"Moscow Times" qəzetində rəsmi bəyanatların tərcümələrində edilənlər...

15-02-2016, 15:05
0
"Moscow Times" qəzetində rəsmi bəyanatların tərcümələrində edilənlər...
Tərcümədəki səhvlər barədə yazmışıq. Bir vaxtlar o səhvlər, sadəcə, səhv olaraq qalırdı. Yalnız tərcüməylə dərindən məşğul olanlar kiçik fərqlərlə maraqlanırdılar. Həmin günlər keçib gedib. Tərcümə artıq təbliğat müharibəsinin yeni silahıdır.
 
Tərcümədən sui-istifadə üçün ilk və ən çox yayılmış üsul bəzi sözlərin, birləşmələrin tərcümə edilməməsidir: verilən bütöv mesajı təhrif etmək üçün çıxış və ya məlumatdan cümlələrin diqqətlə seçilməsi. ABŞ Dövlət Departamentinin insan hüquqları üzrə hər il təqdim etdiyi hesabatlarda standart olaraq bu üsuldan istifadə edilir.
 
 
Necə yəni? Onlar haqqında eşitməmisiz? Bu hesabatlar ABŞ KİV-də o qədər də çox çıxmır - əslində, çox güman ki, hesabatları yazanların valideynləri ilə Missisipi ştatının Biloksi şəhərindəki kitabxanaçıdan başqa heç kim hesabatları oxumur. Ancaq Rusiyada həmişə böyük bir xəbər kimi çıxır: Новый доклад Госдепа США о демократии: в России и Белоруссии происходит "эрозия демократических принципов." (ABŞ Dövlət Departamentinin demokratiya haqqında yeni hesabatı: Rusiya və Belarusda Demokratik Prinsiplərin Pozulması). Sonra isə məqalədə yalnız tənqidlər oxunur. "İnsan hüquqlarına dair müsbət irəliləyişlər də var idi" kimi bütün yaxşı hissələr və təriflərin heç biri tərcümə olunmur.
 
İkinci üsul şişirtmədir - bir söz və ya ifadənin tərcüməsi üçün ən təhrikedici üsulun seçilməsi. Prezidentliyə namizədliyini irəli sürən Mitt Romninin Rusiyanı ABŞ-ın "geosiyasi düşməni" kimi təsvir etməsi daha həqarətlə "врагом номер один" (bir nömrəli düşmən) kimi tərcümə edildi. Bir neçə həftə əvvəl Konqres qarşısında çıxış edən prezident Barak Obama isə Rusiyanın "dağılmış iqtisadiyyatla" təcrid olunduğunu bildirdi, Rusiya şərhçiləri isə idiomu hərfi olaraq "разорвана в клочья" (parça-parça olmuş) kimi verdilər. Mənim üçün bu birləşmə olduqca güclü səslənir, ancaq rus dilinə tərcüməsi döyüş sözləri kimi səsləndirilir.
 
 
Təəccüblü də deyil ki, başqa bir rusiyalı şərhçi vəziyyəti daha da irəli apardı: Барак Обама выразился конкретно - порвёт Россию, как Тузик грелку. (Barak Obama özünü açıq şəkildə ifadə etdi - it rezin oyuncağı parçaladığı kimi o da Rusiyanı parça-parça edəcək).
 
Üçüncü yanlış tərcümə üsulu olduqca köhnə olan uydurma üsuludur. Mitt Romni Rusiya haqqında danışarkən demişdi "... əlbəttə, dünyanın üzləşdiyi ən böyük hədə İranın nüvə silahıdır, Şimali Koreyanın nüvə silahı isə artıq kifayət qədər narahatedicidir ..." Rusiyalılar isə Romninin belə sözlər dediyini oxudular: "Сегодня именно Россия, а не Иран и КНДР, является геополитическим врагом для США" (Bu gün nə İran, nə də Şimali Koreya yox, məhz Rusiya ABŞ-ın geosiyasi düşmənidir).
 
Tərcümədə uydurmaların ən yaxşı nümunəsini görmək üçün rus yoldaşlarınızdan və qonşularınızdan Dövlət Departamentinin mətbuat katibi Cen Psaki haqqında soruşun. Onlar Psakinin ən məşhur bəyanatını sözbəsöz deyəcəklər: Если Белоруссия вторгнется на Украину, шестой флот США будет немедленно переброшен к берегам Белоруссии. (Əgər Belarus Ukraynaya hücum edərsə, ABŞ-ın 6-cı donanması Belarus sahillərinə çıxacaq). Yeganə problem nədədir? Bütün bunlar uydurmadır. Paski heç vaxt belə bir şey deməyib.
 
 
Tərcümədən bu cür sui-istifadə edilməsində məqsəd Qərb dövlətlərinin liderlərini Rusiyaya qarşı olduqlarından daha müxalif göstərməkdir. Bir onlara qulaq asın! Onlar bizi təhqir edirlər! Bizə nifrət edirlər!
 
O ləzzətli qəzəb hissi ki var. Onlar buna necə cürət edirlər?!
 
Ancaq belə qəribə bir şey də var: Rusların bu cür yanlış tərcümələri özləri və ölkələri haqqında bərbad hiss etmələrinə səbəb olur. Bu, tərcümə mazoxizmidir. Bir insan niyə belə hiss keçirmək istəsin?
скачать dle 12.1
Xəbər lenti