Cəbhəçi gənc ailəsinə olan təzyiqlərdən danışdı

24-10-2015, 00:36
0
Cəbhəçi gənc ailəsinə olan təzyiqlərdən danışdı

"Bu cür nalayiq şəkildə təzyiq etmək kişiliyə yaraşan iş deyil"
 
“Xeyli müddətdir ki, ailə üzvlərimi, yaxınlarımı mənə görə incidirlər. Amma bu vaxta qədər müəyyən səbəblərə görə bunları ictimailəşdirməmişəm. Düşünürdüm ki, sındıra bilməyəcəklərini anlayıb, məndən olmasa da, ailəmdən əl çəkərlər.
 
Lakin bunlar nəinki əl çəkmək, özünə hörmət edən bir kişinin etməyəcəyi əməllərə əl atdılar. Əvvəlcə qardaşım Eltacın “facebook” profilini oğurladılar. Sonra başladılar orada şəxsi həyatımla bağlı şəkillər paylaşmağa, məni və yaxınlarımı təhqir etməyə. Bundan sonra isə nişanlıma gizli nömrədən zəng edib başladılar onu hədələməyə, məni həbs edəcəklərini, onun isə bədbəxt olacağını deməyə. Nömrəni dəyişdik. Zənglərin yenidən gəlməsi onların kimlər tərəfindən, hansı məqsədlə olunduğunu tam çılpaqlığı ilə ortaya qoydu. Əl çəkmədiklərini görüb, qərara gəldik ki, nişanlım bir müddət telefon işlətməsin.
 
Bu dəfə də keçdilər saxta profillə qardaşıma, nişanlıma, mənə hədə-qorxu gəlməyə. Toyumdan sonra bütün bu hədələr bitdi. Amma bir həftədir ki, yenidən əxlaqlarına uyğun hərəkətlərinə davam etməyə başlayıblar. Səhhətimdəki problemlərlə bağlı bir həftəyə yaxın idi ki, yoldaşımı işə aparıb-gətirə bilmirdim. Həmən müddət ərzində isə bir neçə dəfə müxtəlif şəxslər gah iş yerinin yaxınlığında, gah da evin yaxınlığında yoldaşımı saxlayıb narahat etməyə başlayıblar. Əvvəlki xəbərdarlıq və hədələrindən bilirəm ki, məqsədləri məni provokasiyaya çəkib Məmməd İbrahim, Seymur Həzi kimi həbsə atmaqdır. Onlara mesaj vermək istəyirəm ki, problemlərini mənim özümlə həll etsinlər. Bu cür nalayiq şəkildə təzyiq etmək kişiliyə yaraşan iş deyil”.
 

 

Türkel Azərtürk qeyd edib ki, həmin şəxslərin foto və ya videolarını çəkib ictimailəşdirməyi nəzərdə tutur. Onların kimliyini müəyyən edəndən sonra isə rəsmi şəkildə hüquq-mühafizə orqanlarına müraciət edəcək.
скачать dle 12.1
Xəbər lenti