox inciyirəm! Göstərdiyi münasibət üçün çox sağ olsun!”.

скачать dle 12.1
Xəbər lenti