Avropa Qarabağ erməniləri üçün amnistiya gözləyir

22-10-2023, 18:24
77
Avropa Qarabağ erməniləri üçün amnistiya gözləyir
“Azərbaycan Qarabağ ermənilərinin insan haqlarını, o cümlədən öz evlərində ləyaqətlə yaşamaq hüququnu təmin etməli, onların könüllü, təhlükəsiz, ləyaqətli və davamlı qayıdışı üçün şərait yaratmalıdır”, – Avropa Şurası Nazirlər Komitəsi və Avropa İttifaqının Avropa Şurasındakı nümayəndəliyinin oktyabrın 18-də Strasburqda görüşdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yaydıqları birgə bəyanatda belə deyilir.
Bəyanatda qeyd olunur ki, Avropa İttifaqı (Aİ) Azərbaycanın 19-20 sentyabr tarixli hərbi əməliyyatları və Laçın dəhlizinin doqquz aylıq blokadasından sonra Qarabağ sakinlərinin kütləvi köçü nəticəsində yaranmış aşırı mürəkkəb vəziyyəti narahatlıqla izləyir: “Qarabağın hələ də ehtiyacı olan, eləcə də artıq getmiş sakinlərinə maneəsiz humanitar yardımı davam etdirmək lazımdır. Keçən həftə Avropa Komissiyası 2020-ci ildən bəri verilmiş 20.8 milyon avroya əlavə 10.45 milyon avroluq humanitar yardım paketi elan edib”.
Rəsmi Bakı Laçın dəhlizinin blokadaya alınması fikirlərini qəbul etməyib, yolun humanitar məqsədlər üçün açıq olduğunu bildirib.

Qarabağ ermənilərinə amnistiya gözləntisi

Birgə bəyanatda mədəni irsin və yerli əhalinin mülkiyyət hüququnun qorunmasının önəmi qeyd olunur. Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinin (AIHM) sentyabrın 22-də açıqladığı aralıq tədbirlərini reallaşdırmalı olduğu xatırladılır.
AŞ/Aİ Qarabağ ermənilərinin hamısı üçün amnistiya gözlədiyini bildirir. “Azərbaycan əhalinin taleyi üçün əsas məsuliyyəti daşıyır. Konkret və şəffaf qarantiyalar verilməlidir”, – bəyanatda bildirilir
Eləcə də Qarabağa beynəlxalq çıxışın vacibliyi vurğulanır.
AŞ/Aİ Azərbaycanla Ermənistanın suverenliyi, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünə dəstəyini təsdiqləyir: “Azərbaycanı 1991-ci il Almatı deklarasiyasına uyğun olaraq Ermənistanın ərazi bütövlüyünə şərtsiz sadiqliyini təsdiqləməyə çağırırıq”.
Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıdığını söyləyib: “Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq”.

Aİ Ermənistan-Azərbaycan tənzimləməsini müzakirə edəcək

Gələn həftə Avropa İttifaqının (Aİ) üzv ölkələri Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsini müzakirə edəcəklər. Bu haqda Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Qurumun Xarici Siyasət üzrə Ali nümayəndəsi Josep Borrellin sədrliyi ilə iclasın oktyabrın 23-də Luksemburqda keçirilməsi planlaşdırılır.скачать dle 12.1
Xəbər lenti