Ceyhun Musaoğludan maraqlı təklif, fərqli seçki təbliğatı anonsu

12-09-2015, 13:48
0
Ceyhun Musaoğludan maraqlı təklif, fərqli seçki təbliğatı anonsu

“Biz hər hansı namizədi yüksək səviyyədə təqdim edə bilərik” - unikal təklif 

 

“Biz layiqli namizədlərə dəstək olmağı düşünürük” 
Bu günlərdə Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu sosial şəbəkədə maraqlı təkliflə çıxış etdi. C.Musaoğlu statusunda aşağıdakıları yazıb: “Namizəd olmaq istəyən bir neçə şəxsin seçki şüarını oxudum. Bərbad. Ama gülmədim, lağ eləmədim, əksinə, onlara kömək etməyi lazım bildim. Elan edirəm: Jurnalist Ekspert Mərkəzi namizədlərə maraqlı, orijinal, diqqət cəlb edən seçki şüarı hazırlaya bilər. Təbliğat-təşviqat zamanı rəqibləri üstələmək istəyənlər JEM-ə mraciət etsin. Hər şüarın öz qiyməti olacaq. Bu qiymət namizədin sosial durumuna uyğun olaraq dəyişəcək. Yəqin ki, cüzi miqdar olacaq. Çünki məqsəd pul qazanmaq yox, seçki mühitini cazibədar etməkdir. Unutmayaq: seçki mübarək prosesdir". 
Xatırlatma: JEM-in sədri Ceyhun Musaoğlu 2005-ci ildə 45 saylı Abşeron seçki dairəsindən Milli Məclisə keçirilən seçkidə namizəd olanda özünə belə şüar seçmişdi: "Sən əlasan, əlanı seç!". Həm seçiciyə böyük önəm vermiş olursan, həm də özünə. Zatən seçki iki tərəfdən ibarətdir - özün və seçici”. 
Musavat.org bu məsələ ilə bağlı C.Musaoğlu ilə söhbətləşib. 
- Azərbaycanda namizədlər piar kampaniyasına xüsusi önəm vermirlər. Belə bir şəraitdə irəli sürdüyünüz təklifin rəğbət görəcəyini düşünürsüzmü?
- Piar kampaniyasına üstünlük verməyən namizəd, seçicinin səsini gözqamaşdıran və düşüncə aldadan üsullarla almağa məcburdur. Bu isə təbliğat və təşviqat zamanı qanun pozuntusudur. Məsələn namizəd yol çəkə bilməz, pul paylaya bilməz, bir sözlə, namizədin xeyriyyəçilik işləri ilə məşğul olması qadağandır. Belə namizəd parlamentə düşsə belə, bir neçə aydan sonra seçicinin etimadını doğrulda bilmir. Nəticədə mətbuatda susan, yatan deputatlar sırasında öncül yerlərdən birinə layiq görülür. 
Yəni namizəd seçicini həqiqət çərçivəsində özünə cəlb etməlidir. İntelektual, vətənpərvər, gözü tox, millət sevgisinə malik olduğunu göstərməlidir. Bütün bunlar isə onun seçdiyi şüarda, hazırladığı platformada, etdiyi çıxışlarda, davranışlarında əksini tapmalıdır. Maraqlı danışan, orijinal düşünən, insanlığı sevən namizədi xalq necə sevməyə, özünün deputatı görmək istəməyə bilər? Əlbəttə ağıllı olmaq şərtdir. Ağıl isə yazılarda, mətinlərdə daha şəffaf görünür. 
 - Belə bir xidmət təklif etmək ideyası necə yarandı?
-  O adamlardanam ki, düşünmədiyim saniyə belə yoxdur. Həm də xarakter etibari ilə fərqlənməyə çalışanlardanam. İstəyirəm elə iş görüm ki, başqaları bunu etməmiş olsun. Təkrarı sevmirəm. Ötən parlament seçkisində rəhbərlik etdiyim Jurnalist Ekspert Mərkəzi namizədin daha dəqiq təqdim olunması təklifini irəli sürdü. Konkret bəyan etdim ki, biz hər hansı namizədi yüksək səviyyədə təqdim edə bilərik. Çünki deputatlığa namizəd olanlar arasında danışa bilməyən, fikrini ifadə etməyin bacarmayan, xarizması ilə seçicidə xoş hiss yaratmayanları da var. Amma onların iş görməyi bacarmayan olduğunu, özündə insanlara qarşı sevgi hissi daşımadığını düşünmək düzgün olmazdı. İlkin təsəvvür adamı aldada bilər. Bir sözlə, biz seçiciyə seçimində daha dəqiq olmasına kömək etmək istəyirdik.  Bu dəfə də eyni istəkdəyik. Seçki mübarək prosesdir. Bu prosesin sönük keçməməsi, dünyanın diqqətini yaxşı mənada cəlb etməsi vacibdir. Həm də cəmiyyətə bir daha aydın olsun ki, intellektuallıq vacib prinsipdir və  insanlar intellektualların söz sahibi olmasına çalışsınlar. 
-  Təbii ki, məsələnin maddi tərəfləri də önəmlidir. Hər şüar üçün nə qədər ödəniş tələb edirsiz?
- Namizədin sosial vəziyyətindən asılı olaraq, qiymətlər dəyişə bilər. Əsas pul deyil, əsas seçki prosesini canlandırmaq, seçicini maarifləndirmək, namizədin məsuliyyət hissini artırmaqdır. Təbii ki, xidmət varsa, onun əməyi də qiymətləndiriləcək. Artıq namizəd olmaq istəyən tanınmış xanım dostlarımdan birinə seçki şüarı hazırladıq. Düzdür ondan pul almadıq, amma kömək edə bildiyimiz üçün elə əməyimizin haqqını almış kimi olduq. 
- Namizədlərdən kiməsə məhdudiyyət qoyacaqsızmı? Siyasi mənsubiyyətinə və ya da personasına görə...?
- Siyasi mənsubiyyətinə görə yox, ancaq personasına görə hə. Seçicini cazibədar şüarlarla aldatmaq da mümkündür. Biz layiqli namzədlərə dəstək olmağı düşünürük.
скачать dle 12.1
Xəbər lenti