Bütün qazandığı uğurlar onun intellektual gücünə bağlıdır

28-10-2015, 23:42
0
Bütün qazandığı uğurlar onun intellektual gücünə bağlıdır
Dilim yaman pis öyrəşib. Ancaq tənqidi bacarır, heç kimi tərif edə bilmirəm. Di gəl ki, indiki sosial statusum məndən təbliğat işi aparmağı tələb edir. Yaxşı bacarmadığım bir yükün altına çiynimi verdiyimdən parlament seçkilərində vəkili olduğum Mütəllim Rəhimli barədə bir-iki kəlmə yazmaq qərarına gəldim. Bilirəm ki, qələmə aldığım bu yazı müvəkkilimin həqiqi mahiyyətini ortaya qoymur. Bu səbəbdən də həm Mütəllim bəydən, həm də siz oxuculardan acizliyimi xəsiyyətimə bağışlamağınızı rica edirəm.
 
Mütəllim Rəhimlini, hardasa,18 ildir tanıyıram. Yəni onunla tanışlığımın seçki yaşı tamam olub. Seçki yaşı tamamlanan bir müddət ərzində bu adamın vəkilliyini qəbul etmişəmsə, deməli mən onu seçmişəm. Özünün seçdiyi birini başqasının da seçməsini istəmək isə alicənablıqdandır. Mən də, təvazökarlıqdan uzaq olsa belə, bu alicənablıqla sizi dostum, partiya yoldaşım Mütəllim Rəhimliyə səs verməyə çağırıram. 
 
16 saylı Yasamal 2-ci seçki dairəsindən deputatlığa namizəd olan Mütəllim Rəhimli savadlı, mədəni, qabiliyyətli adamdır. Ədalət Partiyasında sədr müavini olmaqla yanaşı, həm də iki ali məktəbdə - Bakı Avrasiya Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətlə məşğul olur. Onun yetişdirdiyi gənclər bu gün ölkənin müxtəlif yerlərində xalqa xidmət göstərirlər. Onların arasında bu gün tanınmış jurnalistlər də var ki, biz onları hər gün müxtəlif telekanallarda aparıcı, müxbir, şərhçı kimi görür və yaxud digər media orqanları vasitəsilə oxuyuruq. 
 
Mütəllim Rəhimli siyasi fəaliyyətə ADP sıralarında başlayıb. Mən onu ilk tanıyanda partiyanın mətbuat katibi idi. Mətbuatda külüng vurduğumdan sonralar yaxın dostuma çevrilən bu adamla tez-tez görüşər, ölkənin müxtəlif problemlərini müzakirə edərdik. Mütəllim bəy o zaman da indiki qədər ictimai problemlərimizə ürək yanğısıyla yanaşar, amma səbrlə mübarizəsini davam etdirirdi. O dövrdə ən radikal müxalif qüvvə olan ADP-dən ayrılıb partiyanın həmsədri olan İlyas İsmayılovla bərabər Ədalət partiyasının yenidən təsis olunmasındakı rolu da, görünür, bu xarakterindən irəli gəlirdi. 
 
Xarakterimdəki radikallıqla mən də bir çox silahdaşım kimi o dövrdə atılan bu addımın doğru olmadığını düşünürdüm. Sonrakı proseslər həqiqətən də cəmiyyətimizin biz fikirləşdiyimiz siyasi sistemdə yaşamağa hazır olmadığını sübut etdi. İstər İlyas bəy, istərsə də vəkili olduğum Mütəllim Rəhimli isə cəmiyyətin nəbzini düzgün tuta bilmişdi. Elə bu faktın özü müvəkkilimin ictimai prosesləri analiz etməsindəki məharətini göstərir. 
 
Sizin vəkilliyinizə iddia edən Mütəllim Rəhimli həm də intellektual gücünü elmə həsr edən adamdır. Fəlsəfə elmləri namizədi olan Mütəllim bəy Azərbaycanın elmi potensialına güc qatmağa çalışır. Üzərində işlədiyi bir çox fəlsəfi problemlər elm ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bütün qazandığı uğurlarda onun intellektual gücüylə yanaşı, çalışqanlığının, alın tərinin də xüsusi yeri var. Halal zəhməti və əzmiylə, bütün maneələrə baxmayaraq, layiq olduğu hədəfə doğru irəliləyən bu gənc kadra mənəvi dəstək olmaq cəmiyyətimizin yenilənməsi üçün də ciddi xidmət olardı. 
 
Əziz seçicilər! Bir neçə gündən sonra öz taleyinə səs vermək imkanı qazanacağıq. Gəlin, heç olmasa bu dəfə indiyə qədər seçkidən seçkiyə bizi yada salanlara yox, qarşımızdakı problemləri öz zəhməti, intellektual gücü sayəsində aşmaq istəyənlərə səs verək! Mütəllim Rəhimov da belə insanlardandır. 
 
Sizi ona səs verməyə çağırıram!
 
Heydər Oğuz
Ədalət Partiyasının sədr müavini
скачать dle 12.1
Xəbər lenti