Taleh Bağırzadə ilə ünsiyyətdə olan məhbuslara işgəncə verilir

9-09-2023, 19:26
312
Taleh Bağırzadə ilə ünsiyyətdə olan məhbuslara işgəncə verilir

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində müxtəlif formalarda təzyiqlərlə üzləşdiyi, onunla yaxşı münasibəti olan məhbusların işgəncəyə məruz qaldığı bildirilir. Bu barədə Azadlıq-a Müsəlman Birliyi Hərəkatından məlumat verilib.
Məlumata görə, 12 saylı cəzaçəkmə müəssisəsində şəraitsizlik, qida çatışmazlığı və s. problemlər azmış kimi, ilahiyyatçı Taleh Bağırzadənin özünə və onunla normal münasibət saxlayan məhbuslara da əlavə problemlər yaradılır. Müxtəlif üsullarla Taleh Bağırzadəni təxribata çəkməyə cəhd göstərilir.
Bir neçə gün əvvəl cəzaçəkmə müəssisəsinin rəisi Mehman Əliyevin iş otağında Taleh Bağırzadə ilə yaxşı münasibətlərinə görə məhbus Siyavuş Əsədovun vəhşicəsinə döyüldüyü, daha sonra “karsa” salındığı bildirilir:
“Ertəsi gün də ona qarşı vəhşilik “kars”da davam edib. Rəis müavini Babək İsgəndərov bu işi görərək, ona ağlasığmaz işgəncələr verib. Onları qıcıqlandıran əsas məsələ Taleh Bağırzadənin Siyavuş Əsədovu müdafiə etməsi olub. Rəhbərlik bunu Siyavuşa “bağışlamayıb”. Məhbus İsmayıl İbrahimov da Taleh Bağırzadə ilə münasibətlərinə görə işgəncəyə məruz qalıb, 2 ay “kars” cəzası alıb. Amansız işgəncələr səbəbindən digər məhbus Elvin Məmmədov qaşıq udub, daha sonra “kars”a salınıb…”
Müsəlman Birliyi Hərəkatından o da bildirilib ki, Taleh Bağırzadənin özünün də normal ibadət və dua etməsinə imkan verilmir. Hər gün dua müddətində müxtəlif narahatlıqlar yaşanır:
“Onun normal dua etməsinə belə, əngəl yaradılır. Qanunsuzluq mühitində cəzalanmayacağına əmin olan Mehman Əliyev kimi müəsisə rəhbərləri bir zamanlar, hətta Yezidin İmam Səccada qadağan etmədiyi dua ilə məşğul olmağı belə, qadağan edirlər. Yəni Yeziddən də önə keçirlər. Bu həddə hakimiyyətin susqunluğu, dəstək nümayiş etdirməsi bizi məsələ ilə əlaqədar müraciətə məcbur edir…”
Müsəlman Birliyi Hərəkatı yerli və beynəlxalq insan haqları təşkilatlarını, vətəndaş cəmiyyətini işgəncələrə, özbaşınalıqlara, insan hüquqlarının tapdanmasına göz yummamağa çağırıb. Əlavə olunub ki, 12 saylı cəzaçəkmə müəssisəsində məhbuslara qarşı büş verənlərin qarşısının alınması üçün Penitensiar Xidmətin rəhbərliyinə və Ombudsman Aparatına da müraciət olunub.

 

скачать dle 12.1
Xəbər lenti