Bloqerin həbsdə işgəncəyə məruz qaldığı deyilir

29-05-2022, 12:47
14 459
Bloqerin həbsdə işgəncəyə məruz qaldığı deyilir

Mayın 20-də həbs olunan bloqer Rəşad Ramazanovun işgəncəyə məruz qaldığı bildirilir. Bloqerin yaxınları deyir ki, bu barədə onun özü mayın 27-də həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılan zaman söyləyib. R.Ramazanov bildirib ki, o, saxlanan zamanı təzyiqə məruz qalıb: “Daha sonra Rəşad dedi ki, o, Sabunçu rayon 14-cü polis bölməsinə aparılıb, orada onun cibinə narkotik qoyulub və etirafedici ifadələrə qol çəkməsi üçün ona işgəncələr verilib”.

Vəkil Elçin Sadıqov isə bildirib ki, R.Ramazanovun həbsindən verdiyi apellyasiya şikayəti təmin olunmayıb: “Rəşad Ramazanovun hər iki ayağında, başında izlər var. Ayaqlarındakı yaralar açıq (qanaxması olan) və qapalı (göyümtül qançır) izləridir”.

Vəkil məsələ ilə bağlı prokurorluğa müraciət edəcəyini deyib.

DİN təkzib edir

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə “Turan”a deyib ki, məhkəmə prosesi zamanı R.Ramazanov tərəfindən səsləndirilən iddialar əsassızdır: “Həmin iddialarla bağlı səsləndirilən fikirlər gözləniləndir. Onun polis orqanında təzyiqə məruz qalması ilə bağlı aidiyyət üzrə müraciət etmək hüququ var”.

Bloqer R.Ramazanov mayın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Sabunçu rayon Məhkəməsi R.Ramazanov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Bu, onun ikinci həbsidir. R.Ramazanov birinci dəfə 2013-cü ilin mayında həbs olunub və daha sonra külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il azadlıqdan məhrum edilib. Yerli hüquq-müdafiə təşkilatları onun həbsinin sosial şəbəkələrdə hakimiyyəti tənqid etməsi ilə əlaqələndiriblər və onu siyasi məhbus kimi tanıyıblar. O, həbsindən əvvəl həm də dini mövzuda yazıları və tənqidləri ilə yadda qalıb. Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty International” R.Ramazanovu vicdan məhbusu kimi tanıyıb.

2019-cu ilin martında R.Ramazanov əfv fərmanı ilə vaxtından əvvəl azad edilib.

Amma rəsmilər ölkə həbsxanalarında siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətmiş olduqları əmələ görə məsuliyyətə alınıblar.

скачать dle 12.1
Xəbər lenti