
Faiq Əmirlinin evində axtarış aparan şəxslər onun avtomobilinə də baxış keçirib. İstintaq İdarəsinin əməkdaşları avtomobilə baxış zamanı guya Fətulla Gülənə aid kitablar aşkarlayaraq götürüblər.
Xatırladaq ki, Faiq Əmirli həbs olunan zaman avtomobilinin açarları ondan alınıb və bir saat müddətində istintaq idarəsinin əməkdaşlarında qalıb.
“Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirli bu dəqiqələrdə mülkü geyimli şəxslər tərəfindən saxlanılıb. Onun hara və nə üçün aparıldığı haqda heç bir məlumat yoxdur. Faiq Əmirli saxlanıldıqdan sonra Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları onun yaşadığı evdə axtarış aparıb.
AXCP sədrə Əli Kərimli Faiq Əmirlinin həbsinə facebook səhifəsində münasibət bildirib:
“Azadlıq” qəzetinin direktoru, AXCP-də mənim köməkçim Faiq Əmirlini həbs ediblər. Faiq bəyin heç bir qanunsuz əməlindən söhbət gedə bilməz. Ona qarşı hansı ittiham irəli sürülsə, saxta olacaq. Rejim açıq-aşkar Şimali Koreya yolu seçib. Lakin xalqın iradəsi repressiya maşınını bu dəfə də durdura bilər və durdurmalıdır. Biz gənclərimizin, övladlarımızın Şimali Koreya tipli bir ölkədə yaşamasına imkan verə bilmərik. Bir millət kimi hamılıqla səfərbər olunmalıyıq. Mən millətimizin ədalətinə də, cəsarətinə də inanıram. 21-ci əsrdə feodal təfəkkürlü insanların qurduğu rejim uzun müddət qalib ola bilməz. Bir az tez, bir az gec, bir az asan, bir az çətin qələbə xalqındır, xalq hakimiyyətinindir”!