Xarici aviaşirkətlər Azərbaycan bazarına niyə gəlmir?

22-10-2023, 18:25
61
Xarici aviaşirkətlər Azərbaycan bazarına niyə gəlmir?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi keçirilib. İclasa rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov da qatılıb. O öz çıxışında xarici aviaşirkətlərin Azərbaycan bazarına niyə daxil olmamasına da toxunub. Nazir müavini bildirib ki, xarici aviaşirkətlərdə Azərbaycan bazarına maraqsızlığın başlıca səbəbi sərnişin axınının yetərsizliyindən və viza rejimindən qaynaqlanır: “Dünyada bütün hava yolları, eyni zamanda, AZAL yeni reys açmamışdan qabaq xüsusi bir sistem vasitəsilə iki məntəqə arasında sərnişin axınına baxır. Əgər bu yoxdursa, heç bir halda ora təyyarə uçuşlarının olması sərfəli deyil. Təbii ki, bunun digər səbəbi ölkələrin viza rejimi ilə bağlıdır. Vizasız gediş-gəliş varsa, sərnişin artımı da çox olur, bu da öz növbəsində qiymətlərə təsir edir”.
R.Hümbətov çıxışında AZAL-ın təklif etdiyi xidmətlərin dəyəri tez-tez narazılıq və mübahisə doğurduğundan qiymət siyasətinə də toxunub. Nazir müavini bilet qiymətləri məsələsində günahı hökumətdə görür: “Qiymətlərə təsir edən birinci amil yanacaq məsələsidir. Vaxtilə AZAL-a yanacaq qiymətində güzəşt edilirdisə, indi yanacaq dünya qiyməti ilə alınır, AZAL-a heç bir güzəşt yoxdur”.
Nazirlik rəsmisinin fikrincə, qiymətlərə təsir göstərən digər amil təyyarənin alınma və saxlanma xərcləridir. Təbii ki, yardımçı işçilər, pilot, xidmət də qiymətlərə təsir edir.

Azbüdcəli hava yolu şirkətləri niyə Azərbaycanda qiymətləri yüksəldir?

Azərbaycanda uçuş biletlərinin bahalığı hansı sosial kəsimdən olsa da, toplumda hər kəsi narahat edir. Bu məsələ ilə bağlı şikayətlər tez-tez gözə çarpır. Özəlliklə dövlətə məxsus hava yolu şirkəti – AZAL-ın bazarda hegemon mövqeyə sahib olması qiymət bahalığının əsas səbəbi kimi göstərilir. Açıqlanan rəsmi göstəricilər də AZAL-ın bazarda hegemon mövqeyə sahib olduğunu təsdiqləyir. Ötən il qeydə alınan göstəricilərə görə, Azərbaycanın hava limanlarında 36 min reys gerçəkləşib. Onun 18 mini AZAL-ın uçuşlarıdır. Bu o deməkdir ki, ölkədə gerçəkləşən reyslərin yarısı AZAL-ın, yarısı da 36 fərqli şirkətin payına düşüb. Sırf beynəlxalq reyslərlə sərnişindaşımada AZAL-ın payı 41 faizdir. Di gəl, bir məqam da ayrıca diqqət çəkir: Baha qiymətlər təkcə AZAL-da deyil, digər hava yolu şirkətlərində də gözə çarpır. Qəribə burasıdır ki, həmin hava yolu şirkətləri digər ölkələrdə biletləri daha ucuz qiymətə satır. O şirkət rəsmilərinin bu məsələyə dair Azərbaycan mediasına açıqlamalarından belə bəlli olur ki, bunun səbəbi elə AZAL ilə bağlıdır.скачать dle 12.1
Xəbər lenti