Əgər Avropa pisdirsə…..

13-09-2015, 16:23
0
Əgər Avropa pisdirsə…..

İlk növbədə Avropa məhsullarını boykot edin

Xeyli müddətdir ki, Azərbaycan hakimiyyəti anti-Qərb kampaniyası aparır və bütün vasitələrlə sübut etmək istəyir ki, Avropa bizim düşmənimizdi. Avropada faşizmin hökm sürdüyünü, Avropanın bizə qarşı qərəzli olduğunu, Avropanın gücünün azaldığını, Avropada hüquqsuzluğun, qanunsuzluğun, cinayətkarlığın tüğyan etdiyini tirajlayırlar. Ən əsası isə daxili auditoriyaya mesaj verirlər ki, biz Avropaya lazımıq və bizim inkişafımız Avropanı qıcıqlandırır.

Xüsusən də Avropa Parlamentinin son qətnaməsi və ATƏT-in seçki müşahidəçiliyindən imtinası anti-Avropa təbliğatını sürətləndirib. İndi hökumətin daxilindən “Avropa İttifaqı ilə danışıqları dayandırmaq lazımdır”, “ATƏT-lə əməkdaşlığa son qoyulmalıdır”, “Avropa təşkilatları boykot edilməlidir” kimi səslər çıxır. Deməli, siyasi məhbusları azad etməmək, şəffaf seçki keçirməmək, korrupsiyanın çiçəkləndirmək üçün Avropanı boykot etmək istəyirlər. Çünki, Avropa Parlamentinin qətnaməsində bu məqamlar yer alıb.

Gəlin elə təsəvvür edək ki, Avropa Parlamentinin qətnaməsi qərəzlidir, Avropa bizim inkişafımıza paxıllıq edir və hökumətimiz tam səmimidir. O zaman sual meydana çıxır. Niyə hökumət təmsilçiləri şəxsi nümunə göstərib, Avropa məhsullarını boykot etmir? Yaxşı olar ki, xalqın Avropa Birliyinə yolunu bağlamazdan əvvəl, özləri Avropadan imtina etsinlər.

1. Bugündən etibarən bütün məmurlar Avropa avtomobillərindən imtina etsin.

2. Vəzifəli şəxslər Avropada təhsil alan övladlarını geri çağırsın

3. Gecə-gündüz Avropanı söyənlər müalicə və istirahət üçün Avropa ölkələrinə getməsin.

4. Hökumətin başında oturan adamların hamısı Avropa istehsalı olan təyyarələrdən, telefondan, kompyuterdən, bütün məişət texnikasından imtina etsinlər.

5. Məmurların Avropadakı şirkətləri, villaları satışa çıxarılsın

6. Avropaya neft-qaz satışını dayandırılsın.

7. Avropa məhsullarının idxalına son qoyulsun

Siyahını uzatmaq da olar. Demək istəyirik ki, əgər Avropa pisdirsə və Avropa qurumları ilə əməkdaşlıqdan imtina etmək istəyirsizsə, səmimiyyətinizi əməlinizlə sübut edin.

Əgər bütün bu sadalananlardan imtina edə bilmirsizsə, deməli Avropanın böyüklüyünü və ondan asılı olduğunuzu etiraf edirsiz. Deməli, perspektivin Avropa olduğunu, Avropaya inteqrasiyanın dövlətin və millətin maraqlarına xidmət etdiyini təsdiqləyirsiz.

Bütün bunlardan sonra demokratik dünya ilə uçurumu dərinləşdirmək çox iyrənc görünür. Yaxşı olar ki, dövləti təcrid vəziyyətinə salmaq əvəzinə, beynəlxalq öhdəliklərə əməl edəsiniz.

Ümumi mənzərə də onu göstərir ki, Avropanın bizdən asılılığı yoxdur və bizə paxıllıq etmək üçün səbəbləri də yoxdur. Bugün Avropa istehsalı olan bir avtomobilin illik dövriyyəsi Azərbaycanın dövlət büdcəsindən 3 dəfə çoxdur. Ona görə də tənqid edənlərə hücum çəkmək yox, tənqiddən nəticə çıxarmaq lazımdı. Həm də ona görə ki, bu “hücum taktikası”nın qələbə qazanmaq ehtimalı yoxdur.

скачать dle 12.1
Xəbər lenti