Hökumət büdcəni niyə gizli saxladı?

3-09-2015, 08:02
0
Hökumət büdcəni niyə gizli saxladı?

Görünməmiş ”məxfi əməliyyat” barədə ehtimallar və ekspert rəyləri

Xəbər verildiyi kimi sentyabrın 1-də baş nazir Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycan Respublikasının 2016-cı il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib. Artur Rasizadə gələn ilin büdcəsi layihəsinin “ölkədə aparılan iqtisadi siyasətin nəticəsində əldə olunmuş uğurlar və müsbət inkişaf templəri, həmçinin son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslərdə müşahidə olunan dəyişkənliklər nəzərə alınmaqla” tərtib edildiyini deyib.

Sonra maliyyə naziri Samir Şərifov və iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər.

Müzakirələrin yekununda büdcə zərfinə daxil olan sənədlər toplusunun ölkə başçısına təqdim edilməsi barədə qərar qəbul edilib.

Maraqlıdır ki, büdcənin nəzərdə tutulan gəlirləri, xərcləri və kəsiri barədə heç bir məlumat verilmir. Məlumat üçün deyək ki, sentyabrın 15-nə qədər büdcə zərfi Milli Məclisdə müzakirə olunmalıdır. Təcrübəyə görə artıq indidən büdcə layihəsi barədə ictimaiyyətə məlumat verilməli idi.

Büdcə zərfinin məxfi saxlanılması bəzi mülahizələrə yol açıb. Ilkin ehtimal odur ki, ümumiyyətlə, maliyyə böhranına görə hələ büdcə zərfi tərtib olunmayıb. Artur Rəsizadənin sədrliyi ilə keçirilən müzakirə də formal xarakter daşıyır. Digər ehtimal isə odur ki, büdcədə böyük kəsirlər var. Seçki ərəfəsi olduğu üçün hakimiyyət bunu açıqlamaq istəmir. Maliyyə böhranının hökm sürdüyü, sosial durumun acınacaqlı olduğu bir vaxtda bunu açıqlamaq əlbəttə ki, hakimiyyətin əleyhinə işləyə bilər. Başqa bir ehtimal isə hansısa qurumların ləğvi ola bilər. Pay bölgüsü ilə bağlı narazılıqların yarana biləcəyi də ehtimallar sırasındadır. Istənilən halda hakimiyyət büdcə zərfini xalqdan gizlətməklə bir ilkə imza atıb.

İqtisadçılar nə düşünür?

Ehtimallar öz yerində. Bəs iqtisadçılar nə düşünür? Hakimiyyətin məxfi büdcə əməliyyatının anlamı nədir? Onlardan ikisinin mövzu ilə bağlı fikirlərini öyrəndik.

«Büdcə parametrlərinin hazır olmaması qeyri-müəyyənliklərlə bağlıdır»

Məhəmməd Talıblı hesab edir ki, əvvəlki illərə nisbətdə büdcənin gəlir və xərcində azalmalar olacaq. Çünki, büdcəyə Neft Fondundan köçürmələrdə əvvəlki illər qədər geniş imkanlar olmayacaq: “Neft Fondunun özünün gəlirlərində yarımillik göstəricilərə görə, cəmi fonda daxilolmalar 4 milyard manat olub. Bunun isə 500 milyonu başqa istiqamətə xərclənib, onun 3,5 milyardı fonddan dövlət büdcəsinə köçürülüb. Bu ilin sonuna qədər fonddan dövlət büdcəsinə köçürüləcək cəmi məbləğin təxminən 35 faizidir. Ilin sonuna qədər təxminən 8 milyard manat vəsaitin necə keçiriləcəyi sual altındadır. Bu proqnoz öhdəliyinin yerinə yetirilməsi şəxsən mənim üçün şübhə doğurur”.

M.Talıblının sözlərinə görə, neftin qiymətinin 40 dollar civarında tərəddüd etməsi növbəti ildə böyük həcmdə fonddan transferti çətinləşdirəcək. Ona görə fonddan daha böyük həcmdə transfert edilməsi ciddi görünmür. Bu zaman hökumət məcbur qalaraq bəzi xərc istiqamətlərini təxirə salacaq. O sıradan investisiya xərclərində müəyyən korreksiyalar etmək məcburiyyətində qalacaq: “Əsas ehtimal etdiyim büdcə xərclərinə qənaət məqsədilə dövlət strukturlarında ixtisarlar və bəzi dövlət qurumlarının birləşdirilməsi ola bilər. Bir neçə nazirlik və komitələrin birləşdirilməsi, paralel strukturların ixtisara salınması və beləliklə, neft pulları hesabına şişmiş dövlət aparatının çəkisinin azaldılmasına gedilə bilər”.

«Elə bil ki, müzakirə etdiyi büdcə xalqın deyil, hakimiyyətin, hökumətin büdcəsidir»

Qubad İbadoğlu da Nazirlər Kabinetində keçirilən iclasla bağlı mətbuata informasiya verilməməsini facebook profilində qınayıb: “Əslində mətbuatın Nazirlər Kabinetinin qəfil iclası kimi təqdim etdiyi toplantı büdcə təqvimi üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin Nazirlər Kabinetində ənənəvi müzakirəsidir. Odur ki, burda maraqlı olan iclasın özü deyil, onun nəticələri barədə məlumatın gizli saxlanılmasıdır. Çox maraqlı və təəssüfedicidir ki, Nazirlər Kabineti iclas keçirir, gələn il üçün büdcə layihəsini müzakirə edir, amma onun hətta konturları ilə bağlı mətbuata heç bir açıqlama verilmir. Elə bil ki, onların müzakirə etdiyi büdcə xalqın, dövlətin deyil, hakimiyyətin, hökumətin büdcəsidir, onun bizə heç bir dəxli yoxdur”.

azadliq.info

скачать dle 12.1
Xəbər lenti