Sabah Müsavat mitinq keçirəcək

24-10-2015, 19:54
0
Sabah Müsavat mitinq keçirəcək

Seçki kampaniyasında keçirilən yeganə mitinq kimi tarixə düşəcək mitinqdə İsa Qəmbərin seçicilərlə görüşü olacaq

 

 
Müsavat Partiyası 25 oktyabr saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) mitinq keçirəcək. 
 
Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verdiyi mitinqin həm də Müsavatın 15 saylı Yasamal seçki dairəsindən deputatlığa namizədi İsa Qəmbərin seçiciləri ilə görüşü olduğunu da söyləmək mümkündür. Qeyd edək ki, mitinq keçiriləcəyi meydan 15 saylı dairədən deputatlığa namizədlərin açıq havada seçicilərlə görüş keçirməsi üçün ayrılıb. 
 
Bu baxımdan oktyabrın 25-də keçiriləcək mitinq 15 saylı Yasamal Seçki Dairəsindən deputatlığa namizəd İsa Qəmbərin seçicilərlə görüşü olmaqla yanaşı bütövlükdə Müsavat Partiyasının seçicilərlə əsas təmas görüşü kimi nəzərdə tutulub. Müsavatdan verilən məlumata görə, mitinqdə İsa Qəmbər öz seçicilərilə görüşəcək, eyni zamanda deputatlığa digər namizədlər də orda iştirak edəcəklər. 
 
Qeyd edək ki, bu, seçki kampaniyası konteksində ölkədə keçirilən ilk mitinqdir. İndiyə qədər seçkidə iştirak edən heç bir siyasi qurum və namizəd seçki mitinqini keçirməyib. Böyük ehtimalla Müsavatın 25 oktyabr mitinqi 2015-ci il parlament seçkiləri kampaniyasında keçirilən yeganə mitinq olacaq. 
Müsavat Partiyası Mərkəzi Seçki Qərargahının rəhbəri Gülağa Aslanlı “Yeni Müsavat”a bildirib ki, mitinqlə bağlı rəsmi hissələr artıq həll olunub: “Biz Müsavat Partiyası olaraq seçicilərin bu görüş-mitinqə gəlməsi üçün lazım olan addımları atırıq. Builki seçkilərə insanlarda inam yoxdur. Ölkədə seçki mühiti də hiss olunmur. Eyni zamanda müstəqillik əldə etdiyimiz vaxtdan indiyə qədər seçkilərdə ilk dəfə olaraq məhz bu ilki seçkidə efirdə debatlara imkan verilməməsi ölkədə seçki mühitini sıfır səviyyəsinə endirib. Bu, o deməkdir ki, hakimiyyət demokratik seçki keçirmək istəyində deyil. Seçkiyə maraq o qədər ölüb ki, hətta maddi imkanı olanlar belə, pullu efir vaxtından istifadə eləmirlər. Seçkiöncəsi ölkədə bir gərginlik də hiss olunmaqdadır. Xüsusən də MTN-də baş verənlər insanlarda həm gərginlik, həm də maraq oyada bilib. O baxımdan da biz 25 oktyabr görüş-mitinqinə çoxlu sayda insanların qatılacağını düşünürük”.
 
G.Aslanlı onu da dedi ki, mitinqin təhlükəsizliyini təmin eləmək birbaşa hüquq-mühafizə orqanlarının işidir:“BŞİH bizim bu mitinq üçün müraciətimizə müsbət cavab verəndən sonra yəqin ki, Bakı polisinə də mitinqin təhlükəsizliyinin qorunması üçün məlumat verib. Oktyabrın 23-də mən mitinq təşkilatçısı olaraq Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edildim və İdarədə mitinqin təhlükəsizliyi məsələləri ilə bağlı anlaşdıq. Polis mitinqin təhlükəsizliyini qoruyacaq. Biz də əlimizdən gələni edəcəyik ki, mitinqdə qanundan kənar hər hansı hallara yol verilməsin. Amma belə halların qarşısını almaq bilavasitə dövlət orqanlarının vəzifəsidir”.  
Mitinqdə Müsavatın 25 deputatlığa namizədlərinin hamısının iştirak edib-etməyəcəyinə gəlincə, G.Aslanlı dedi ki, bütün namizədlərə müraciət edilib: "Hansı namizədin həmin vaxtda öz seçki dairəsində vacib görüşü yoxdursa, mitinqdə iştirak edəcək və lazım bilərlərsə çıxış edib fikirlərini bildirə bilərlər. Əsl millət vəkili təkcə öz dairəsinin yox, bütün ölkənin millət vəkili olmalıdır".
 
“25 oktyabr mitinqində Müsavatın seçkidən çəkildiyini bəyan etməsi ehtimalı varmı” sualına G.Aslanlı belə cavab verdir: “Siyasətdə heç vaxt ”yox" sözü deyilməməlidir. Amma mən onu güman eləmirəm ki, bu mitinqdə belə bir bəyanat verilsin. Müsavat  öz qərarlarını mitinqdə yox, bütün məsələləri müzakirə edəndən sonra Divanda və Məclisdə verir. Müsavat Partiyası seçkidə iştirak haqqında qərarını Məclisdə verib. Məclisdə operativ qərarlar qəbul eləmək səlahiyyətini Divana verib. Ona görə də Müsavat seçki ilə bağlı hər hansı qərarını yalnız Divanda və ya Məclisdə verməlidir".
скачать dle 12.1
Xəbər lenti