Həbsxanada İlqar Məmmədovun dişi sındırılıb

26-10-2015, 16:03
0
Həbsxanada İlqar Məmmədovun dişi sındırılıb
REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun günlər öncə saxlanıldığı cəzaçəkmə müəssisəsində döyülməsi barədə xəbər vermişdik. Buna səbəb “kars”a salınan məhbus barəsində mətbuata xəbər verməsi olmuşdu.
 
REAL sədri üzləşdiyi fiziki işgəncələrdən sonra oktyabrın 25-də ilk dəfə ailəsi ilə görüşüb. Bu barədə İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova məlumat verib:
 
“Görüş normal keçdi. Nəhayət İlqarı görə bildim. Özünü pis hiss eləmir. Döyülmə zamanı bir dişi sındırılıb. Başındakı ağrılar artıq keçib.  Ayın 21-də hadisədən 5 gün sonra həkim  müayinəsindən keçib. Ağrıları getdikcə çəkilir. Döyülməsinə səbəb olaraq Renat adlı məhbusun ”kars"a salınması ilə bağlı məlumatın guya İlqar tərəfindən mətbuata çatdırılmasını bəhanə gətirmişdilər. İlqara demişdilər ki, sənə görə daim bizə yoxlama gəlir, başımızı ağrıdırlar, bizi problemə salırsan. Hadisədən sonra Ədliyyə Nazirliyi və Ombudsmandan nümayəndələri həbsxanaya baş çəkiblər. Bizi əmin etdilər ki, bundan sonra heç bir problem olmayacaq". 
 
V.Məmmədova REAL sədrinə qoyulan telefon qadağasının oktyabrın 24-dən etibarən bərpa edildiyini bildirdi: “Sentyabrın 7-dən etibarən telefon danışığına qadağa qoymuşdular. Heç bir səbəb olmadan. Oktyabrın 24-də artıq qadağaya son qoyulub. Özü zəng etmişdi. Bizi əmin edirlər ki, bundan sonra heç bir problem olmayacaq. Gözləyək görək axırı necə olacaq. İlqarın döyülməsi ilə bağlı vəkil aidiyyəti orqanlara müraciət ünvanlayıb. Avropadan gələn qətnamələrlə bağlı İlqarın fikirləri müsbətdir. Haqsızlıq yerdə qalmamalıdır. Əfvlə bağlı danışmadıq”. 
скачать dle 12.1
Xəbər lenti