Seçkilərlə bağlı rüsvayçı mənzərə yaranıb

7-10-2015, 16:16
0
Seçkilərlə bağlı rüsvayçı mənzərə yaranıb

Parlament seçkilərində montyor, rəngsaz, anbardar, maşinist, meşəbəyi və s. bu kimi "ciddi rəqiblər" var.

 

 

Hakimiyyət parlament seçkilərində rüsvayçı mənzərə ilə üzləşib. Seçkilərin alternativ şəraitdə keçdiyi görüntüsünü yaratmaq isə iqtidar ən müxtəlif peşə adamlarının namizədliyini qeydə almaq məcburiyyətində qalıb və bu da indidən 1 noyabrda keçiriləcək parlament seçkilərinin əvvəlkilərdən daha biabırçı formada olacağını demək üçün əsas yaradıb.
 
Qeydə alınan namizədlərin siyahısına baxmaq kifayətdir ki, hakimiyyətin hansı vəziyyətlə üz-üzə olduğunu təsəvvür edəsən. Məsələn, 2 saylı Şərur seçki dairəsində namizədlərdən biri əmək müəllimidir. 4 saylı Naxçıvan şəhər seçki dairəsində mebel ustası bəxtini sınamaq istəyir. 8 saylı Binəqədi birinci seçki dairəsində namizədlər arasında fəhlə də var. 18 saylı Nərimanov-Nizami seçki dairəsində isə anbardar seçkiyə qatılıb. 99 saylı Şəmkir kənd seçki dairəsində Dəmiryol Stansiyasında bilet satan deputat olmağa iddialıdır.
 
98 saylı Şəmkir şəhər və 103 saylı Gədəbəy seçki dairələrində namizədlər arasında təsərrüfat müdirləri də var. 119 saylı Ağdam kənd seçki dairəsində uşaq bağçasının tərbiyəçisi seçki yarışına qoşulub. Namizədlər arasında rəngsaz olanlar da var. Nümunə kimi 118 saylı Ağdam şəhər seçki dairəsini göstərmək olar. Burada namizədlərdən biri “JEK”də rəngsaz işləyir.
 
117 saylı Oğuz-Qəbələ seçki dairəsində isə namizədlərin əksəriyyəti xəstəxana həkimləri və orta məktəb müəllimləridir. 114 saylı Şəki kənd birinci seçki dairəsində deputatlığa namizədlərdən biri baytardır.
 
109 saylı Balakən seçki dairəsində iddiasını ortaya qoyanlar arasında isə təssərüfat malları mağazasının satıcısı və oteldə inzibatçı işləyən də var. Hətta kabelçi də YAP-ın keçirəcəyi bu seçkidə bəxtini sınamaq istəyir. Həmin namizəd 95 saylı Tərtər seçki dairəsindədir. 91 saylı Ucar seçki dairəsində montyor mandata iddialıdır. Ən gülməli vəziyyət 90 saylı Ağdaş seçki dairəsindədir. Burada namizədlərdən biri meşəbəyi, başqa bir namizəd isə onun köməkçisidir.
 
87 saylı Ağsu-Ismayıllı seçki dairəsində namizədlərdən biri maşinist, 78 saylı Lerik seçki dairəsində seçkiyə qatılan namizədlərdən biri anbardar, 75 saylı Lənkəran-Masalli seçki dairəsində isə namizədlərdən biri qaz pulu yığandır.
 
Bir daha vurğulayaq ki, bu namizədlər qeydə alınıb. Əlbəttə ki, hər kəsin seçkidə iştirak etmək hüuquq var. Biz seçkiyə qatılan hər hansı vətəndaşımızı aşağılamaq niyyətində deyilik. Amma uzun illər Azərbaycanın siyasi səhnəsində külüng çalmış, cəmiyyət tərəfindən kifayət qədər yaxşı tanınan namizədlər qeydə alınmadığı təqdirdə, rəngsaz, anbardar, maşinist, montyorun qeydə alınmasının nədən xəbər verdiyi aydın deyilmi? Hakimiyyət müxalifəti seçkiyə buraxmamaqla işini asanlaşdırmaq istədi. Lakin seçkinin guya rəqabət şəklində keçdiyi görüntüsünü də yaratmaq lazım idi. Görüntü isə bu qədər rüsvayçı mənzərənin yaranmasına səbəb oldu.
скачать dle 12.1
Xəbər lenti