Asan ödəniş etmək istəyənlər üçün...

11-03-2016, 14:47
0
Asan ödəniş etmək istəyənlər üçün...
Bir müddət öncə Azərbaycan Banklar Assosiasiyasında (ABA) bankların əhaliyə daha innovativ ödəniş texnologiyalarının təqdim edilməsi və tətbiqi üzərində işlərin aparılması və bu sahədə mövcud problemlərin həlli ilə bağlı müzakirələrin aparıldığı bildirilmişdi.
 
 
ABA-nın nəzdindəki "Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları" üzrə Ekspert Qrupundan verilən məlumata görə, hazırda Azərbaycanda xüsusən Skandinaviya ölkələrində geniş istifadə olunan "Svish" mobil ödəniş texnologiyasının tətbiqi üzərində müzakirələr aparılır və bu innovasiyanın müştərilərə verə biləcəyi imkanlar nəzərdən keçirilir. Qeyd edilib ki, "Svish" İsveçdə 2012-ci ildən uğurla tətbiq olunur və artıq bu mobil ödəniş texnologiyasının aktiv istifadəçilərinin sayı 4 milyon nəfəri keçib. Bu mobil ödəniş həm müştərilərin bir-birinə vəsait köçürməsinə, həm də ticarət obyektlərinə və ya satıcıya bir neçə saniyə ərzində ödəniş etməyə imkan verir. Bunun üçün smartfonun, bank hesabının və öz adınıza olan mobil nömrəsinin olması yetərlidir. Ödənişlər mobil və ya WI-FI internet bağlantısı olan istənilən yerdən həyata keçirilə bilər. Bu applikasiya vasitəsilə istər ölkənin hər hansı ucqar nöqtəsindən, istərsə də xaricdən ödənişlər etmək çox asandır. Eyni zamanda, bu texnologiya elektron və mobil kommersiya ödənişlərini də dəstəkləyir. Hazırda, Qrup bu yexnologiyanın yerli bazara uyğunluğu imkanları və müvafiq texniki məsələlərini nəzərdə keçirir.
 
 
Bununla bağlı iqtisadçı-ekspert Pərviz Heydərov Milli.Az-a şərhində mobil ödəniş sisteminin Azərbaycanda geniş tətbiqinin bir sıra üstün və çatışmayan cəhətlərini açıqlayıb: 
 
"Nağdsız ödənişlərin fövqəladə üstünlükləri var. Birincisi, bu, əhali ilə hökumət qurumları, eləcə də ticarət və ictimai iaşə qurumları arasında ödənişlərdə operativlik, dəqiqlik və rahatlıq yaradır. İkincisi, vergidən yayınma hallarının qarşısını alır. Üçüncüsü isə, dövriyyədə nağd pul vəsaiti həcmini azaltmaqla dolayısı ilə inflyasiya və qiymət artımının da qarşısını almağa kömək edir. Mobil ödəniş sistemi, eləcə də "Svish" ödəniş texnologiyası da qeyri-nağd ödəniş mexanizminin tərkib hissəsidir. Ancaq burada bəzi nüanslar var. Məsələ bundadır ki, bizdə əslində Beynəlxalq Bankın MobilBank xidməti var.. MobilBank xidmətinə qoşulmaq üçün isə bankın filialına müraciət etməyə və ya xüsusi SİM-kart almağa ehtiyac da yoxdur. Üstəlik, bu xidmətə bütün mobil operator istifadəçiləri Azərbaycan Beynəlxalq Bankının və AzeriCard prosessinq mərkəzinə aid olan digər bankların istənilən bankomatı vasitəsilə qoşula bilərlər. Burada əsas məsələ vətəndaşların bu sahədə nə qədər anlayışlı və məlumatlı olmasıdır".
 
 
Ona görə də ekspertin fikrincə, belə məsələlərdə ilk növbədə əhali də geniş məlumatlandırılmalı, insanlarda bu yeniliyə maraq oyadılmalıdır: "Texnologiyanı gətirib tədbiq etmək asandır. Ondan istifadə olunacaqmı? Kimlər istifadə edəcək? Əhalinin neçə faizi bunda maraqlı olacaq? İndinin özündə də vətəndaşlarımızın böyük əksəriyyəti maaş və pensiyalarını plastik kartlarla alır, amma nağdsız ödəniş imkanlarına isə demək olar, heç bir maraq göstərmir. "Svish" mobil ödəniş texnologiyası nağdsız ödəniş sisteminə aid ən mütərəqqi mexanizmdir. Ancaq gəlin əvvəlcə əhalini nağdsız ödənişlərə təşviq edək, sonra bu kimi sahələrdə ən mütərrəqi mexanizmləri cəlb etməyə başlayaq".
скачать dle 12.1
Xəbər lenti