Cəmil Həsənlinin qızının işində yenilik

29-09-2015, 01:00
0
Cəmil Həsənlinin qızının işində yenilik

Günel Həsənlinin işi üzrə yenidən ekspertiza keçiriləcək

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şikayəti üzrə təkrar məhkəmə-tibbi ekspertizası keçiriləcək. Dünən Bakı Apellyasiya Məhkəməsində Günel Həsənlinin vəkili Adil İsmayılovun vəsatəti əsasında bu barədə qərar qəbul olunub.

Təkrar ekspertizanın keçirilməsi barədə vəsatət qaldıran vəkil bildirib ki, Günel Həsənlinin cinayət məsuliyyətinə cəlb olunub məhkum edilməsi üçün əsas sübut kimi tibbi ekspertizanın rəyinə istinad olunub. Halbuki, bu rəy çoxsaylı qanun pozuntuları ilə əldə olunmaqla yanaşı, həm də məzmunu natamam, ziddiyyətli və qərəzlidir. Bu səbəbdən də mötəbər sübut kimi qəbul oluna bilməz: “İstər ibtidai istintaq zamanı ekspertiza təyin edilərkən, istərsə də ekspertiza aparılarkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulub. Rəydə ekspertin gəldiyi nəticənin obyektivliyini şübhə altına almağa imkan verən kifayət qədər ziddiyyətli məqamlar var.

Eyni iş üzrə, eyni şəxs barəsində ekspertiza təyin edilməsi barədə iki qərar və eyni ekspert tərəfindən verilmiş iki rəyin olması qanuna ziddir. Eyni ekspertin verdiyi bu iki rəy arasında da ziddiyyətlər var. Birinci rəydə göstərilir ki, Ədilə Səlimovanın bədəni üzərində olan xəsarətlər – sol diz və aşıq baldır oynaqların hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağı, sol baldır və sol ayaq pəncəsi nahiyələrinin hematomalarıdır. İkinci rəydə isə buraya hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının hemartrozu əlavə edilir. Təkcə bu fakt özlüyündə rəyləri şübhə altına almaq və təkrar məhkəmə tibb ekspertizası keçirilməsi üçün kifayət qədər əsas verir.

Ədilə Səlimovanın ekspertizadan könüllü və ya məcburi qaydada keçməsi aydın deyil.

Ekspert rəylərində tibbi sənədlərə, konkret olaraq Respublika Klinik xəstəxanasının rentgenoloji rəyinə, çəkilmiş rentgenoqrama istinad edir. Ekspertiza təyin edilməsi barədə qərara əsasən, ekspertə ümumiyyətlə, heç bir sənəd təqdim olunmayıb. Bu isə o deməkdir ki, ekspert bu sənədləri qanunsuz əldə edib. Çünki qanun ekspertə məhkəmə ekspertizasını aparmaq üçün müstəqil olaraq material toplamağı qadağan edir.

Rəylərin məzmunundan görünür ki, hətta ekspertin qanunsuz olaraq istinad etdiyi tibbi sənədlərlə onun gəldiyi nəticə arasında ziddiyyət var. Bu sənədlərə əsasən, Ədilə Səlimovanın sağlamlığı nəinki uzun, heç qısa müddətə də pozulmayıb.

Məhkəmə iclasında izahat verən Ədilə Səlimova bu hadisədən bir neçə il əvvəl sol ayağını yıxılaraq sındırdığını bildirdi. Amma məhkəmə tibb ekspertizasının rəyində Səlimovanın sol ayağında sınıq olması öz əksini tapmayıb. Bu isə ekspertin araşdırdığı rentgenoqrammanın Ədilə Səlimovaya  məxsusluğunu ümumiyyətlə, şübhə altına alır”.

Əflatun Qasımovun sədrlik etdiyi hakimlər heyəti təxminən on dəqiqəlik müşavirədən sonra vəsatətin qismən təmin olunduğunu və təkrar məhkəmə-tibbi ekspertizasının təyin edildiyini açıqlayıb.

Bu səbəbdən də Günel Həsənlinin işi üzrə məhkəmə prosesi ekspertizanın rəyi məlum olunana qədər təxirə salınıb.

Xatırladaq ki, Yasamal rayon Məhkəməsində bu il fevralın 22-də çıxarılan hökmə əsasən, Günel Həsənli yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İş üzrə zərərçəkmiş qismində tanınan 87 yaşlı Ədilə Səlimova isə həm məhkəmədə, həm də mətbuata açıqlamasında bildirib ki, hadisə zamanı o, özünü yaxşı hiss etmədiyi üçün müvazinətini itirərək yıxılıb və bu zaman Günel Həsənli avtomobili ilə ona yüngülcə toxunub. Sürücü daha sonra onu həkimə aparıb və rentgen müayinəsi zamanı hər hansı çıxıq, sınıq, əzik qeydə alınmayıb.

Yerli və beynəlxalq ictimaiyyət Günel Həsənlinin atasının siyasi fəaliyyətinə, hakimiyyətin ünvanına səsləndirdiyi sərt tənqidi fikirlərinə görə cəzalandırıldığını bəyan edib.

скачать dle 12.1
Xəbər lenti