Anası Günel Mövluddan imtina etdi

22-10-2015, 00:14
0
Anası Günel Mövluddan imtina etdi

Şövkət Şəfiyeva prezidentin siyasətini dəstəklədiyini bəyan edib

"Qızım Meydan TV-dən imtina etmirsə, mən ondan imtina edirəm", bunu Meydan TV-nin redaktoru, yazar Günel Mövludun anası Şövkət Şəfiyeva BBC Azərbaycancaya deyib.

Şövkət Şəfiyeva bildirib ki, oğlanları qızı Günel Mövludun "Meydan TV ilə əməkdaşlıq etməsinə görə" həbs olunub, buna görə də qızından imtina edir: "Oğlanlarımın ikisi də əli qabarlı fəhlədir, onlar heç vaxt siyasətə qarışmayıblar".

Şövkət Şəfiyeva prezidentin siyasətini dəstəklədiyini bəyan edib.

"1993-cü ildən Cəbrayıldan çıxandan sonra imkansızlığa görə oğlanlarımı oxutdura bilmədim. Ona görə indi fəhləlik edib ailələrini dolandırılar. Onların narkotika ilə işləri ola bilməz. Bu həbslər siyasidir", o deyib.

Xanım Şəfiyeva hələ də oğlanları ilə görüşə bilmədiklərini də qeyd edib.

"Vəkillər dedi, bu həftə görüşə bilməyəcəyik", o bildirib.

Günel Mövludun qardaşları Raci və Vəkil İmanovlar oktyabrın 13-də polis orqanlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən müvafiq tədbirlər nəticəsində saxlanılıb, Daxili İşlər Nazirliyi məlumat verib.

Nazirliyin məlumatına görə, baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb.

Onlar 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Günel Mövlud da qardaşlarının həbsini Meydan TV-dəki fəaliyyəti ilə əlaqələndirib, amma o, bu fəaliyyətini dayandırmayacağını da bildirib.

Günel Mövludun atası daha öncə qızından imtina etməyəvəyini desə də, artıq bu məsələdə Şövkət xanıma qoşulduğunu deyib.

Son aylarda Meydan TV ilə əməkdaşlıq edən bir neçə jurnalist Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə və DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindiriliblər.

Avqustun əvvəlində Meydan TV-nin rəhbəri Emin Millinin qohumları prezident İlham Əliyevə müraciət edərək, ondan "imtina etdiklərini" bildiriblər. Emin Milli bu halı qohumlarına təzyiq edilməsi ilə əlaqələndirib.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov jurnalistlərin saxlanılması ilə bağlı açıqlama verərək, bu addımların "onları öz fəaliyyətlərini Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydalarına uyğun qurmağa dəvət etmək məqsədi daşıdığını" deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Meydan TV Azərbaycanda fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməyib.

скачать dle 12.1
Xəbər lenti