Apellyasiya məhkəməsi Afiəddin Məmmədovu həbsdə saxlayıb

18-10-2023, 11:04
1 472
Apellyasiya məhkəməsi Afiəddin Məmmədovu həbsdə saxlayıb

Oktyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov barəsində seçilmiş həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün verilən şikayətə baxılıb.

Sentyabrın 21-də Xətai Rayon Məhkəməsi Afiəddin Məmmədov barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçib. Gənc fəala qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Afiəddin Məmmədovun vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə açıqlamasında bildirib ki, hakim apellyasiya şikayətini təmin etməyib:

Zibeydə SadıqovaZibeydə Sadıqova

“Məhkəmədə də sadaladım, Afiəddin özü də çıxış etdi. Amma, çox təəssüf ki, məhkəmə bizim vəsatətimizi təmin etmədi və Afiəddin hələ də həbsdə qalmağa davam edəcək. Səhhətində bir problem yoxdur, özünü yaxşı hiss edir. Sadəcə o bildirdi ki, işləri çoxdur, lakin həbsdə olduğu üçün bu işlərlə məşğul ola bilmir. Bununla bağlı narahatlığını ifadə etdi”.

Afiəddin Məmmədov bir nəfərə bıçaqla xəsarət yetirməkdə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir və bu ittihamın saxta olduğunu deyir. Afiəddin Məmmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 maddəsində 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İşçilərin hüquqlarının müdafiəsilə məşğul olan gənc fəal bundan əvvəl dəfələrlə inzibati qaydada həbs olunub. O, sonuncu dəfə avqustun 1-də həbs olunmuşdu. Bu dəfə ona 30 sutka həbs cəzası verilmişdi.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası 2022-ci il martın 1-də bir qrup işçi fəallar tərəfindən qurulub. İttifaqın məqsədi Azərbaycanda baş verən işçi istismarına qarşı mübarizə aparmaq, işçilərə ödənişsiz hüquqi yardım göstərmək, həmkarlar ittifaqı ənənəsini yenidən bərpa etmək, işçiləri təşkilatlandırmaq və birgə mübarizəyə təşviq etməkdir.

скачать dle 12.1
Xəbər lenti