Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi? - Ekspert TƏHLİLİ

17-12-2015, 12:27
0
Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi? - Ekspert TƏHLİLİ
Respublikamızın  orta məktəblərində buraxılış imtahanlarının  aparılması orta məktəblərin, lisey və gimnaziyaların özlərinə tapşırılmalıdır. Bu, pedaqoji kollektivin nüfuzuna ciddi təsir edə bilən amillərdən biridir. İlboyu “əla” qiymətlərlə oxuyanlar  buraxılış imtahanlarından qeydsiz, şərtsiz azad olunmalıdırlar.
 
Ali təhsil müəssisələrinə qəbul imtahanları barədə də hərtərəfli fikirləşmək lazımdır. Dünyanın bir sıra ölkələrində ali məktəblərə qəbul imtahansız aparılır. Başqa sözlə, ali məktəb orta məktəbə inanır, qəbulu onun buraxılış imtahanlarının nəticələri əsasında aparır. Əvvəllər Azərbaycanda bu istiqamətdə müəyyən tədbirlər görülürdü; orta mətəbi qızıl və ya gümüş medalla qurtaranlar kiçik müsahibə aparmaqla tələbə adına layiq görülürdülər. Keçən əsrin 60-cı illərində bu qaydada müəyyən dəyişiklik edildi; orta məktəbi qızıl və ya gümüş medalla qurtaranlar qəbul imtahanlarının birincisindən “əla” qiymət aldıqları təqdirdə, onlar digər imtahanlarından azad edilirdilər. İlk qəbul imtahanından “əla” qiymət almayanlar isə sonrakı imtahanlarda da iştirak edir, qəbul ümumi qaydalar əsasında aparılırdı.
 
 İndi orta mətəb şagirdlərinin qızıl bə ya gümüş medalı yalnız prestij üçündür. Başqa sözlə, medalın var, çox yaxşı, imtahan ver, sübut et ki, dilin də var, dilçəyin də...
 
Ali məktəblərə qəbul hələ ki, test imtahanları ilə aparılır. Yəqin ki, yaxın gələcəkdə orta məktəbin son sinfindən birbaşa ali məktəbə keçid imkanları yaranacaqdır.
 
Hələ ki test imtahanları qüvvədədir, qəbul imtahanları üçün yararlı hesab etdiyim "BUNKER MÜƏLLİMİNİN VƏZİFƏLƏRİ" layihəsi şərti adı ilə öz fikirlərimi oxucularla, o cümlədən qəbul imtahanı  təşkilatçıları ilə bölüşmək istəyirəm.
 
Yeri gəlmişkən,"bunker müəllimi"  söz birləşməsinə öz fikrimi bildirmək istəyirəm. TQDK-da belə bir vəzifə yoxdur. TQDK-nın xətti ilə qəbul imtahanlarına çağırılanların bəziləri özlərini cəmiyyətə belə tanıtmaq istəyirlər. Guya onlar test bankından istənilən testi seçmək iqtidarındadırlar, qəbulla ilgili hər bir nəsnə onlardan asılıdır. Bu, yanlış fikirdir, bunkerin deyilməsi yasaq olmayan qanunları var. TQDK elmi gücünə, metodiki hazırlığına, cəmiyyətdə qazandığı nüfuza görə (başqa meyarlar da ola bilər) hər fənn üzrə 2-3 müəllimi qəbul imtahanlarında iştirak etməyə dəvət edir. Onlar qəbul imtahanlarının təlimatı ilə tanış olandan sonra hər müəllimdən ikirəqəmli bir sayın adını çəkmək  təklif olunur (məsələn, 13, 27, 94 və sair). İmtahan rəhbəri  məhz bu nömrələrlə işarə olunmuş test bloklarını müəllimlərə təqdim edir.  İmtahan testləri  də məhz bu  variantlardan seçilir. Deməli, bunkerə dəvət olunmuş müəllimin vəzifəsi  əsasən bundan ibarət olur.  
 
Mən TQDK-nın  formalaşmasında az-çox  zəhməti olan  mütəxəssislərdənəm.1994-cü ildən TQDK ilə əməkdaşlıq edirəm. 1994-1995-ci illərdə TQDK-nın Azərbaycan dili və ədəbiyyatı seminarının rəhbəri olmuşam. Dəfələrlə bunkerə dəvət olunsam da, heç vaxt  özümü  “bunker müəllimi” kimi tanıtmamışam. İmtahandan sonra "Space" televiziya kanalı ilə yayımlanan verlişə də getməyi lazım bilməmişəm.
 
TQDK-nın tarixi 1992-ci ildən başlayır. 1994-cü il isə burada  fənn seminarlarının formalaşdığı ildir. 1994-cü ildə TQDK-da  yaradılan fənn komissiyalarının dördünə o vaxtlar direktor müavini işlədiyim Araz Ekologiya Liseyinin 4 əməkdaşı rəhbərlik edirdi. Başqa sözlə, Ekologiya Liseyi bir növ TQDK-nın baza müəssisəsinə çevrilmişdi. Müəllimlərimizdən kimya elmləri namizədi Elxan Əmirbəyov - TQDK-nın fizika, biologiya elmləri namizədi Tariyel Heybətov-biologiya, kimya elmləri namizədi Vəli Əliyev - kimya  fənni üzrə  seminara rəhbərlik edirdi. 
TQDK-nın Azərbaycan dili və ədəbiyyatı seminarının  ilk rəhbəri isə mən idim. 
 
Seminarlarda test testologiyalarının  geniş imkanlarından səmərəli istifadə edərək, qəbul imtahanları üçün lazım bilinən bütün fənlər üzrə mükəmməl test bankının yaranmasının tarixi o vaxtlardan başlayır. Tarixin yaddaşı  üçün bu gün Azərbaycan dili və ədəbiyyatı fənni üzrə hazırlanan test bankının formalaşmasında semihar iştirakçılarının adını çəkmək istəyirəm: Bilal Həsənli, Soltan Əliyev, İsmayıl Əhmədov, İsmayıl Məmmədov, Bayram Əhmədov,  Sara Zeyniyeva,  Səlminaz Hüseynova  və başqaları... 
 
Məndən sonra TQDK-nın Azərbaycan dili və ədəbiyyatı seminarına bir neçə il  BDU-nun dosenti  İsmayıl Əhmədov rəhbərlik edib. İsmayıl Əhmədovun vəfatından sonra bu iş AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanova tapşırılıb.
 
Hazırda  Azərbaycan dili və ədəbiyyatı məsələlərinə TQDK-nın ayrı- ayrılıqda  fəaliyyət göstərən  iki seminarında baxılır. Azərbaycan dili seminarına BDU-nun professoru, filologiya elmləri doktoru  Tofiq Müzəffər oğlu Hacıyev rəhbırlik edirdi. 
 
Bu gün TQDK böyük və yüksək səlahiyyətli elmi-metodiki quruma çevrilib. TQDK-nın qəbul imtahanı testləri test texnologiyasına uyğun  olaraq,Təhsil Nazirliyinin xətti ilə tərtib və təsdiq olunan proqramlar əsasında hazırlanır. Qəbul imtahanlarına aid testlər  TQDK-nın bunkerində əvvəlcədən müəyyənləşdirilmiş  mövzular üzrə seçilir.
 
 Mövzulara aid testlər, yazının əvvəlində dediyim kimi, şərti rəqəmlər əsasında cəmlənmiş test bloklarından seçilir. Burada tam məxfilik və şəffaflıq var. Bunkerə dəvət olunmuş müəllimlərin bu testləri, demək olar ki, birinci dəfə görürlər. Bunkerə dəvət olunmuş  ekspert müəllimlər  bəzi testlərin  test bankına qəbulunda iştirak etdikləri üçün onların 1-2 testlə  məlumatlı olma ehtimalları var. Bundan başqa, yeni test tapşırıqları ilə yanaşı, hər qəbul imtahanında əvvəlki illərin qəbul imtahanlarında istifadə olunması faktı da diqqətdən yayınmamalıdır. Mənə elə gəlir ki, əvvəlki illərin testlərindən tədricən imtina olunmalıdır.
 
TQDK-nın xətti ilə bütün fənlər üzrə test topluları çap edilərək, abituriyent və müəllimlərə çatdırılmışdır. Bu testlərdən V-X sinif şagirdləri də mötəbər mənbə kimi istifadə edirlər. Məncə, TQDK-nın testlərindən  mötəbər və elmi-metodiki mənbə kimi  hər bir təhsil ocağında istifadə olunmalıdır. Qəbul imtahanlarında bu testlərdən istifadə etmək abituriyentlərin qəbul imtahanlarına hazırlaşmaları üçün  geniş imkanlar yaradır.  Yaxşı olar ki,  qəbul imtahanı testləri  TQDK-nın test bunkerdə hazırlansın. Başqa sözlə,imtahanda hazır testlərdən istifadə olunmasın.  Səhv etmirəmsə, 1992-ci ildə TQDK- da  ali məktəblərə qəbul imtahanlarında bu üsuldan istifadə olunmuşdu. 1995-ci ildə isə bunkerdə  bəzi testlərə müdaxilə olundığu üçün TQDK bir neçə testi abituriyentlərin xeyrinə  ləğv etmişdi.
 
 Testlərin bunkerdə yazılması sahəsində  Respublika Təhsil Nazirliyinin vaxtilə yaxşı  bir təcrübəsi var idi. 1995-cı ildə eksternat imtahanları üçün maraqlı  bir layihə həyata keçirildi; müxtəlif fənlər üzrə 10-15 müəllimi səhərin alaqaranlığında o vaxtkı təhsil naziri Lidiya Xudat qızı  Rəsulovanın kabinetinə dəvət etmişdilər. Nazir eksternat imtahanları haqqında qısa məlumat verib,  məsələnin mahiyyətini və ilk layihə kimi əhəmiyyyətini  vurğulayandan sonra ümumi nəzarəti  nazirliyin əməkdaşlarından birinə  tapşırıb,  nazirliyi tərk etdi.
 
Hökumət evinin 9-cu mərtəbəsində yerləşən nazirliyin nazir kabineti yerüstü bunkerə -qapalı mühitə çevrildi, ətraf aləmlə bütün rabitə əlaqələri  kəsildi. Biz bir neçə saat ərzində proqram əsasında  test sualları hazırladıq. Eksternatlar -sonrakı sinifdə oxumamaq şərti ilə bir sinifdən- 9-cu sinifdən  11-ci  sinfə  keçmək istəyənər nazirin kabinetində hazırlanan testlər əsasında elə həmin gün  şəhərdəki orta məktəblərin birində  bəlkə də bir neçəsində) 8 fəndən imtahan verdilər. İmtahanda  respublikanın 160 nəfərdən çox IX sinif şagirdi  öz bilik və bacarıqlarını göstərməli idi.
 
İmtahan günü yaradılan  eksternat bunkerində nazirin kreslosunda oturan mətbuat katıbi Bayram Hüseynzadənin ciddi nəzarəti altında hazırlanan test sualları  elmiliyinə, proqrama uyğunluğuna, metodiki  baxımdan  düzgünlüyünə görə mübahisə doğurmadı. (Eksternat bunkerinə işləmək üçün dəvət olunan bir  neçə müəllimin  adını tarixdə qalmaq üçün sadalamaq istəyirəm - Araz Ekologiya Liseyinin müəllimləri - biologiya müəllimi, biologiya elmləri namizədi  Fərhad Ağayev,  kimya müəllimi, kimya elmləri namizədi Vəli Əliyev, Azərbaycan dili və ədəbiyyatı müəllimi Nazim Nəsrəddinov. ..).
Testlər bir neçə saat ərzində  hazırlandı, imtahan keçiriləcək məktəblərə (bəlkə də cəmi bir məktəbə) göndərildi.
    
 Bizi nazirin bunkerindən imtahan qurtarandan sonra azad etdilər.
 
Maraqlıdır ki, aşkarlıq şəraitində keçən eksternat imtahanından heç kəs 8 fənnə aid testlərin hamısına lazım olan balı toplaya bilmədi. Cəmi iki şagird 6 fənnə aid test suallarından keçid üçün lazım olan balı toplaya bilmişdi. Onlardan biri 82 nömrəli məktəbin  təlimi Azərbaycan dilində olan şöbəsinin şagirdi Səbuhi Əhmədov, digəri isə Ekologiya liseyinin rus bölməsinin  Bağırov soyadlı şagirdi idi. (İndi onların hər ikisi respublikada yaxşı mütəxəssis kimi tanınır). Onlar eksternat imtahanlarında  hamıdan cox bal toplasalar da, növbəti dərs ilində - 10-cu sinfində  ancaq 6 fənnin məşğələlərində iştirak etməkdən azad olundular. Deməli, layihə özünü doğrultmadı, tələsənlər  təndirə düşməsələr də, sinif yoldaşları ilə bir ildə ali məktəbə daxil olmaq məcburiyyətinə qaldılar. (Mən qaliblərin hər ikisinin adını və soyadını imtahandan sonra təsadüfən öyrəndim.  Eksternatların  ikisi də TQDK ilə  əməkdaşlıq edən elmlər namizədlərinin övladları idi. Bu şagirdlərə növbəti dərs ilində - XI sinifdə ancaq kəsildikləri fənlərə aid məşğələlərə getməyə icazə verildi). Deməli, eksperiment özünü doğrultmasa da,bunkerdə test yazmağın yüksək əhəmiyyət kəsb etməsi yadda qaldı.
 
Maraqlıdır ki, o vaxt  məşhur aşıqlardan biri nə qədər cəhd etsə də, qızının məktəbi tez qurtmasına yol tapa bilmədi. 
 
 1995-ci ildən sonra "9-cu sinifdən birbaşa 11-ci sinfə" layihəsi üzrə eksternat imtahanları keçirilmədi.
Mənə elə gəlir ki, yaxşı niyyətli bu layihəyə yenidən yaşıl işıq yandırılmalıdır.  Axı vunderkindləri də başa düşmək lazımdır.  Belə ki,  möcüzə-uşaqlara  ömürlərinin bir ilini  maraqslız işlərə sərf etmək  çox cansıxıcı və darıxdırıcı olur.
 
Sözün canı. Ali məktəblərə qəbul imtahanı testlərinin də imtahandan bir gün əvvəl bunkerdə yazılması  daha məqsədəuyğundur. Bu işi  görmək üçün TQDK-nın elmi-metodiki seminarlarında öz peşə ustalıqları ilə fərqlənən, eləcə də bölgələrdə test texnologiyasından xəbərdar olan yüzlərlə müəllim var. Bu, qəbul imtahanlarında şəffaflığın ən yaxşı nümunəsi ola bilər.
 
Nazim Nəsrəddinov, 
Azərbaycan Respublikasının əməkdar müəllimi,
TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti,
“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
скачать dle 12.1
Xəbər lenti