REAL seçkilərə gedir (namizədlərin siyahısı)

3-09-2015, 07:02
0
REAL seçkilərə gedir (namizədlərin siyahısı)

"Respublikaçı Alternativ” (REAL) Hərəkatının

2015-ci il 1 noyabr tarixdə keçirilməsi gözlənilən

Milli Məclis seçkilərində iştirakıyla bağlı

 

MƏTBUAT AÇIQLAMASI

Ölkədəki durumun demokratik seçkilərin keçirilməsinə imkan yaratmadığını anladığına, gerçək müxalif mövqenin açıq ifadəsinə görə təqiblərin olduğunu bildiyinə, çap və elektron məlumat vasitələrinin təsirli dərəcədə susdurulduğunu gördüyünə, siyasi məhbuslar probleminin acısını öz təcrübəsində çəkdiyinə, çətin coğrafi yerləşməni və ondan doğan risk və təhlükələri duyduğuna baxmayaraq, bölgəmizdə gedən geopolitik və geo-ekonomik prosesləri diqqətlə izləyərək, ölkəmizdə geniş anlamda baş verən mədəni düşüşdən rahatsız olaraq, REAL Hərəkatı qarşıdan gələn parlament seçkilərində iştirak etmək qərarına gəlib.

 

1.Sistemin çöküşə doğru getməsi.

İqtidar-müxalifət qarşıdurmasının bütün səviyyə və təzahürlərində legitim formalarını əngəlləyən bu sistem, iqtisadi və siyasi fürsətlərin inhisarı üzərində qurulmuş kliyentalist bir topaldır. Onun nəinki yeriməsi, artıq ayaqda qalması sual altındadır. Dayanaqsızlığı və davamsızlığı öncədən də bilinən bu sistemin təməli imtina etməyə bacarmadığı, ya da istəmədiyi sovet ətaləti oldusa, mayası müftə neft gəlirləri olmuşdur. Bu amillərin hər birisinin istismar dövrü bitmək üzrədir. Bundan sonra nə qədər sürəcəyi bilinməsə də, uzaq olmayan gələcəkdə çökəcəyi aydındır. SSRİ-nin anidən çökməsinə tam hazırlaşa bilməyən cəmiyyətimizin, sovetlərin varisi olan bu sistemin bir gün çökəcəyinə hazır olmamağa tarixi haqqı yoxdur. REAL Hərəkatı yarandığı gündən özünü hazırki siyasi sistemə alternativ sayır. Yaxın hədəflərimizdən biri – sistemin çökəcəyi gün ölkədə çağdaş çağırışlara hazır, anlaqlı siyasi çevrənin ayaqda durmasına nail olmaqdır. Belə bir çevrənin ardıcıl və təmkinli şəkildə inkişafı üçün, məhdud da olsa, mövcud hüquqi fürsətlərdən mümkün qədər yararlanmaqdır. Belə fürsətlərdən biri də seçkidir.

2.Mədəni düşüş.

Ölkəmizdə son illər ərzində getmiş proseslər, baş vermiş hadisələrnəticəsində siyasi mövzuların açılması, müzakirələrin aparılması, qərarların qəbulu və icrası, eləcə də etirazların ifadəsi sahəsində ciddi mədəni düşüş var. İctimai ünsiyyət fürsətlərinin təsirli dərəcədə qapadıldığı şəraitdə təhsil, elm, incəsənət kimi sahələr bir yana, siyasi səhnədə də mədəni örnəklərin azlığı təhlükəli hal alıb. ‘Hüququn üstünlüyü’ prinsipinin işləmədiyi şəraitdə siyasi mədəniyyətin formalaşması üçün, siyasi oyunçuların müzakirə səviyyəsini öz təşəbbüslərilə yüksəltmək borcu var. Bunun üçün siyasi hədəflər aydın göstərilməli, təməl əsaslandırma verilməli, "qırmızı cizgilər” çəkilməlidir. REAL Hərəkatı bu seçkilərə həm də bunun örnəyini göstərmək üçün gedir.

3.Nəsil borcu.

Ölkədə gedən ən müsbət və qarşısıalınmaz proses – nəsil dəyişimidir. 70-ci və 80-ci illərdə doğulmuş nəsil yavaş-yavaş dominant olmağa başlayır və bu təbii prosesdir. Ölkədə siyasi dəyişikliyin təsisatlanmış formaları olmadığına görə, nəsil dəyişiminin siyasi önəmi üzə çıxır. REAL Hərəkatı siyasi səhnədə yeni nəsli təmsil etmək, onun maraq və qayğılarını ifadə etmək borcunu qürurla öz üzərinə götürür!

 

 

 

 

 

 

 

 

Respublikaçı Alternativ Hərəkatının 2015 Parlament seçkilərində namizədləri

-Natiq Cəfərli, REAL İcra Katibi, iqtisadçı - 12 Saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi

-Erkin Qədirli, REAL İH üzvü, hüquqşünas - 16 Saylı Yasamal İkinci Seçki Dairəsi

-Xalid Bağırov, REAL İH üzvü, hüquqşünas, vəkil - 24 Saylı Nizami Birinci Seçki Dairəsi

-Azər Qasımlı, REAL İH üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru - 23 Saylı Nəsimi-Səbail Seçki Dairəsi

-Zöhrab İsmayıl, REAL İH üzvü, iqtisadçı - 8 Saylı Binəqədi Birinci Seçki Dairəsi

-Cəsur Məmmədov, REAL İH üzvü, siyasi elmlər magistrı - 27 Saylı Sabunçu İkinci Seçki Dairəsi

-Vəfa Rüstəm, hüquqşünas - 15 Saylı Yasamal Birinci Seçki Dairəsi

-Mübariz Rəhimli, siyasi elmlər magistrı – 19 Saylı Nərimanov Birinci Seçki Dairəsi

-Şadiman İsmayılov, IT mütəxəssisi – 14 Saylı Xəzər Seçki Dairəsi

-Hafiz Babalı, iqtisadçı – 42 Saylı Sumqayıt İkinci Seçki Dairəsi

-Ramil Süleymanov, hüquqşünas – 41 Saylı Sumqayıt Birinci Seçki Dairəsi

-Kənan Məkanlı, iqtisadi elmlər magistrı - 43 Saylı Sumqayıt Üçüncü Seçki Dairəsi

-Rafiq Muradov, politoloq – 107 Saylı Qazax Seçki Dairəsi

-Hacıbaba Bayramov, iqtisadi elmlər magistrı – 52 Saylı Quba Seçki Dairəsi

-Azay Vəlixanov, iş adamı – 56 Saylı Xaçmaz Kənd Seçki Dairəsi

-Əlayif Həsənov, hüquqşünas, vəkil – 92 Saylı Zərdab-Ucar Seçki Dairəsi

-Mikayıl Talıbov, müəllim – 77 Saylı Astara Seçki Dairəsi

 

Respublikaçı Alternativ Hərəkatının dəstəklədiyi namizədlər

-Ruslan İzzətli, D18 Hərəkatının Sədri – 33 Saylı Xətai Birinci Seçki Dairəsi

-Ülvi Həsənli, NİDA Vətəndaş Hərəkatının İH üzvü– 9 Saylı Binəqədi İkinci Seçki Dairəsi

-Ramin Hüseynov, NİDA Vətəndaş Hərəkatının İH üzvü– 18 Saylı Nərimanov-Nizami Seçki Dairəsi

-Elgiz Qəhrəman, NİDA Vətəndaş Hərəkatının üzvü – 29 Saylı Səbail Seçki Dairəsi

-Nicat Əmiraslanov, NİDA Vətəndaş Hərəkatının üzvü – 106 Saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi

-Məzahir Şahvələdov, hüquqşünas – 86 Saylı İsmayıllı Seçki Dairəsi

cumhuriyyet.org

скачать dle 12.1
Xəbər lenti