Cəbhəçi cərimələndi, oğluna isə 30 sutka verildi

20-09-2023, 19:50
236
Cəbhəçi cərimələndi, oğluna isə 30 sutka verildi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fəzail Əliyev 200 manat cərimələndiyini bildirir. F.Əliyevin sözlərinə görə, sentyabrın 17-də ona yaşadığı Qazax rayonunun polis şöbəsindən zəng gəlib və o, şöbəyə çağırılıb: “Dedilər ki, rəis müavini məni görmək istəyir. Mən rəsmi çağırış göndərmələrini istədim. Bir müddət sonra evdən çıxanda məni tutub zorla maşına otuzduraraq şöbəyə aparıblar”.

O vurğulayıb ki, bir neçə gün əvvəl Qazax rayonunun işğalda olan kəndləri barədə müsahibə verib: “Özüm bu kəndlərdən birinin sakiniyəm. Polisdə mənə dedilər, bəs, sənin nəyinə lazımdır bu barədə danışırsan? Üstümə beş-altı nəfər tökülüşdü, vurmağa başladılar. İndi qollarımda, döş qəfəsində, başımda ağrılar var”.

F.Əliyevin sözlərinə görə, barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub: “Apardılar məhkəməyə, heç nədən 200 manat cərimələdilər. Məhkəmədə tibbi ekspertizanın keçirilməsini istədim, təmin etmədilər. Mən özüm Qarabağ müharibəsi veteranıyam, sağlamlığımda ciddi problemlər var, amma heç nəyə baxmadılar”.

O qeyd edib ki, oğlu Fərid Əliyev isə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə 30 gün müddətinə həbs olunub: “Oğlumu mənə görə həbs ediblər. Əgər oğlum narkoman olsaydı, əvvəl niyə tutmurduz? Məni tutduqları gün onu da həbs ediblər”.

Cəbhəçinin sözlərinə görə, müsahibəyə görə rayonda bir çayxana sahibini də cərimələyiblər: “Amma səhvləri olub. Heç müsahibə həmin çayxanada olmayıb. Sadəcə elə biliblər orada olub və çayxana sahibini başqa bəhanə tutaraq cərimələyiblər”.

Bu deyilənlərə Daxili İşlər Nazirliyi və Qazax rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb. Amma Azərbaycan rəsmiləri, bir qayda olaraq, bildirirlər ki, heç kim dinc peşə və siyasi fəaliyyətinə görə ölkədə təqib edilmir.

скачать dle 12.1
Xəbər lenti