“O ki qaldı sülh sazişinin imzalanma mərasiminin keçiriləcəyi yerə, bu, önəmli deyil”“İndi biz təklif edirik ki, sülh sazişinin imzalanma mərasiminin yeri və tarixini müəyyən etmək üçün məsləhətləşmələr başlasın”.Bunu Türkiyə mediasına müsahibəsində Azərbaycan və Ermənistanın arasındakı danışıqlar barədə suala cavab verən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan
bildirib. O deyib ki, sülh sazişi artıq imzalanmağa tam hazırdır.
“Biz sülh sazişinin mətnini razılaşdıra bilmişik və o, imzalanmağa tam hazırdır. Bu, kifayət qədər nailiyyətdir. Bu, mən deyərdim, tarixi hadisədir, görünməmiş bir hadisədir. Təsəvvür edin ki, Ermənistan və Azərbaycan uzun illər davam edən münaqişələrdən, bölgəmizdə gördüyümüz qandan sonra biz bacardıq, mətni razılaşdırmağa müvəffəq olduq. İndi biz təklif edirik ki, imzalanma mərasiminin yerini və tarixini müəyyən etmək üçün məsləhətləşmələr başlasın”.Xarici işlər naziri sülh sazişinin imzalanmasının yerinə gəlincə bildirib ki, bunun o qədər də önəmi yoxdur.
“O ki qaldı tədbirin keçiriləcəyi yerə, bilirsiniz, önəmli deyil. Bunu Ermənistanla Azərbaycan sərhədində imzalamaq fikri var. Öz xidmətlərini təklif edən bir neçə başqa paytaxt şəhər də var. Mən heç nəyi istisna etmirəm. Məndə belə bir təklif yoxdur. Mən heç nəyi istisna etmirəm”.Ararat Mirozyan eyni zamanda deyib ki, Azərbaycanda məsələyə bir az fərqli münasibət var.
“Azərbaycanda məsələyə bir az fərqli münasibətin olduğunu görürük. Onlar hesab edirlər ki, Ermənistan imzanın mümkün olması üçün başqa işlər görməlidir. Məsələn, ATƏT-in Minsk qrupunun buraxılmasını qeyd edirlər. Bizim cavabımız ondan ibarətdir ki, biz ATƏT-in Minsk Qrupunun buraxılması prosesinə başlamağa tam hazırıq. Anlayırıq ki, əgər münaqişə yoxdursa Minsk Qrupuna da ehtiyac yoxdur. Amma biz, əgər belə desəm, münaqişənin institutsional sona çatmasını, yəni sülh müqaviləsinin imzalanması və ratifikasiyasını görməliyik. Ona görə də biz azərbaycanlı həmkarlarımıza təklif etdik ki, eyni gündə iki sənəd imzalansın. Birincisi, sülh müqaviləsi, ölkələrimiz arasında sülh sazişi, ikincisi, Minsk Qrupunun ləğvi prosesinə başlamaq niyyətimiz barədə ATƏT-in müvafiq katibliyinə birgə müraciətimiz”.“Həmçinin azərbaycanlı həmkarlarımız Ermənistan Respublikasının Konstitusiyasına davamlı olaraq istinad edirlər. Konstitusiyamıza dəyişiklik edilməsini tələb edirlər. Onlar deyirlər ki, Konstitusiyamızda onun müqəddimə hissəsində bizim Müstəqillik Aktımıza istinad var– bu doğrudur. Orada onların ərazi bütövlüyünə qarşı ərazi iddiamız var – bu bir az doğru deyil. Çünki İstiqlal Bəyannaməsi Aktımızın yalnız Konstitusiya mənasında hərfi mənada qüvvədə olan hissələri var. Üstəlik, imzalayacağımız müqavilə də məsələyə toxunur”, – Ermənistanın xarici işlər naziri bildirib.
O deyib ki, sülh sazişi layihəsində Azərbaycan və Ermənistan Sovet Sosialist Respublikaları kimi o vaxt ölkələrimiz arasında mövcud olan sərhədlər daxilində bir-birimizin ərazi bütövlüyünü tanıyırıq, sonradan həmin sərhədlər beynəlxalq səviyyədə tanınmış sərhədlərə çevrilib. Onun sözlərinə görə, bu, Azərbaycan tərəfinin narahatlığına tam cavab verir.
“Biz rəy almaq üçün Konstitusiya Məhkəməsinə müraciət etməliyik. Bu, bizim hüquqi prosedurumuzdur. Deməli, Konstitusiya Məhkəməsi deyirsə ki, bu hökm, bu müddəa Konstitusiyamıza tam uyğundur – mən beynəlxalq səviyyədə tanınan Azərbaycan tərəfi üçün məqbul olan sərhədlərdən kənar ərazi iddiasının olmaması nəzərdə tuturam – Konstitusiya Məhkəməsi deyirsə ki, bu hökm, bu müddəa Konstitusiyamıza uyğundur, demək, məsələ yoxdur. Deməli, cavab, həll yolu sülh sazişindən kənarda deyil, sülh müqaviləsinin daxilindədir. Problemi həll etməyin ən qısa yolu isə bu sülh müqaviləsini imzalamaq və ratifikasiya etməkdir. Eyni zamanda onu da deyə bilərəm ki, təbii ki, nəzəri cəhətdən Konstitusiya Məhkəməsinin mənfi nəticə verməsi ehtimalı var: deyirlər ki, bu, Konstitusiyaya uyğun deyil. Amma deməyə tutarlı əsasım var ki, çox güman ki, hə deyəcəklər, müsbət rəy verəcəklər”.Ararat Mirzoyan Azərbaycan Konstitusiyası ilə bağlı narahatlığını da dilə gətirib.
“Onların Konstitusiyasında Müstəqillik Aktına istinad var. Deməli, onlar öz Müstəqillik Aktında bəyan edirlər ki, bu Azərbaycan Respublikası sovet respublikasının deyil, ilk Azərbaycan (Demokratik) Cümhuriyyətinin varisidir. Sovet İttifaqından əvvəl mövcud olmuş ilk Azərbaycan Respublikası isə indiki Azərbaycandan qat-qat böyük ərazilər üzərində öz suverenliyini elan etdi. O, indiki Ermənistanın suveren ərazilərinin 60%-dən çoxunu əhatə edir. Yəni görürük, bizim öz qayğılarımız var, amma niyə davamlı olaraq bu məsələni qaldırmırıq? Çünki biz görürük ki, daha əvvəl dediyim kimi, Konstitusiyamızda məsələnin həlli sülh müqaviləsindədir. Biz onu imzalayırıq və məsələni həll edirik. Bu qədər”.Mirzoyan deyib ki, Ermənistanın hazırkı hökumətinin və Baş nazir Paşinyanın sülh proqramı Ermənistan cəmiyyətində tam dəstək tapır.
“Təbii ki, tənqid edənlər də var. Demokratiya belə işləyir. Demək istədiyim odur ki, bizdə fərqli şeylər deyən müxalifət yoxdursa, o zaman hansısa məsələdə cəmiyyətin inkişafını necə təmin edə bilərik? Amma ümumilikdə Ermənistan cəmiyyətinin əksəriyyətinin dəstəyinə sahibik. Parlamentdə də bizdə çoxluq var. Amma vaxt keçir və Ermənistan hökuməti normallaşma prosesinin real nəticələrini verməsə, hətta sülh gündəliyinə inananlar belə sualla çıxış edəcəklər”.Ararat Mirzoyan deyib ki, ABŞ-nın yeni administrasiyası sülh sazişinin mətni üzərində razılığa gəlmək barədə bəyanatları alqışlayıb. O bildirib ki, ABŞ-nin yeni administrasiyasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına maraq var. Sülh prosesində vasitəçilik barədə də söz açan Ermənistanın xarici işlər naziri bildirib ki, ikitərəfli danışıqlar formatı daha uğurlu nəticələr verib.
“Ermənistan-Azərbaycan danışıqlarının qısa tarixi göstərir ki, Rusiya Federasiyası kimi, ABŞ kimi, Avropa İttifaqı kimi, müxtəlif ölkələr kimi bir neçə vasitəçi, moderator olub. Amma Ermənistan-Azərbaycan danışıqlarının tarixi göstərir ki, biz ikitərəfli danışıqlar apardığımız zaman ən uğurlu danışıqlar gedib”.Xarici işlər naziri Ermənistan- Türkiyə münasibətlərinə də toxunub.
“Bizim Ermənistan-Türkiyə münasibətlərini tam şəkildə normallaşdırmaq niyyətimiz var, lakin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması tam həyata keçmədən bunu tam edə bilmərik. Beləliklə, bizim qavrayışımız, mənim şəxsi təsəvvürüm belədir ki, əgər biz digər tərəfdən başlasaq, Ermənistan-Türkiyə münasibətlərini tam şəkildə normallaşdıra bilsək, bu, şübhəsiz ki, Ermənistan-Azərbaycan münasibətlərinə öz müsbət təsirini göstərəcək. Amma bu elə bir məsələdir, hər kəsin öz cavabı var və bəli, bu barədə müxtəlif fikirlər var”. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib ki, Ermənistanla sülh sazişinin imzalanması prosesinin təşəbbüskarı məhz Azərbaycan olub. Onun sözlərinə görə, sülh sazişinin mətninin razılaşdırılması əhəmiyyətlidir:
“Sülh sazişi ilə bağlı prosesin tam yekunlaşması və onu imzalanma səviyyəsinə çatdırmaq üçün Ararat Mirzoyanla görüşdə Azərbaycanın legitim tələblərini bir daha Ermənistana xatırlatdıq. Ermənistan bunu yeni şərtlər kimi təqdim etmək istəyir. Lakin bu, belə deyil, biz bu tələblərin icrasını 2022-ci ildən Ermənistandan gözləyirik. Ermənistan Konstitusiyasında ərazi iddiaları məsələsinin və lazımsız qurum olan Minsk qrupunun ləğvinin vacibliyi bir daha Ermənistanın diqqətinə çatdırıldı”, – Azərbaycanın xarici işlər naziri isə belə deyib.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.
2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.
скачать dle 12.1