“Ermənistanın xahişilə atəşkəs xəyanət idi”

10-05-2016, 20:37
0
“Ermənistanın xahişilə atəşkəs xəyanət idi”

«Növbəti dəfə torpaqlarımızı işğaldan azad etmək fürsəti qaçırıldı»

«Qərbdən fərqli olaraq, Rusiyanın Azərbaycanın daxili işinə qarışması sükutla qarşılanır»

Gözəl Bayramlı: «Asif Yusifli və Qadir Xudabəxhiyevin həbsdə saxlanması hakimiyyətin real siysətini göstərir»

Gündəmin əsas mövzularından biri aprelin əvvəlində başlayan iri miqyaslı hərbi əməliyyatların dövlət başçısı Ilham Əliyevin göstərişi ilə dayandırılmasıyla bağlı oldu. I.Əliyev bəyan etdi ki, atəşkəs Ermənistanən xahişi ilə bərpa edilib. Niyə belə qərar verildi? Bu və başqa suallarla AXCP sədrinin müavini, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gözəl Bayramlıya müraciət etdik.

– Dövlət başçısının həmin açıqlaması haqlı olaraq cəmiyyətdə böyük təpki ilə qarşılandı. Əgər doğrudan da bu belədirsə və torpaqlarımızı işğaldan azad etmək uğrundakı uğurlu döyüş əməliyyatları düşmən ölkənin xahişi ilə dayandırılıbsa, onların xahişi ilə atəşkəs bərpa edilibsə, bu, milli maraqlarımıza xəyanətdir, şəhidlərimizin ruhuna hörmətsizlikdir. Biz düşməni torpaqlarımızdan çıxarmaq, torpaqlarımızı işğaldan azad etmək haqqına sahibik və heç bir diktə qəbul etməməliyik. Hansı haqla işğalçı dövlət bizdən atəşkəsi bərpa etməyi xahiş edə bilər? Hardan alıb onlar bu cəsarəti? “Üç günlük savaş”da ordumuz döyüş əzmini nümayiş etdirdi, düşmənə sarsıdıcı zərbələr vurdu. Bütün bunlar düşmən cəbhəsində böyük çaşqınlıq yaratdı, onlar geri çəkilməyə məcbur oldular. Təbii ki, düşmən tərəfə özünə gəlmək üçün vaxt lazım idi ki, toparlanıb yenidən hücuma keçsinlər. Hər gün Ermənistan tərəfin atəşkəsi pozması, yaşayış məntəqələrimizi atəşə tutması bunu sübut edir. Iki yüzə yaxın yaşayış evi dağıdılıb, insanlarımız öz vətənində faciə yaşayır.

Bir daha təsdiqlənnir ki, ordumuza hücumları durdurmaq əmri vermək yanlış idi. Təəssüflər ki, hakimiyyət atəşkəsi bərpa etməklə düşmənə özünə gəlmək şansı verdi. Növbəti dəfə isə torpaqlarımızı işğaldan azad etmək fürsəti qaçırıldı.

Əliyev Rusiyanın adını çəkməyə qorxur

– O da bəllidir ki, atəşkəs Rusiyanın təkidi ilə elan olundu. Amma dövlət başçısı Rusiyanın adını çəkmir. Niyə Ilham Əliyev Rusiyanın adını çəkməkdən çəkinir?

– Dövlət başçısının məlum açıqlamasına qədər atəşkəsin Rusiyanın təkidi ilə elan olunduğu hər kəsə bəlli idi. Bu gün də mövqeyim belədir və atəşkəsin Rusiyanın təkidi ilə bərpa olunması qənaətindəyəm. Hakimiyyətdə belə bir hakim mövqe var ki, bu məsələdə Rusiyanın adı hallanmamalı, heç bir halda kimsə bunu ifadə etməməlidir. Bunun bir səbəbi ehtiyatlılıqdırsa, digər səbəbi də Rusiyanın Azərbaycan hakimiyyətindəki “5-ci kolonu”nunun xidmətləridir. Ilham Əliyev də eyni mövqeyi bölüşür və bu səbəbdən Rusiyanın adını çəkmək istəmir. Halbuki bu münaqişədə Rusiya hər zaman Ermənistanın yanında olub, ona hərtərəfli hərbi yardım göstərib, silah-sursatla təmin edib və bu gün də belədir. Rusiya regionda öz mövqeyini möhkəmləndirmək, təsir imkanlarını artırmaq üçün Ermənistandan istifadə etmək, onlara dəstək vermək siyasətini bu gün də davam etdirir. Dünya dövlətləri, nüfuzlu beynəlxalq strukturlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıdığı, bunu müxtəlif qətnamələr, qərarlar formasında ifadə etdiyi halda indiyə qədər Rusiyanın belə mövqeyinin şahidi olmamışıq. Sual olunur, o zaman nədən Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın tərəfini tutan, onu müdafiə edən, silahla təchiz edən Rusiyanın mövqeyi Azərbaycan üçün əsas olmalıdır?

“Rejim müxalifətin simasında düşmən obrazı yaradıb”

– Elə aktiv döyüşlər gedən bir zamanda Sərkisyan müxalifət lideri ilə görüşüb, məsləhətləşir. Daha sonra Ter-Petrosyan cəbhə bölgəsinə səfər edir. Amma bizdə nəinki bu addımlar atılır, əksinə, AXCP sədrinin evinin qarşısında aksiya təşkil olunur, müxalifətin yas mərasimində iştirakına belə imkan verilmir…

– Azərbaycanda vəziyyət tamam fərqlidir. Mövcud rejim müxalifətin simasında bir düşmən obrazı yaradıb və sahib olduğu bütün inzibati resursları daxili düşmən axtarışına yönəldib. “Üç günlük savaş” günlərində cəmiyyətdə hakim olan barış, birlik, ordumuza dəstəyin arxasından müxalifət liderinə, AXCP sədri Əli Kərimliyə qarşı təşkil olunan iyrənc kampaniya buna sübutdur. Milli birliyin yaradılması üçün çağırışlar edən, torpaqlarımızın işğaldan azad olunması üçün cəmiyyətin səfərbər olunmasına çalışan, bütün varlığı ilə ordumuzun yanında olduğunu bəyan edən Əli Kərimli təsadüfən hədəf seçilməyib. Baş verənlər onu sübut edir ki, Ilham Əliyev rejimi milli birliyin yaranmasında, insanların vətənpərvərlik duyğularının yüksək olmasında maraqlı deyil. Əgər belə olmasaydı, Əli Kərimli niyə hədəf seçilirdi ki? Savaş günlərində Əli bəyin milli birlik, döyüş ruhunun yüksəldilməsi, hamının vətən naminə birləşmək çağırışları niyə topla, tüfənglə qarşılanmalı idi? Çünki hakimiyyət Əli Kərimlinin mövqeyinin cəmiyyətdə müdafiə olunmasından narahat olmuşdu. Bütün bunlar ona görə idi və Əli Kərimlinin evinin qarşısındakı aksiyalar hakimiyyətin ən yüksək zirvəsindən təşkil edilmişdi, YAP tamamilə bu prosesə rəhbərlik edirdi. O aksiyaların maliyyələşdirilməsi belə nazirlərin, digər dövlət strukturlarının rəhbərlərinə tapşırılmışdı. Onların hamısı ifşa olundu, cəmiyyətin onlara qarşı sərt təpkisi oldu. Ölkənin nüfuzlu ziyalıları, cəmiyyətin müxtəlif təbəqələri bu kampaniyanı pislədi. Ilham Əliyev isə təşkilatçılardan bir neçə nəfərini şəxsən mükafatlandırdı, onlara vəzifə verdi və bununla da mesaj verdi ki, Əli Kərimliyə qarşı təşkil etdikləri aksiyalarda xüsusi rol alanlar onun diqqətindədir və mütləq mükafatlandırılacaqlar. Yəni bu ölkədə yaltaqlıq, üzə durmaq, ələbaxımlıq stimullaşdırılır. QHT Şurasının qrant dəstəyi ilə Əli Kərimlinin evinin qarşısında əllərində meqafon aksiyalara rəhbərlik edənləri də gördünüz.

Hakimiyyət təkcə bununla da kifayətlənmədi. Şəhidlərimizi son yolçuluğa uğurladığımız günlərdə Əli Kərimlinin, Cəmil Həsənlinin şəhidlərin dəfn mərasimində iştirakına belə hakimiyyət mane oldu, bir çox hallarda onlara bu mərasimlərdə iştiraka imkan verilmədi.

Ermənistanda isə həmin günlərdə Sərkisyan müxalifət lideri ilə görüşür, onun cəbhə bölgəsinə səfəri təşkil olunur, yəni bütün imkanlar milli birlik üçün səfərbər olunurdu.

Rusiyanın istəklərinə müqavimət yoxdur

– Ilham Əliyev və başqa hakimiyyət nümayəndələri tez-tez bəyan edirlər ki, heç kim bizim daxili işlərimizə qarışa bilməz. Amma nədənsə döyüş gedən ərəfədə Rusiyanın Azərbaycanın işlərinə qarışmasına bu cür reaksiya verilmədi…

– Avtoritar zehniyyətin idarə etdiyi ölkələrdə belə bir mövqe həmişə olub. Bu tamamilə yanlış, özünü sığortalamağa hesablanan, dünyadan təcridolma siyasətidir. Bunlar heç kim bizim daxili işlərimizə qarışa bilməz deyərkən, onu nəzərdə tuturlar ki, insan hüquqlarını pozacaqlar, rəqiblərindən qisas almaq üçün onları həbsə atacaqlar, beynəlxalq qurumların çağırışlarına məhəl qoymayacaqlar, siyasi məhbusları azad etməyəcəklər və buna görə heç kim bunlara söz deyə bilməz. Bunlar anlamaq istəmirlər ki, demokratik dəyərlər, insan hüquqlarının pozulması bir ölkənin daxili işi ola bilməz. Yəni bunların mövqeyi ondan ibarətdir ki, onları tənqid etmək olmaz, onların əməllərindən danışmaq olmaz, bunlar toxunulmazdır. Ancaq Rusiyanın Azərbaycanın daxili işinə qarışması ən yaxşı halda sükutla qarşılanır, bəzən də onların mövqeyi təbliğ olunur.

“Hakimiyyətin ”Qarabağ sevgisi” qazilərə münasibətdən görünür…”

– Qarabağa canı yanan adam ən azı Qarabağ qazilərinə münasibəti normallaşdırardı. Ən azı bir neçə gün əvvəl məhkəməsi olan Qarabağ qazisi, bədənində qəlpə gəzdirən Asif Yusifli azad edilərdi. Və ya başqa bir Qarabağ qazisi, AXCP üzvü Qadir Xudabəxşiyev sərbəst buraxılardı…

– Çox vacib mövzuya toxundunuz. Hakimiyyətin “Qarabağ sevgisi”nin bir göstəricisi də qazilərimizə olan münasibətdir. Bu münasibətin göstəricisidir ki, Qarabağ qazisi özünü yandırır, intihar edir, ağır vəziyyətdə yaşamağa məhkum edilir, hətta heç bir günahı olmadan, sırf siyasi mülahizələrlə həbsə atılır. AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusflinin başına gətirilənlər buna canlı misaldır. Asif Yusifli birinci qrup Qarabağ əlilidir, bundan əlavə keçirdiyi ağır avtomobil qəzasında sağlamlığına çox ciddi ziyan dəyib, 2 il yataq şəraitində müalicə olunub, bir neçə əməliyyat keçirib. Hakimiyyəti isə bütün bunlardan çox Asif bəyin siyasi mövqeyi, AXCP funksioneri olması, rejimi tənqid etməsi daha çox narahat edir və bütün bunlara görə ondan qisas alır. Ali Məhkəmənin Asif bəyi həbsdə saxlamaq qərarı da bu münasibətin məntiqi davamı idi.  Qarabağ əlili olan başqa bir partiya fəalımız Qadir Xudabaxşıyevin heç bir əsas olmadan həbs olunması və hələ də həbsdə saxlanması da bu siyasətin tərkib hissəsidir.

“Bir-birlərilə razborkaları da milyonlarla dolların üzərində qururlar”

– Bəlli oldu ki, neftdən gələn gəlir 120 milyard dolları ötüb. Amma hakimiyyət hələ də 14 min şəhid ailəsinə verilməli olan 11 min manatı “qan pulunu” ödəmir.

– Haqlısınız, neft və milyonlar səltənətində, neftdən gələn 120 milyard dollar gəlirdən 14 min şəhid ailəsinə 11 min manat “qan pulu” ödəməyə pul tapılmır, ancaq Avropa oyunları keçirməyə 8 milyard dollar tapılır, Formula-1 yarışlarının neçə il Azərbaycanda keçirilməsi üçün yüz milyonlarla dollar tapılır, xaricdə dəbdəbəli mülklər üçün pullar tapılır, müxtəlif korrupsiya layihələrini həyata keçirməyə pul tapılır. Bu rejimin nəinki şəhid ailəsinə, ölkə insanına münasibəti budur. Neftdən gələn 120 milyard dolların varlığını hakim ailə və bir qrup yaxın ətrafından başqa heç bir ölkə insanı öz həyatında, öz dolanışığında hiss etmədi. Bu gün də həmin siyasət davam edir. Elə bu günlərdə oxuduq ki, ADA fondu Vaşinqtonda 3,7 milyon dollara mülk alıb. Bunların siyasətinin mahiyyəti belədir – daha çox oğurlamaq, talan etmək, xalqa zülm etmək. Bir-biriləri ilə razborkaları da milyonlarla dolların üzərində qururlar.

Kağız üzərində olan səhiyyəmiz

– Bilirik ki, müalicədən gəlmisiniz. Ilham Əliyev bu yaxınlarda Ağsuda tibb mərkəzinin açılışında bəyan etdi ki, 5 min nəfər yüksək səviyyəli reabilitasiyadan keçib. Reallıq necədir? Gürcüstana müalicə almağa gələnlər çoxdurmu?

– Yəqin ki, Ilham Əliyev kağız üzərində olan, reallığı əks etdirməyən statistik rəqəmi ifadə edib. Elə bu günlərdə oxuduq ki, son 3 ayda Gürcüstana 700 min nəfər vətəndaşımız gedib. Bu rəqəmdə müalicə üçün Gürcüstana üz tutanların sayı əhəmiyyətli dərəcədədir. Orada səhiyyənin keyfiyyəti, qiymətlərin uyğunluğu insanlarımızı müalicə üçün oraya üz tutmağa vadar edir. Düşünürəm ki, dövlət başçısı 5 min nəfərin yüksək səviyyədə reabilitasiyadan keçməsi barədə rəqəmi ifadə etməkdənsə, nədən hələ Azərbaycanda tibbi sığorta sisteminin tətbiq olunmamasından danışsaydı daha yaxşı olardı. Əminəm ki, Azərbaycanda reabilitasiyaya ehtiyacı olanların sayı on minlərlərdir, sadəcə bunu reallaşdırmaq üçün imkan yoxdur. Yalnız tibbi sığortanın tətbiq olunması bütün insanlara bu imkanı yarada bilər. Yəni 5 min nəfərin reabilitasiya olunması ilə yox, tibbi sığortanı tətbiq edib bütün ölkə insanının sağlamlığına dövlət tərəfindən təminat verilməsi ilə öyünmək lazımdır. Bər-bəzəkli tibb mərkəzlərinin açılışında lent kəsmək hələ tibbin inkişafı demək deyil. Müalicə üçün Irana, Türkiyəyə, digər ölkələrə gedənlərin sayı bunu sübut edir.

“Saxta seçki, saxta rəy hakimiyyəti”

– 2.5 milyon nəfərin banka borcu olduğu, 1.5 milyon nəfərin zamin olduğu, pensiyaçıların vəziyyətinin ağır olduğu bir dövlətdə dövlət başçısının reytinqi necə 97 faiz ola bilər RƏY sorğu Mərkəzinin bu sorğusu nə dərəcədə realdır? Hökumət maliyyə böhranı ilə əlaqədar olaraq xaricdə təhsilə pul ayırmağı dayandırdı. Bu addımı necə dəyərləndirmək olar?

– Adıçəkilən sorğunun reallıqla heç bir əlaqəsi yoxdur. MSK-nın keçirdiyi saxta seçkilər nə qədər realdırsa, bu sorğunun nəticələri də o qədər realdır. Azərbaycan xalqı 2013-cü ilin prezident seçkilərində mövqeyini kifayət qədər açıq ifadə edib və ATƏT seçkinin 55 faiz saxtalaşdırdığı barədə hesabatla bunu təsdiqləyib. Durub bunlardan sonra dövlət başçısının reytinqinin 97 faiz olması barədə danışmaq qeyri-ciddilik, cəmiyyəti aldatmaqdan başqa bir şey deyil. Hansı məntiqlə və sizin də sualda ifadə etdiyiniz kimi – 2.5 milyon nəfərin banka borcu olduğu, 1.5 milyon nəfərin zamin olduğu, pensiyaçıların vəziyyətinin ağır olduğu bir ölkədə dövlət başçısının reytinqinin 97 faiz olmasını iddia etmək olar. Bu qədər də absurd olmaz. Axı cəmiyyəti bu yalanlara inandıra bilməzsiniz və bilmirsiniz də.

скачать dle 12.1
Xəbər lenti