Rəsul Quliyevdən “OMON” hadisələri ilə bağlı yeni şok açıqlamalar...

17-03-2016, 18:41
0
Rəsul Quliyevdən “OMON” hadisələri ilə bağlı yeni şok açıqlamalar...

Keçmiş spiker: “Heydər Əliyevin yerinə Cavadov qardaşları gəlsəydi, bu, Azərbaycanın ən böyük fəlakəti olardı, ölkə müstəqilliyini itirə bilərdi” 

 

“OMON” (XTPD - Xüsusi Təyinatlı Polis Dəstəsi) hadisələrindən 21 il ötür. Azərbaycanda hərbi müxalifətin tamamilə sıradan çıxarıldığı və “OMON” rəhbəri Rövşən Cavadovun öldürüldüyü 1995-ci ilin mart hadisələri yaddaşlardan hələ də silinməyib.
21 il öncənin hadisələri ilə bağlı bugünlərdə ən çox gündəmə gələn şəxs o zamanlar Azərbaycan parlamentinin sədri olan Rəsul Quliyevdir. Eks-spikerin ünvanına ciddi ittihamlar var. Hətta onu R.Cavadovun ölümündə günahkar bilirlər. “OMON”-çuların və Cavadov qardaşlarının istefasını tələb etdiyi əsas dövlət məmurlarından biri olması, zaman keçdikcə R.Quliyevə qarşı iddiaların sayının artmasına səbəb olur.
Hazırda Amerikada mühacirətdə yaşayan R.Quliyevlə internet üzərindən “OMON” hadisələri ilə bağlı söhbət etdik. 
 
- Rəsul müəllim, o vaxt dövlətin ikinci şəxsi olaraq 21 il öncənin bu günlərini necə xatırlayırsınız? 
- 1993-cü ilin fevralından 1995-ci ilin aprelinə qədər olan illər, aylar və günlər Azərbaycanın yaşadığı ən ağır dövr idi. 1993-cü ilin aprelindən Kəlbəcərin işğalı ilə başlanan proses həmin ilin avqustunda 20 faiz torpaqlarımızın işğal olunması ilə yekunlaşmışdı. Ardınca 1994-cü ilin sentyabrında bağlanmış neft müqaviləsindən narazı qalan Rusiyanın oktyabrda, Türkiyənin 1995-ci ilin martında dövlət çevrilişinə cəhd etməsi çox həyəcanlı günlər idi. Tək soruşduğunuz dövrü yox, əvvəlki hadisələri də yaxşı xatırlayıram. Bilirsiniz, həyatı boyu çoxsaylı səhvlər buraxmayan, hər problemi düzgün həll edən dahi siyasətçilər olmur. Kimlərsə bunun əksini iddia edirsə, sadəcə olaraq, əbləhdir. Dahilər yalnız dəqiq elmlərin alimlərindən ola bilər. Siyasətçilər isə, ancaq diktatura rejimlərində təkbaşına istədiyi məsələni həll edə, “dahilik” statusuna layiq görülə bilər. Normal rejimlərdə tək adamın yox, komandanın rolu böyükdür.

Dövlət çevrilişinin qarşısını almaq üçün ən qətiyyətli addımlar atan iki şəxsdən biri mən olmuşam”

 
- “OMON” hadisələrinin üstündən keçən bu müddət ərzində hadisələrlə bağlı ən çox ittihamlara məruz qalan şəxslərdən biri sizsiniz... 
- Burada qeyri-adi bir şey görmürəm. Həmin dövlət çevrilişinin qarşısını almaq üçün ən qətiyyətli addımlar atan iki şəxsdən biri mən olmuşam. Və o hadisələri törədənlərin ssenarisinin iştirakçıları darmadağın olmaqlarında həmişə məni ittiham edəcəklər, ancaq tarixin obyektiv analizi həmişə mənim tərəfimdə olacaq. 
 
- Rövşən Cavadovun məşhur videosu var. Orada deyir ki, Heydər Əliyev və Rəsul Quliyev istefaya getməsə, onları özüm istefaya göndərəcəm. Hədəfdə olmağınıza səbəb nə idi? 
- 1995-ci ilin martında baş vermiş hadisələr faktiki 1994-cü ilin oktyabrında başlanmış dövlət çevrilişi cəhdinin davamı idi. Hər iki hadisədə Surət Hüseynov və Rövşən Cavadov oyunçular deyildi, sadəcə, oynayanların onları ferz edəcəklərinə söz verdikləri “peşka”lar idi. Mart hadisələrinin daha qanlı qurtarmasının səbəbi isə Hüseynovdan fərqli olaraq, Cavadovun komandasında paranoik qardaşının olması oldu (Mahir Cavadovu nəzərdə tutur-red.) Heydər Əliyev və mənim neft kontraktlarının bağlanmasında Qərb kompaniyalarına üstünlük verməyimiz o dövrdə finans imkanları məhdud olan Rusiya və Türkiyənin kənarda qalması, bu ölkələrin bəzi dairələrini (Rusiyada hərbiçiləri, Türkiyədə baş naziri və onun biznes partnyorlarını) qane etmirdi. Konkret mart hadisəsində Rövşən Cavadovun bu şüarı elə bu səbəbdən səsləndirildi, yəni ağasının komandası ilə. “Getməsələr, özüm göndərəcəyəm” kimi fikirlərə gəldikdə isə, bu, sadəlövhlük idi. 500 silahlı ilə o, necə məni istefaya göndərə bilərdi?! İnsanın bədbəxtliyindən biri də özündən müştəbeh olmasıdır.

Hökumətdə işləyənlərdən, müxalifətdə olanlardan Cavadovlara zəng edib yaltaqlananlar vardı”

- Elçibəy hakimiyyəti dövründə Rövşən Cavadov və siz hakimiyyətdə təmsil olunmusunuz. Bəlkə həmin zamandan aranızda yaranan ədavət buna səbəbdir? 
- Rövşən Cavadovla mən az qala dostluğa yaxınlaşan bir münasibətdə olmuşuq. Hələ o, “OMON” komandiri olandan biz tanış idik. Bilirsiniz, o dövrlərdə Cavadov Qarabağda nələrsə etmək istəyirdi. Qarabağda nəsə bir iş görmək istəyən elə bir insan yoxdur ki, mən ona kömək etməyim. Ona görə də həm o dövrdə, həm də ondan sonra Qarabağ döyüşlərində yaralanmış, xəsarət almışları xaricə müalicəyə qədər göndərirdim. Rövşən Cavadovun Heydər Əliyev hakimiyyətə gələndən sonra daxili işlər nazirinin 1-ci müavini qoyulması da mənim təqdimatımla olubdur. Onunla heç vaxt heç bir konfliktim olmayıb. Əksinə, həmişə səhv addımlardan qorumağa çalışmışam. Elə mart hadisələrində də, onunla dil tapıb qansız-qadasız bu qarşıdurmanı həll edə bilərdim. Təəssüf ki, onun üzərində sözün əsl mənasında paranoik olan qardaşının təsiri güclü idi. Onun paranoik olmasını öyrənmək elə də çətin məsələ deyildir, işlədiyi yerlərdən soruşsanız, əmin ola bilərsiniz.
- Sizcə, “OMON” hadisələri baş verməyə bilərdimi, problemin həlli yolunu tapmaq mümkün idi? 

Mart hadisələrinin bu cür faciəvi yekunlaşmasının əsas səbəbkarı Rövşənin paranoik qardaşıdır”

- Hər halda, bu məsələni azı 10 gün qan tökülmədən həll etmək üçün hər gün çalışırdım. Yəni onların qaldırdıqları istənilən məsələni müzakirə etmək, razılığa gəlmək və ondan sonra silahları təhvil vermək istiqamətində işlər görmək üçün xeyli çalışmışam. Ancaq təəssüf ki, bu cəhdləri onlar və ağaları zəiflik kimi qəbul edirdilər. Bu günə-sabaha ölkəni qoyub qaçacağımıza inanırdılar. Həm hökumətdə işləyənlərdən, həm də müxalifətdə olanlardan onlara olan zənglər və yaltaqlanmalar da elə fikrə düşmələrinə kömək edirdi.
- İl yarımdan sonra özünüzün də hakimiyyətdən gedəcəyinizi bilsəydiniz, “OMON” hadisələrində hakimiyyəti “xilas” edərdinizmi? Ümumiyyətlə, mart hadisələrinə görə nə zamansa peşman olmusunuz? Rövşən Cavadovun istəkləri həyata keçsəydi, bəlkə də sizin üçün daha müsbət olardı... 
- Həyatım boyu buraxdığım çoxsaylı səhvlərin içərisində mart hadisələrində tutduğum pozisiya yoxdur. Mart hadisələri təkrar baş versə, yenə eyni addımları atardım. Ola bilər, Cavadovu qardaşından izoliyasiya etmək üçün daha çox cəhdlər edərdim. Ancaq zorla hakimiyyəti dəyişməyin (mən ümumiyyətlə zorakılığa qarşıyam) əleyhinəyəm. 1993-cü ilin iyununda, 1994-cü ilin oktyabrında da eyni pozisiyadan çıxış edirdim. Heydər Əliyevin gedib, onun yerinə Cavadov qardaşlarının gəlməsi Azərbaycanın ən böyük fəlakəti olardı. Ölkə real müstəqilliyini itirərdi. Rövşən Cavadovun elə bir istəyi də yox idi. Ümumiyyətlə, heç bir liderlik keyfiyyətinə malik olmayan, qardaşının sayıqlamalarına inanan, Türkiyənin bəzi dairələrinin subyektiv fikirlərini analiz etməyi bacarmayan bir şəxs necə sistem yarada bilərdi, bu, qeyri-ciddidir. Mən bir il yarımdan sonra getməmək üçün müəyyən tədbirlər görə bilərdim, sözsüz dinc yolla, ancaq bunu etmədim, bu da buraxdığım ən böyük səhvlərdən biridir.
 
- O zaman Cavadovla siyasi müxalifətin əlaqələri var idi? Sizlərdə müxalifətin “OMON”-a dəstək verməsi ilə bağlı xəbərlər, faktlar var idi? 
- Qeyd etdiyim kimi, o vaxtkı və indi də fəaliyyətdə olan bir çoxları Cavadovla telefon danışıqlarında iştirak ediblər. Sözsüz, bizim bunlardan xəbərimiz var idi. Hakimiyyətə gəlmək arzusunda olan bəzilərinin bu sadəlövh, primitiv adamın qarşısında məddahlıq etmələri məndə ikrah hissi doğururdu.
- Rövşən Cavadov yaradılacaq Dövlət Şurasında Elçibəy və Mütəllibovun təmsilçiliyini tələb edirdi. Nədən? Bəlkə bu şəxslər ona gedən proseslərdə dəstək verirdilər? “OMON” hadisələrində Rövşən Cavadovu çıxıb, digər iştirakçıları bağışlamaq mümkün deyildimi? Niyə başqa yola əl atıldı? 
- Rövşən Cavadovun yaradacağı Dövlət Şurasında Mütəllibovun (Rusiyanın nümayəndəsi) Elçibəyin (Türkiyənin təmsilçisi) olması tələbi sözsüz həm ağaları, həm də adları çəkilənlərlə razılaşdırılmışdı. Ancaq onların iştirakı kukla iştirakı olmalı idi. Baş prokuror qardaşı, ölkənin bütün silahlı qüvvələrinin baş komandanı Rövşən Cavadov olmalı və bu yolla idarə etməli idilər. Əlbəttə, belə bir rejim işləyə bilməzdi. İlk növbədə məhdud ağıllı Cavadovların idarəçiliyi zorakılıq üzərində qurulacaqdı. İkincisi, Türkiyə ilə Rusiyanın maraqları toqquşacaq və ölkədə yeni vətəndaş müharibəsi başlayacaqdı.

Azərbaycanda dövlət çevrilişinə cəhd olacağı xəbərini Heydər Əliyevə Süleyman Dəmirəl 14 mart günü çatdırmışdı”

 
- Hazırda həbsxanalarda 3 ömürlük “OMON”-çu məhbus qalıb. Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov... 
- Cavadovların məğlubiyyətindən sonra döyüşdə iştirak etmiş «OMON»çulara qarşı çox da ağır cəzaların verilməməsini tələb edirdim. Düşünürdüm ki, bir çoxları, sadəcə olaraq, cavanlıqdan, savadsızlıqdan hadisələrə düzgün qiymət verə bilməyiblər. Onların həyatını məhv etmək lazım deyildi. Həmin ömürlük zindanda oturanlardan Əmiraslanov bu gün yaşamasına görə mənə borcludur. O, Qarabağ müharibəsində başından ağır yara almışdı və ölməyə məhkum idi. Onu Avstriyaya göndərib başında çox mürəkkəb cərrahiyyə əməliyyatları elətdirib yenidən həyata qaytarmışdım. Düzdür, sonralar mənim əleyhimə çox xoşagəlməz sözlər deyirdi, amma bu insanların hər üçünün azadlığa buraxılması düzgün addım olardı.

“Hakimiyyətdən getməmək üçün bəzi addımları atmamağım buraxdığım ən ciddi səhvlərdən biridir”

 
- “OMON” hadisələrində hakimiyyəti Türkiyənin Bakıdakı səfirinin uyarması barədə iddialar var. Əgər belədirsə, o zaman Türkiyə hökuməti Cavadovu niyə dəstəkləməli idi? 
- Türkiyə səfirliyi birbaşa dövlət çevrilişinin əsas iştirakçılarından biri idi. Keçmiş səfir Karamanoğlu bu işə rəhbərlik edirdi. Cavadov atdığı addımları onunla, o isə Ankara ilə razılaşdırırdı. O vaxtkı Türkiyə hökuməti neftdən onlara verilən payın az olduğundan narazı idi. Bu hadisələr baş verəndən bir neçə ay sonra Süleyman Dəmirəl iki ölkə arasında əlaqələri qaydaya salmaq üçün Heydər Əliyevdən Tansu Çillərin Azərbaycana səfərinə razılıq aldı, guya arada heç bir şey olmayıb, dostluq, qardaşlıq davam edir. Tansu Çillər mənə onun planlarını dağıtmış adam kimi nifrətlə baxırdı. Sözsüz, mən də öz münasibətlərimi o qədər də gizlətmək niyyətində deyildim.
 
- Elçibəy hakimiyyətinin devrilməsində Rusiyanın təsirinin olması barədə iddialar var. O zaman Rusiya Cavadovu dəstəkləməklə nəyə nail olmaq istəyirdi? 
- Rusiya Cavadovu dəstəkləmirdi, onun əli ilə öz adamını gətirmək və sonradan hakimiyyəti tamamilə ələ almaq istəyirdi. Və son nəticədə neft kontraktını pozub sonra yenidən öz xeyrinə həll etmək istəyirdi.
- “OMON” hadisələrində Türkiyənin də əlaqəsinin olduğunu dediniz. Həmin dövrdə Türkiyə ilə Azərbaycan hakimiyyətlərinin yaxın əlaqələri var idi. Bu necə mümkün ola bilərdi? Neft amili onları bizə qarşı qoymuşdu? 

Tansu Çillər mənə onun planlarını dağıtmış adam kimi nifrətlə baxırdı”

- Türkiyə ilə Azərbaycan hakimiyyətinin normal əlaqələri var idi. Eyni əlaqələr Rusiya ilə də mövcud idi. Əgər siz yaxın əlaqələr dedikdə türk hərbiçilərinin Azərbaycan əsgərlərini hazırlamasını nəzərdə tutursunuzsa, bu, doğrudur. Ümumiyyətlə, türk generalları və zabitləri əhval-ruhiyyələri çox yüksək olan qeyrətli və namuslu insanlar idi. Sözsüz ki, bu çevrilişin tərəfdarları, izah etdiyim kimi, Türkiyə hökuməti deyildi, baş nazir Tansu Çillər və onun ətrafında olan bəzi insanlar idi. 
Azərbaycanda dövlət çevrilişinə cəhd olacağı xəbərini Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəl Heydər Əliyevə 14 martda çatdırmışdı. O dövrdə Dəmirəllə Çillər bir-birilərinə düşmən pozisiyada dayanmışdılar, baxmayaraq eyni partiyadan idilər. Hərbçilər isə tam müstəqil siyasət aparırdılar.
скачать dle 12.1
Xəbər lenti