Hökumət öz gününə ağlamaqdansa…

24-10-2015, 20:31
0
Hökumət öz gününə ağlamaqdansa…

Əli Kərimlinin ətrafında «axtarış» aparır

Bəzi həqiqətlər var ki, onları yalançılar da dana bilməz. Məsələn, “ölkəmiz sürətlə inkişaf edir” deyənlər, “nazirlərimiz maaşla dolanır” deyə bilmirlər. Yaxud “prezidentin özü yaxşıdır” söyləyənlər, “prezidentin ətrafı da kristaldı” söyləməkdən imtina edirlər.

Yəni yalançılar, yaltaqlar da “stop” etməli olduqları məqamları gözəl bilirlər. Belə reallıqlardan biri də “vurulan” məmurlarla bağlıdır. Yəni bir qayda olaraq hökumətin istefaya göndərilən kadrları haqqında sonradan yekə-yekə dosyelər peyda olur. Məlum olur ki, ölkə başçısının yüksək vəzifəyə təyin etdiyi şəxslər korrupsiya ilə mğşğul olurmuş, dövlətə xəyanət edirmiş, sahibkarları sıxışdırırmış və s.

YAP-çı deputat Siyavuş Novruzov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunu düşmənlərə informasiya ötürməkdə suçlayır. Prokurorluq Azərbaycanın Avropa Birliyindəki keçmiş səfiri Arif Məmmədovu mənimsəmədə ittiham edir. Keçmiş Müdafiə Naziri Səfər Əbiyev haqqında ən ağır ittihamlar səsləndirilir. Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev yol verdiyi xətalara görə “bandotdel”ə salınır. Belə faktlar çoxdur. Bu gün YAP-ın qurucularından heç kim ölkə başçısının ətrafında deyil və bu adamlar YAP haqqında ən ağır ittihamlar səsləndirirlər. Son 4-5 gün ərzində isə ölkənin əsas gündəmi MTN şefi Eldar Mahmudovun vəzifədən azad edilməsi və MTN-də baş verənlərdi. Artıq 10-a yaxın generalın həbs olunduğu məlumdur və hökumət təmsilçiləri bu strukturdakı qanunsuzluqlardan, yeyintilərdən, Eldar Mahmudovun xəyanətlərindən dəm vurur.  Həqiqətən də çox önəmli hadisələr baş verir. Dövlətin təhlükəsizliyinə cavabdeh olan qurumun dövlət üçün təhlükəli bir quruma çevrildiyi önə çıxır. Yəni məlum olur ki, bu dövlətin təhlükəsizliyi qorunmur, qeyri-ciddi idarəetmə mövcuddur və normal kadr yoxdur.

Bütün bunları niyə xatırlayırıq? Məsələ burasındadır ki, ölkə MTN-də baş verənlərlə çalxalandığı bir vaxtda, rejim mətbuatı susur və yenə də əsas mövzuları Əli Kərimlidir. Bəli, “Yeni Azərbaycan” qəzeti utanmadan “Əli Kərimlinin ətrafında heç kim qalmayıb” başlıqlı məqalə dərc edib.  Təsəvvür edin ki, Ilham Əliyevin ətrafında olanların “repertuar”ı bütün tamaşaçıları “heyran” qoyduğu bir zamanda, rejim mətbuatı “Əli Kərimlinin ətrafına” köklənib. Guya, AXCP-də despotizm hökm sürürmüş, üzvlər Əli Kərimlidən imtina edir və s.

Əvvəla, AXCP möhtəşəm bir qurultay keçirdi və Əli Kərimlinin ətrafı haqqında daha şəffaf mənzərə yarandı. Ikincisi, Ilham Əliyevin ətrafı kimi, Əli Kərimlinin ətrafı da tez-tez gündəmin mövzusuna çevrilir. Amma çox sadə bir fərq var. Əli Kərimlinin ətrafı korrupsiya cinayətləri, bahalı villalar, şirkətlər, harınlıqlar, sahibkarlara zülm etmək kimi  məqamlarla gündəm olmur. Onun ətrafı şərlənib həbs olunmaqla, şantaj edilməklə, döyülməklə, kasıblıqla gündəmə gəlir. Və ya cəbhəçilər uçuq-sınıq daxmalarda konfrans keçirməyə məcbur olur, yerlərdə icra hakimiyyətlərinin təzyiqi ilə üzləşir, analoqsuz məhkəmə hökmlərinin qurbanına çevrilir. Bu gün Əli Kərimlinin ətrafındakı 7 nəfər vicdan məhbusudur və bütün dünya bu şəxslərin şərin qurbanı olduğunu bilir. Yəni “Yeni Azərbyacan”ın səcdə etdiyi hökumətin ətrafından fərqli olaraq, Əli Kərimlinin ətrafı göz önündədir. Bu gün AXCP-dəki “brak” məhsullar da hökumətin yanındadır. Yəni biz ətrafımızda pis nümunə yaranan kimi zərərsizləşdiririk və bu “pis nümunələr” özlərini hökumətin yanında tapırlar.

Bir sözlə, heç olmasa ayıbınıza kor olun. Əvvəl ətrafınızda baş verənlərin hesabatını verin, kadrlarınızın cinayət əməllərinə görə məsuliyyət daşıyın, cəmiyyətin simpatiyasını qazanan nümunə ortaya çıxarın, sonra Əli Kərimlinin ətrafında araşdırma apararsız.

Cənablar, ayılın. Bu gün ölkə gündəmini çalxalayan hadisələr Əli Kərimlinin ətrafında baş vermir. Eldar Mahmudov, Səfər Əbiyev, həbs olunan generallar və ittiham etdiyiniz digər vəzifəlilər Əli Kərimlinin kadrları deyil. Despotizm, hüquqsuzluq, cinayət hökumətin meydançasında baş verir.

Cənablar, gözünüzü geniş açın, ətrafınıza yaxşı baxın.

скачать dle 12.1
Xəbər lenti