Sağlam uzun ömür sürmək hər bir insan üçün misilsiz sərvət hesab olunur.
Alimlərin fikrincə, uzun ömür sürənlərdə genetik faktorlar mühüm rol oynasa da, həyat tərzi və necə qidalanma da mühüm şərtdir. Uzun ömür sürmək üçün bir neçə əsas amil mövcuddur. Bunlar həyat tərzini, qidalanmanı, fiziki aktivliyi, emosional sağlamlığı və genetikanı əhatə edir.
Balanslı, sağlam və düzgün qidalanma uzun ömrü dəstəkləyir. Eyni zamanda, sağlamlığa nəzarət etmək, müntəzəm tibbi müayinələrdən keçmək və lazımi müalicə almaq da uzun ömür üçün çox vacibdir. İnsan fiziki baxımdan sağlamdısa və psixoloji vəziyyəti də bu sağlamlığı tamamlayırsa, onun uzun ömür yaşama ehtimalı da artır. Bundan başqa, insan sosial sarsıntı yaşamırsa, onun uzun ömür sürməsi üçün daha əlverişli şərait yaranır.
Təəssüf ki, müasir dövrümüzdə heç də hamının sağlam qidalanmaq və müntəzəm tibbi müayinələrdən keçmək imkanları yoxdur. Eyni zamanda çox adamın psixoloji vəziyyəti ürəkaçan deyil. Müasir zəmanədə sosial sarsıntı yaşamayanlar da azlıq təşkil edir.
Azərbaycanda əvvəllər yüksək vəzifələrdə işləmiş xeyli sabiqlər var ki, 80 yaşı adlayıblar. Doğrudur, onlar hələ uzunömürlü hesab edilmirlər, çünki ölkəmizdə 90 yaşına çatmış insan uzunömürlü sayılır. Amma indiki keşməkeşli həyatda 80 yaşa çatmağa da həsəd aparmaq olar.
Qeyd edək ki, Azərbaycanda əhalinin yaş təsnifatına görə,
60-74 yaş – yaşlılar;
75 -89 yaş – qocalar;
90+ yaş - uzunömürlülər
hesab olunurlar.
Yəqin ki, bəzi sabiqlərin 80 yaşa çatmalarında onların yaxşı qidalanması, sağlamlıqlarına vaxtında və düzgün qulluq etmələri, psixoloji vəziyyətlərinin normal olması, sosial sarsıntı keçirməmələri mühüm təsir edib.
Bəs onlar kimlərdir?
Modern.az saytı 80 yaşı keçən sabiqlərin siyahısını dəqiqləşdirməyə çalışıb.
Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti
Ramiz Mehdiyev bu gün-sabah
87 yaşını (17 apreldə) tamamlayacaq. Ramiz müəllim uzunömürlülər siyahısına düşmək üçün daha 3 il yaşamalıdır.
Azərbaycanın keçmiş baş naziri
Artur Rasizadəni isə artıq uzunömürlü adlandıra bilərik. 1935-ci il təvəllüdlü Artur müəllim bu yaxınlarda – fevralın 26-da
90 yaşına çatdı. İndi o, 91-dən “xərcləyir”.
Baş nazirin sabiq müavini
Abid Şərifov da yaşına həsəd aparılacaq eks-məmurlardandır. Belə ki, o, artıq
85 yaşını tamam edib, 86-ya adlayıb.
Bakı Şəhər İcra hakimiyyətinin sabiq başçısı
Hacıbala Abutalıbov mayın 13-də
81 yaşını başa vuracaq. Hacıbala müəllimin sağlamlıqla bağlı hər hansı probleminin olduğu barədə xəbər yayılmayıb. Eks-mer uzunömürlülüyə doğru irəliləməyə davam edir.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri, hazırda Baş nazirin köməkçisi vəzifəsində işləyən
Əhməd Əhmədzadənin 80 yaşı var. O, yanvarın 7-də 81 yaşına adlayıb.
Keçmiş kənd təsərrüfatı naziri
İrşad Əliyev də
80 yaşını geridə qoyub. Bu ilin 30 iyununda İrşad Əliyevin 81 yaşı tamam olacaq.
Sabiq xarici işlər naziri
Həsən Həsənov bu ilin oktyabrında
85 yaşını tamamlayacaq.
Eks-mədəniyyət naziri, Azərbaycanın Rusiyadakı keçmiş səfiri, hazırda Milli Məclisin deputat mandatını daşıyan
Polad Bülbüloğlu da
80 yaşına adlayıb. Polad müəllim bu il fevralın 4-də 81 yaşına keçib.
Sabiq müdafiə naziri
Rəhim Qazıyev 82 yaşındadır. Ömrünün bir hissəsini (1993-2005) həbsdə keçirən eks-nazir fevralın 17-də 83 yaşa adlayıb.
Uzun müddət müxtəlif vəzifələrdə işləmiş, 25 il isə Milli Məclisin deputatı olmuş
Arif Rəhimzadə fevralın 3-də
85 yaşına keçib.
Keçmiş deputat, Azərbaycanın xalq artisti
Zeynəb Xanlarovanın da uzunömürlülər siyasına düşməyinə az qalıb. 25 il Milli Məclisin deputatı olmuş Zeynəb xanım bu ilin sonunda
89 yaşını tamamlayacaq. Məşhur sənətçi gələn il 90 yaşını qeyd edəcək.
Milli Məclisin eks-deputatı (1995–2005)
Südeyf İmamverdiyevin də uzunömürlülər kateqoriyasına düşməyinə sayılı illər qalıb. Belə ki, hazırda da gümrahlığını qoruyan sabiq deputat bu ilin iyulunda
87 yaşı ilə vidalaşıb 88-ə adlayacaq. Qeyd edək ki, Südeyf müəllim YAP-ı quran məşhur "91-lər”dəndir. O, həm də tanınmış həkimdir və təbii ki, öz sağlamlığının qayğısına necə qalmağı yaxşı bilir.
Milli Məclisin II, III, IV və V çağırış (2000-2020) deputatı olmuş
Yaqub Mahmudov fevralın 10-da 86 yaşı ilə xüdahafizləşib.
2005–2020-ci illərdə Milli Məclisinin deputatı olmuş, 1987-ci ildən 2015-ci ilədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsində çalışmış
Ağacan Abiyev bu ilin noyabrında 88 yaşına çatacaq.
1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuş, 2001–2023-cü illərdə isə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsini tutmuş tanınmış heykəltaraş
Ömər Eldarov sabiqlər arasında ən yaşlısıdr. O bu ilin dekabrında
98 yaşını tamamlayacaq.
2010-2020-ci illərdə Milli Məclisdə təmsil olunmuş sabiq deputat
Elxan Süleymanov 85 yaşın içindədir.
80 yaşını tamamlayan sabiqlərdən ikisi hazırda Azərbaycandan kənarda yaşayır.
Azərbaycanın sabiq Baş naziri (1995–1996), Baş nazirin eks-birinci müavini (1994–1995) və Milli Məclisin keçmiş deputatı (1995-2000)
Fuad Quliyev bu ilin iyulunda
85 yaşını tamam edəcək. Onun hazırda Ukraynada yaşadığı bildirilir.
1993-1995-ci illərdə Azərbaycanın müdafiə naziri olmuş general-leytenant
Məmmədrəfi Məmmədovun da kifayət qədər yaşı var. O, fevralda
83 yaşını tamam edib. Sabiq nazirin hazırda Rusiyada yaşadığı bildirilir.
скачать dle 12.1