Zabitlər məktəblərdə hərbi dərs keçirlər

29-10-2015, 00:22
0
Zabitlər məktəblərdə hərbi dərs keçirlər


Ehtiyatda olan zabitlər məktəblilərə hərbi hazırlıq dərsləri keçir.

Azərbaycanın müharibə şəraitində olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Yeniyetmə və gənclərə milli ruhun aşılanması prosesi hələ körpə yaşlarından həyata keçirilməli, məktəblərdə davam etdirilməli və təkmilləşdirilməlidir. Bu baxımdan orta məktəblərdə tədris olunan hərbi-hazırlıq fənlərinin böyük əhəmiyyəti var. Ümumtəhsil məktəblərinin yuxarı siniflərində şagirdlərə hərbi dərslər keçirilir. Lakin onların keçirilmə şəraiti, bu dərs üçün ayrılan otağın lazımi avadanlıqlarla təchiz edilməməsi, şagirdlərə nəzəri biliklər öyrədilərkən onlara praktik dərs keçmək üçün hərbi vəsaitlərin olmaması tədrisin keyfiyyətli olmayacağını göstərirdi.
 
Son vaxtlar Təhsil Nazirliyi bu istiqamətdə müəyyən addımlar atıb, lakin bu respublikanın əksər məktəblərində vəziyyətə o qədər də təsir etməyib.
 
Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumtəhsil məktəblərinin X və XI siniflərində “Gənclərin çağırışaqədərki hazırlığı” (GÇH) fənni tədris edilir, şagirdlər Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dərsliklərlə təmin olunub. Ümumtəhsil müəssisələrində yaradılmış GÇH kabinetlərinin tədris vəsaitləri ilə təchizatı sahəsində müvafiq tədbirlər görülür.
 
Nazirlikdən bildirilib ki, bu fənni əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fiziki tərbiyə və GÇH fakültəsini bitirənlər tədris edir:
 
“Bununla belə, Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsi”nin tələblərinə uyğun olaraq, ümumi təhsil müəssisələrindəki vakant Gənclərin Çağırışaqədərki Hazırlığı rəhbəri vəzifələrinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli şöbələri ilə razılaşdırılaraq ehtiyatda olan zabitlər də təyin edilir”.
 

 

Məlumatda o da qeyd olunub ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi  Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarından ibarət komissiya tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun bir sıra ümumtəhsil  müəssisələrində  Gənclərin Çağırışaqədərki Hazırlığı  üzrə  işlərə  rəhbərlik  və  nəzarətin  təşkili  vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlər keçirilib, mövcud vəziyyətin təhlili aparılıb, bu sahədə qarşıda duran vəzifələr müəyyənləşdirilib və icrasına başlanılıb.
скачать dle 12.1
Xəbər lenti