Həkim-fizioterapevt Təranə Məmmədova: "Fizioterapiya profilaktika vasitəsidir"

8-09-2023, 10:20
347
Həkim-fizioterapevt Təranə Məmmədova: "Fizioterapiya profilaktika vasitəsidir"

- Bildiyiniz kimi, sentyabrın 8-i Ümumdünya Fizioterapiya Günüdür. Təranə xanım, Beynəlxalq günün tarixi haqqında qısa məlumat verərdiniz...

- 1951-ci ilin sentyabrında dünya əhalisi arasında sağlamlığa qayğı və onun qorunması barədə məlumatlılıq səviyyəsini artırmaq məqsədilə Kopenhagendə Beynəlxalq Fizioterapiya Konfederasiyası yaradılıb.

1996-cı ildə Ümumdünya Fiziki Terapiya Konfederasiyası həmin günü Ümumdünya Fizioterapiya Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib.

- Hansı xəstəliklərin müalicəsində fizioterapiyadan istifadə olunur?

- Müasir dövrdə fizioterapiya tibbin əvəzolunmaz sahəsidir. Fizioterapiya ağır xəstəliklərdən sonra orqanizmin bərpa prosesində mühüm rol oynayan, həmçinin müxtəlif xəstəliklərin kəskinləşməsindən qorunmağa kömək edən müalicə və profilaktika vasitəsidir.

Fizioterapiya zamanı günəş şüası spektrləri, elektrodalğaları, maqnit və ultrasəs dalğalarını müxtəlif aparatlardan istifadəsi nəzərdə tutulur. Eyni zamanda, fizioterapiya müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Bu xəstəliklərə həzm orqanları xəstəlikləri, sinir sistemi, tənəffüs, ginekoloji, urolojı, cərrahi, oynaq xəstəlikləri və s. xəstəliklər aiddir.

- Doktor, əzələ boşluğu zamanı fizioterapiya müalicəsi tətbiq olunurmu?

- Əzələ boşluğu dedikdə, miasteniya xəstəliyi nəzərdə tutulur. Miasteniya autoimmun mənşəli sinir əzələ keçriciliyinin pozğunluğu nəticəsində eninəzolaqlı əzələlərin süstlüyü ilə xarakterizə olunan xroniki proqresivləşən xəstəlikdir.

Fizioterapiya müalicəsi xəstəliyin yüngül formasında və ümumi möhkəmləndirici sinir əzələ keçriciliyini nisbətən bərpa etməsi məqsədilə tətbiq edilir.

Fizioterapiya prosedurlarına aiddir:

• elektrofarez (prozerin, vitamin B1);

• UBŞ (ultrabənövşəyi şüalar);

• hidroterapiya (mirvari vanna);

• MBT (müalicəvi bədən tərbiyəsi).

- Hansı xəstəliklərin fizioterapevtik müalicəsi pasienti cərrahi müdaxilədən xilas edir?

- Fizioterapiyanın qeyri–invaziv üsullarla aparılması onun üstünlüyündən xəbər verir. Bu müalicə metodu ilə xroniki xəstəliklərin remissiya dövrünün uzadmaqla, bilavasitə patolojı proses nahiyəsinə təsir göstərmək mümkündür.

Fizioterapiya kursundan sonra müalicənin effekti nəinki uzun müddətli (1-6 ay), hətta daha çox qalır.

Bir çox xəstəliklərin ilkin dövründə müraciət edildiyi halda, cərrahi müdaxiləyə ehtiyac yaranmır və fizioterapiya ilə sağalmaq ehtimalı artır.

Hazırda geniş yayılmış xəstəliklərdən biri də fəqərələrarası disk qabarması və yırtığıdır. Kiçik fəqərələrarası disk yırtığının yerləşməsi, foraminal, yəni sinirin kanalardan çıxan dəliklərində ola bilər. Bu da kəskin ağrılarla müşahidə olunur. Belə hallarda xəstəyə cərrahi müdaxilə göstərişdir.

- Uşaq və yeniyetmələrdə sümük sağlamlığı hansı yaş aralığında daha önəmlidir? Bu yaş aralığında qidalanmada nəyə diqqət edilməlidir?

- Kalsium və fosfat duzlarının çökməsi nəticəsində minerallaşan sümük öz struktur möhkəmliyini yaradır. Döldə sümüyün 1/3 hissəsinin mineralaşması hamiləliyin üçüncü ayında bətndaxili baş verir.

Doğuşdan başlayaraq yetkinliyədək (orta hesabla qızlar üçün 12,5 yaşa, oğlanlar üçün isə 14 yaşadək) sümüyün mineral tərkibi 40 dəfə artır. 18 yaşında isə sümük kütləsi təxminən 90% artır. Sümüklərin saglamlığı səhhətin ümumi vəziyyəti üçün çox vacibdir.

Mütəmadi olaraq fiziki təlimlər, balanslaşdırılmış pəhriz, zərərli vərdişlərdən imtina:

• bədən üçün dayaq olaraq onun hərəkətliyini təmin edir;

• əsas mineral deposu kimi fəaliyyət göstərir;

• hətta böyüklərdə sümük öz inkişafını dayandırmır. Əksər böyüklərin skeleti hər 10 ildən bir bərpa olunur.

Valideynlərə uşaqlara şəxsi gigiyena qaydaları haqqında anlayış aşılamağı tövsiyə olunur. Eyni zamanda, uşaqlar mütəmadi olaraq açıq havada gəzməlidirlər. Belə ki, insan orqanizmində D vitamininin 90%-i günəş işığının təsiri altında dəri altında sintez olunur. Əgər dəriyə günəş şüası düşmürsə, o zaman D vitaminin hasilati zəif olur.

Sümüyün möhkəmlənməsinə və quruluşuna kömək edən əsas qidalara aiddir:

• kalsiumla zəngin olan qidalar. Süd, qatıq və pendir kimi məhsullar sümüyün gücünə və quruluşuna mükəmməl kömək edən kalsium mənbəyidir;

• qoz, findıq məhsulları sümüklərin möhkəmliyinə kömək edir;

• çia toxumu, kətan, balqabaq, küncütdən üyüdülmüş şəkildə istifadə çox faydalıdır;

• tərəvəzlərdən brokoli, kələm və ispanaq ən yaxşı qida növü hesab olunur;

• paxlalı bitkilər sümüklər üçün ən yaxşı qidalandırıcı santral bitki yeməyidir;

• balıq növləri D vitamini ilə zəngindir.

- Bəzi pasientlər həkim təyinatı olmadan ev şəraitində müxtəlif idman hərəkətləri edirlər. Hansı xəstəliklərdən əziyyət çəkənlər və ya özündə hansı narahatçılığı hiss edənlər bundan çəkinməlidirlər?

- Qeyd etmək istəyirəm ki, yoqa, pilates və fitnes proqramlarında təcrübəsiz insanlar üçün tövsiyə olunmayan hərəkətlər var. Təəssüflər olsun ki, əksər hallarda insanlar yalnız kəskin ağrılar zamanı həkimə müraciət edirlər.

İdman müalicə növüdür, eyni zamanda idman fərdi şəkildə planlaşdırılmalıdır. Xüsusi ilə dayaq hərəkət sistemi xəstəliklərində (skolioz, kifoz, fəqərələrarası disk yırtığında) daha diqqətli olmağınız tövsiyə olunur.

скачать dle 12.1
Xəbər lenti