Azərbaycanda gələcək müəllimlərin təcrübə keçmə müddəti artırılır

12-10-2015, 16:45
0
Azərbaycanda gələcək müəllimlərin təcrübə keçmə müddəti artırılır
Azərbaycanda ali məktəblərdə pedaqoji ixtisaslar üzrə təhsil alan gənclərin ixtisaslar üzrə təcrübə müddəti artırılacaq. Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.
 
Bu işin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirildiyini deyən İ.Nağıyev əlavə edib ki, hazırda Təhsil Nazirliyində bununla bağlı iş aparılır.
 
Nazirlik rəsmisinin sözlərinə görə, hazırda pedaqoji ixtisaslar üzrə təhsil alanların təcrübə müddəti 3-4 həftədir: "Amma təcrübə müddətinin daha uzun olması lazımdır".
 
İ.Nağıyev qeyd edib ki, təcrübə müddəti bakalavrın oxuduğu 4 il ərzində də, məzun bakalavriatı bitirdikdən sonra da ola bilər. Lakin bu müddətin nə qədər və nə zaman olacağı hələ müəyyənləşdirilməyib: “Təcrübə müddəti bakalavrın oxuduğu 4 ilə daxil edilib 1 il olsun, yoxsa tələbə 4 il təhsil aldıqdan sonra 5-6 ay təcrübə keçsin – bununla bağlı hələ qəti qərar verilməyib. Amma təcrübə müddətinin daha uzun olması lazımdır. Elə olmalıdır ki, məzun sentyabrda məktəbə gedəndə dərs keçməyə tam hazırlıqlı olsun”.
 
Nazirlik səlahiyyətlisinin sözlərinə görə, bunun üçün pedaqoji ixtisaslar üzrə tədrisin keyfiyyətinin də yüksəldilməsi lazımdır: “Biz keyfiyyətdən də danışmalıyıq. Amma ali təhsil müəssisəsinin tədris planının dəyişdirilməsi elə də asan məsələ deyil. Biz orada nəyisə dəyişsək, bu, avtomatik olaraq 1, 2 və 3-cü kurslar üzrə təhsil alanlara, yəni hamıya təsir edəcək”.
скачать dle 12.1
Xəbər lenti