Nardaran məhbusları son söz deyir: “Bizim bəraətimizi xalq verib” VİDEO

18-01-2017, 17:04
0
Nardaran məhbusları son söz deyir: “Bizim bəraətimizi xalq verib” VİDEO

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin (“Nardaran işi”) məhkəməsi davam edib. Prosesdə təqsirləndirilən şəxslər son söz deməyə başlayıb.

Həmişəki kimi məhkəmənin önündə təqsirləndirilən şəxslərin yaxınları ilə yanaşı, çox sayda ictimaiyyət nümayəndələri toplaşıb. AXCP sədri Əli Kərimli və partiya rəhbərliyinə daxil olan şəxslər yenə də məhkəmədə iştirak edib. Əli Kərimli həm məhkəmə fasiləsi zamanı, həm də iclasın sonunda proses barədə toplaşanların qarşısında çıxış edib.

“Xalq bizim cinayətkar olmadığımızı bilir”

Məhkəmədə isə son sözlə ilk çıxış edən Bəhruz Əsgərov olub. O, ittiham üzrə özünü təqsirli bilmədiyini deyib:

“Mənz ən ağır maddələrlə ittiham verilib. Ancaq qətiyyən özümü təqsirli bilmirəm. Hamısı böhtan və absurddur. Təəssüf ki, biz burada müttəhim kimi çıxış edirik, amma əslində, zərərçəkmişik. Sübut və dəlillərdən də aydın oldu ki, günahsızıq. Vəkillərimiz bunu sübut etdi. İttihamlar cəfəngiyyatdan başqa bir şey deyil. Nardaranda imam ehsanı zamanı dinc əhalini güllə atəşinə tutdular. Qadın və uşaqların olmasına baxmayaraq, odlu silahdan istifadə etdilər. Güllələyib atıb getdiklərindən biri də mənəm. Onda Sarvan Səfərov, Cahad Babakişizadə və Şamil Abduləliyev də mənimlə bir yerdəydi. Kənd camaatı məni və digər yaralıları kənddəki tibb məntəqəsinə çatdırdı. Onda Sarvan hələ danışırdı. Orada tibbi yardım göstərilmədi. Yoxsa Sarvan yaşayardı, ailəsi də başsız qalmazdı.

Bizi xəstəxanaya çatan kimi həbs etdilər. Orada da məni vurmaq istədilər, amma bir polis qoymadı. Xəstəxanada olanda bildim ki, bunlar bizim işimizi ağırlaşdırmaq üçün öz polis yoldaşlarını da vurublar. Mənə narkotik tərkibli dərmanlar verdilər. Təsəvvür edib, reanimasiyadan çıxarıb, o dərmanların təsiri altında, özümdə olmaya-olmaya müstəntiq mənə ifadəyə qol çəkdirdi. Doqquz gün reanimasiyada qalandan sonra palataya köçürtdülər. Palatada əllərimiz çarpayıya bağlı vəziyyətdə saxlanılırdıq. Bizi təhqir edirdilər. Orada bildim ki, yazıblar, guya məndə qumbara olub. Dedim o ifadə mənə aid deyil, məndə qumbara olmayıb. Bir ayağım gibsdə idi. Hətta təbii ehtiyaclarımı da özüm ödəyə bilmirdim. Bir aydan sonra gipsi özüm açdım. Vəkilim olmadan mənə sanksiya verdilər. 2 ay köməksiz vəziyyətdə saxladılar. Ev dustaqlığı barədə vəsatətim təmin edilmədi. Mən burada polis əməkdaşı Kənan Heybətova suallar verəndə ayağıma arxadan güllənin necə dəydiyini əsaslandıra bilmədi. Orada hal şahidləri ümumiyyətlə, olmayıb. Məni Kənan Heybətov təcili yardımla xəstəxanaya yola salmayıb, kənd camaatı aparıb tibb məntəqəsinə, oradan da xəstəxanaya. Bunu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından vəkilimin sorğusuna cavabda da yazıblar. Məhkəmədən tələb edirəm Kənan Heybətov yalan ifadə verdiyi üçün məsuliyyətə cəlb olunsun. Eləcə də Süleyman adlı müstəntiq məsuliyyətə cəlb olunsun ki, məni reanimasiyadan çıxarıb, o vəziyyətdə ifadəyə qol çəkdirib. Mən onda heç doğru-düzgün danışa bilmirdim.

Məhkəmə bütün olanlara göz yumdu. Məhkəmədən heç nə gözləmirəm. Çünki indiyə qədər qanunsuzluqlara göz yumması buna əsas verdi.  Biz Cahadla xəstəxanada olanda Sabunçu Rayon Polis İdarəsinin rəisi gəlib dedi ki, “sizi 15-16 il cəza gözləyir, həbs olunarsınız, ağlınız başınıza gələr”. “Bandotdel”də də eyni sözü dedilər. Prokurorun da mənə 15 il istəməyi göstərir ki, bu, bizə öncədən qoyulan cəza idi. Hər biriniz sifariş yerinə yetirirsiniz, işə sifarişlə baxırsınız. Xalq bizim cinayətkar olmadığımızı bilir. Xalq bizə bəraət verib.

Ötən əsrdə də belə sifarişli hökmlərlə bizim görkəmli şəxsiyyətlərimizi güllələyiblər, amma baxın, o adamların adları bu gün də fərəhlə yad edilir. Onlara hökm çıxaran hakimlər isə lənətlənir. Bu aqibət sizi də gözləyir. Bizə 15 il də versəniz, ömürlük istəyirəm. Haqq sözünü dediyi üçün, demokratiya uğrunda mübarizə apardığı üçün Taleh Bağırzadə indi həbsdədir. Xalqın qeyrətini çəkmək, azadlığı uğrunda mübarizə aparmaq ən ağır cəzaya layiqdirsə, mənə də ağır cəza verin. Görkəmli şəxsiyyətlərimiz önündə qara bulud kimi dayanmayın. İndi həmin görkəmli şəxslər Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digərləridir.

Bu xalq qeyrətli xalqdır. Bu xalq əliyalın sovetin top-tüfənginin qarşısına çıxan xalqdır. Xalq öz sözünü deyəcək. Bizi həbslə qorxuda bilməzsiniz. Xalq artıq bezib rüşvətlə yaşamaqdan, polis zorakılığından, savadsızlıqdan, səhiyyədəki səriştəsizlikdən, 100 manat pensiya alıb 200 manat kommunal xərcləri ödəməkdən. Ölkədə polis qorxu mənbəyinə çevrilib. Biz tutulduqdan sonra xalq  bizi dəstəklədi.

Sizə görə həbs zaman və məkandır, amma bizə görə zaman və məkan Allaha məxsusdur. Siz bizə ömürlük verməklə haqq səsimizi kəsə bilməzsiniz. Xalqın demokratikləşməsi uğrunda həbsdə olmaq şərəfdir. Biz zalımın top-tüfəngi qarşısında kişi kimi dayanmışıq. Haqq ədalət öz yerini tapacaq. Axirətdə inşallah sizinlə bir yerdə olacağıq, Allah hökm verəcək. Onda siz son sözünüzü deyəcəksiniz. Mən bu məhkəmədən heç bir ədalət gözləmirəm. Hakimin hökmünün əhəmiyyəti yoxdur. Hökm Allaha məxsusdur”.

Daha sonra Taleh Bağırzadə son sözlə çıxış edib. O, onları müdafiə edən vəkillərə, təşkilat, partiya və digər dəstək olanlara təşəkkür edib:

“Siz mənim cismimi həbs etmisiniz”

“Qərb ölkələrinin səfirliklərinin nümayəndələri gəlib bizə dəstək oldular. Mən hesab edirdim ki, müsəlman ölkələri bizi müdafiə edərlər. Xüsusi təşəkkürümü zərif qəhrəmanım olan Leyla Yunusa bildirirəm. Mən dəfələrlə şərlənib həbs edilmişəm. Həmişə bir-iki maddə ilə ittiham verirdilər. Bu dəfə 21 maddə ilə ittiham veriblər. Ona görə hər şeydən danışa bilərəm. Nardaran hadisələri tarix yazdı. Bizim üçün bu şərəfli tarixdir. Siz mənim cismimi həbs etmisiniz. Mənə işgəncə veriləndə həzz alırdım. Allah özü mənə belə güc vermişdi. Mən çoxdan Fuad Qəhrəmanlı ilə tanış olmaq istəyirdim. Onun həbsi bizim nə qədər xeyrimizə oldu. Bu ailə bizə yardımçı oldu. Mən özümə bacı olaraq Zümrüd Yağmuru tapmışam. Onun yazılarını oxuyurdum. O kişi qeyrətli qadındır”.

T.Bağırzadə ifadəsində bildirib ki, Nardaran hadisəsi əqidə formalaşdırıb:

“Mənə dəstək məktubları gəlir. Hər kəsə təşəkkürümü bildirirəm. Mənə prokuror iş istədi. Mən tək-tük hallarda bəddua edirəm. Bu gənc prokurora bəddua etməyəcəm. Çünki sistem düzgün olsa, bunlar olmazdı. YAP yaradıcısı olan Siruz Təbrizli deyirdi ki, YAP simasız quldurların partiyasıdır. Lakin mən deyərdim ki, simalı quldurlar partiyasıdır. Biz quldur hökumətlə baş-başa gəlmişik. Tarix təkrarlanır. Bu, 37- ci ildir. Sadəcə o zaman xalq müstəqil deyildi. Nardara hadisəsi Allahın bir lütfüdür. Məndən Əli Kərimli əleyhinə ifadə almaq istəyirdilər. Çünki bizim birliyimizdən qorxurlar. Hakimiyyət bizi cəzalandırmaq istədi, lakin bacarmadı. Bu gün xalq quyudadır. Xalqı çıxarmaq üçün hamımız bir olmalıyıq. Bu gün xalqın bugünə düşməsinə səbəb devalvasiya və banklar yox, rəhbərliyin zülmüdür. Xalq bu zülmlərdən qorxur. Xalq Allahdan qorxmur, amma bu quldurlardan qorxur. Biz də onlara çatdırdıq ki, qorxmaq lazım deyil. Türkiyədə polis şəhid olanda adamlar yas saxlayır. Ancaq burada polis insanları şərləyir, işgəncə verir. “Bandotdel”də 47 gün məni hamama getməyə qoymadılar. Mən paltarımı yuyub yaş geyinirdim. İşgəncə verənlər də deyirdi ki, biz öz paltarımızı sənə verək. Mən razı olmadım. Xalq Allahdan qorxmalıdır. Niyə bütpərəstliyə şərait yaradırsınız? Məmurlar gəlir Heydər Əliyevin məzarı önündə baş əyirlər. Mən erməni tərəfdə qalan əsgərin meyidinə görə narahatam. Ermənilər bu hakimiyyətə görə sevinirlər. Ona görə sevinirlər ki, bilirlər bunlar Qarabağı alan deyil. Görün biz necə hakimiyyətlə qarşı-qarşıyayıq. Bu hakimiyyət oğurluğu, rüşvətxorluğu dövlət siyasətinə çevirib. Bununla fəxr edirlər. Bu hakimiyyət əvvəl-axır gedəcək. Azərbaycan hökumətində milli maraq yoxdur”.

T.Bağırzadə məhkəmədə fasilə elan olunduğu üçün çıxışını yarımçıq saxlayıb və fasilədən sonra davam etdirib:

“Biz Azərbaycan xalqının xilas yolunu demişik. Bir gün xalq öz hakimini seçəcək. Bu hökumətdə ədalət deyilən şey yoxdur. Əvvəllər ümid edirdim ki, islahatlar olacaq. Ancaq “Bandotdel”ə düşəndən sonra onların əsl simalarını gördüm. Bu hakimiyyət islah olunan deyil. Mən oraya inamlı, sivil adam kimi girmişdim. Çıxanda inqilabçı kimi çıxdım. Biz inqilab edəcəyik və bu sivil yolla olmalıdır. “Bandotdel”də Əbülfəz Bünyadovun sinəsinin üstündə oturub ağzına zorla araq tökürdülər. Bunlar yezid xislətlidirlər. Bu, Azərbaycan hakimiyyətinin simasını göstərir. Biz dünyada mühakimə olunaq, amma axirətdə yox. Biz buna razıyıq. Biz olmasaq da, başqaları gələcək. Deyirlər ki, siyasi məhbus yoxdur. Necə yəni yoxdur? Xalq öz rəhbərini seçməlidir. Konstitsiyaya əməl olunmur. Hakimiyyəti mənimsəmək ən böyük cinayətdir. Onlar öz layiqli cəzalarını alacaqlar. Biz istəyirik qanunlara əməl edilsin. İlham Əliyevin əlacı olsa Ramil Usubovu bu uğursuz əməliyyata görə “Azneft”də asar. Mən xalqı ayıq olmağa çağırıram…”.

T.Bağırzadə daha sonra ölkə başçısı İ.Əliyevə müraciətini səsləndirib:

“Nardaran qətliamının törədilməsində əsas rolu oynayan Ramil Usubovun düşüncə və əməlləri haqqında bir neçə mühüm məqamı çatdırmaq istəyirəm. Azərbaycan cəmiyyəti bu şəxsi atanızın və sizin rəhbərliyiniz dövründə çox ziqzaqlı fəaliyyəti ilə tanıyır. Belə ki, 2005-ci ildə onun rəhbərlik etdiyi nazirlikdə yuva salmış poqonlu quldurlar ifşa olunanda əsl polis işçisinə məxsus qürurla istefa verib getmək əvəzinə, dünyasını dəyişmiş və bu səbəbdən həmin vaxt özünü müdafiə edə bilməyən atanız Heydər Əliyevi şantaj edərək, hansısa cinayətkarın onun göstərişi ilə azadlığa buraxıldığını bildirdi və beləcə, şantajla postunda qalmağı bacardı.

Daha sonra 2015-ci ilin noyabrında Nardaranda baş vermiş qətliamda yenə özünü hər şeydən kənarda qoymaq məqsədilə cəmiyyətə sizi nişan verərək, mətbuatda “qəsəbədə baş vermiş qanlı əməliyyatın keçirilməsinə göstəriş prezidentdən gəlib” açıqlamasını verdi.

Hər şeyi başa düşmək olar, lakin cənab Usubovun hərəkətlərini anlamaq çox çətindir. Lap deyək ki, o cinayətkarı buraxmağa sizin atanız göstəriş verib, lap tutaq ki, Nardaranda o qanlı əməliyyatın keçirilməsinə şəxsən siz göstəriş vermişdiniz, bəs bütün bunları xəbər verməkdə Usubovun niyyəti nədir? Axı müdrik atalar deyir ki, kişinin yanında baş kəsərlər…

Cənab Əliyev, naziriniz Ramil Usubovun hərəkətləri bununla bitmir. Belə ki, bizim məhkəmə prosesində qondarma cinayət işinin materiallarına əlavə edilmiş “Tale Bağırzadənin müraciəti” adlı kitabçada ulu naziriniz Usubovun sizin və hakimiyyətinizin haqqında olan ürək sözləri öz əksini tapıb. Hətta həmin Əlövsət Abbasov belə, bu məşhur kitabçanın tədqiq olunmasından imtina edərək, Ramil Usubovun qəzəbinə tuş gəlməkdən qorxdu.

İlk olaraq, bu kitabçanın mənə aid olmadığını sizə açıq dəlillərlə sübut etdikdən sonra əsas mətləbə keçirəm.

Cənab Əliyev, siz ali təhsilli, ingilis dilində danışmaq bacarığına malik şəxssiniz, yəqin bu kitabçanın mənə aid olmaması ilə bağlı gətirdiyim dəlilləri anlamaqda çətinlik çəkməyəcəksiz. Dəlillər isə bundan ibarətdir ki, bu məşhur kitabçanın mətnində Nardaran hadisələrinə işarə olunur. Məlumunuz olsun ki, Nardaran hadisələri 26 noyabr 2015-ci ildə baş verib. Şübhəsiz ki, bu kitabçanı Nardaran əməliyyatının keçirildiyi zaman kəsiyində yazmağım qeyri-mümkündür. Deməli, bu kitabça mən həbs olunandan sonra yazılıb. Və mənim də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında bu kitabçanı hazırlamağım qeyri-mümkün olduğuna görə, deməli, bu kitabçanın müəllifi də mən yox, sizin naziriniz Ramil Usubovdu.

Niyə Ramil Usubov? Ona görə ki, Nardaran əməliyyatında bizim qardaşlarımızı güllə atəşinə tutaraq, məzlumcasına şəhid edən polis cildində quldurların içində şəxsən Ramil Usubov yoxdu. Lakin hadisədən sonra Usubov televiziya kanalları vasitəsilə Nardaranda şəhid edilən qardaşlarımıza hörmətsizlik edərək, “beş nəfəri məhv etdik” açıqlamasını verdi. Buna əsasən, “Hacı Tale Bağırzadənin müraciəti” adlı kitabçanın da birbaşa Ramil Usubov tərəfindən yazılması məlum olmasa da, onun rəhbərlik etdiyi qurumun bu kitabçanı təşkil etməsinin məsuliyyəti birbaşa Usubovun boynundadır. Bu səbəbdən də həmin kitabçanın müəllifinin Ramil Usubov olduğunu qeyd edirəm.

İndi isə keçək nazirinizin bu kitabçada mənim adımdan istifadə edərək, sizin və hakimiyyətinizin haqqında yazdığı ürək sözlərinə. Kitabçada sizin haqqınızda “oğru İlham Əliyev”, hakimiyyətiniz haqqında da “fahişəliyin tərənnümü olan hakimiyyət” ifadəsi işlədilir.

Bundan əlavə, məhkəmə prosesi zamanı verilən ifadələrə əsasən, xanımınız Mehriban Əliyevanın yüksək çinli polis məmurları tərəfindən ağır formada təhqir olunması haqda çox ciddi məlumatlar açıqlandı.

Yadınıza salım ki, 2013-cü ilin mart ayının 31-də Ramil Usubovun şər maşını məni şərləyərək, cibimə narkotik vasitə atıb həbs edəndə görkəmli sənətkar Zeynəb Xanlarovanın adından istifadə etmək istədilər. Ancaq həmin vaxtlar millət vəkili Zeynəb xanım cəsarətlə “kimi tutmaq istəyirsizsə, kişi kimi öz adınızdan tutun, mənim adımı bu işə qatmayın” – dedi. Zeynəb xanımın bu cəsarəti müqabilində sizin ictimai-siyasi məsələlər üzrə köməkçiniz, “Nardaran əməliyyatı”nın əsas ssenaristlərindən biri olan Əli Həsənov Zeynəb xanımı yetkin siyasətçi olmamaqda ittiham etmişdi. Yəqin Əli Həsənovun nəzərində yetkin siyasətçi üçün kriteriyalarda “üzə durmaq” əsas şərtlərdən hesab olunur.

Mən də öz növbəmdə Zeynəb xanımın cəsarətli mövqeyindən çıxış edərək, Ramil Usubov və komandasına deyirəm ki, mənim adımdan istifadə edib İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya ürək sözlərinizi deməyin. Kişiliyiniz çatırsa, öz adınızdan o sözləri deyin.

Cənab Əliyev, yəqin ki, sizə mənim haqqımda müxtəlif məlumatlar verilib. Lakin istərdim kimliyim haqqında sizə özüm məlumat verim ki, kiminlə qarşı-qarşıya gəldiyinizin fərqinə varasınız. Mən yetkinlik yaşına çatdıqdan, özümü qismən dərk etdikdən sonra İmam Hüseynlə (ə) tanış oldum. O böyük inqilabçı şəxsiyyətin məhəbbəti qəlbimi alovlandırdı, ali məqsəd və məramımı, əqidəmi, düşüncələrimi möhkəmləndirdi. Həzrəti Hüseyn (ə) bizə Allahı xalisanə sevməyi, Ona təslim olmağı, Onun yolunda canından, malından, bir sözlə, hər şeyindən keçməyi, zülmlə, zalımlarla barışmamaq, qətiyyətlə mübarizə aparmağı eşq yolu ilə öyrətdi. Allah nəsib etdi, müqəddəs Kərbəla ziyarətinə gedərək, könüllərin sultanı Həzrəti Hüseynlə (ə) son nəfəsimizə qədər bu mübarək yolda sabitqədəm olacağımıza and içərək, sədaqət əhd-peymanı bağladıq. Uca Allahdan o böyük şəxsiyyətin ehtiramına xatir şəhadətin nəsibimiz olmasını təmənna etdik. Həzrəti Hüseyn (ə) məktəbi həyatımızın mənasına çevrildi.

Cənab Əliyev! Sizin və hakimiyyətinizin illərdi Taleh Bağırzadəyə qarşı zülm və haqsızlıqlarının əsas səbəbi Taleh Bağırzadənin şəxsindən qorxmağınızda deyil. Hakimiyyətinizi qorxudan və sarsıdan Taleh Bağırzadənin qəlbində daşıdığı nəcib İmam Hüseyn (ə) sevgisi və Hüseyni düşüncələridi.

Əslində, haqqınız da var qorxasınız. Çünki 1400 ildir bu əzəmətli Hüseyni düşüncə – “Ölümü səadət, zalımlarla yaşamağı zillət sayıram” pıçıltısı zalım hakimlərin yuxularını ərşə çəkib, həyatlarını kabusa çevirib.

Sizi əmin edirəm ki, Nardaran faciəsini törətməklə, günahsız insanların qanını axıtmaqla öz hakimiyyətinizin sonunu yaxınlaşdırdınız. Əgər bir hakimiyyət yersiz güc nümayiş etdirərsə, həmin güç onun məhvinə səbəb olacaqdır.

Sonda sizdən tələb edirəm ki, əgər cəsarətiniz varsa, mənə veriləcək ömürlük həbs cəzasını başqa bir cəza növü ilə əvəz etməyəsiniz.

Biz bu şərəfli xalqın azadlığı uğrunda, gələcək xoşbəxtliyi naminə nəinki ömürlük həbs cəzası almağa, hətta edam olunmağa, tonqalda diri-diri yandırılmağa hazırıq. Qoy Allah bizim və sizin aranızda Hakim olsun”.

“Bizə də ömürlük verin, bizi ayırmayın”

Daha sonra 19 yaşlı Cahad Babakişizadə son sözünü deyib: “Ruhaniyə ömürlük cəza verən hakimiyyət mənim kimi dinc sakinə qarşı hər şey edə bilər. Mən azad sözümü xalqa çatdırıram. Mənim demədiyim sözləri müstəntiq Mikayıl Quliyev ifadəmdə yazıb. Bizlərlə insan kimi davranmadılar. O cür vəhşilik görünməyib. İnsanları oradan-bura, buradan-ora sürüyürdülər. Mən sədrlik edən hakim Əlövsət Abbasova inanmıram, çünki pozuntulara məhəl qoymadı. Burada sifariş verənin sözü keçir. Siz burada heç kimsiniz. Bizə də ömürlük verin, bizi hacıdan ayırmayın. Bizim dörd qardaşımızı öldürmüsünüz, amma onların ruhu bizimlədir”.

“Nardaran hadisələri bu hakimiyyətin iç üzünü açdı”

Daha sonra Etibar İsmayılov son sözünü deyib: “Mən əvvəl məhkəmədən ədalətli nəsə gözləyirdim, amma məhkəmə sübut etdi ki, müstəqil deyil. Hamımıza ömürlük verin. Hamımızda 21 maddədir, eyni cəza verin. Biz şəhid olmalı idik, amma olmadıq. Deməli, Allahın istəyi belədir. “Bandotdel” bir qəlpəli qumbara “kəşf edib”. Guya, qumbara partlayıb və onun da cəmi bir qəlpəsi bir polisin sinəsinə dəyib, o da zirehli paltarın altından. Mən Qarabağda döyüşmüşəm, amma bir qəlpəli qumbara görməmişəm. Əli Həsənovun və İlham Əliyevin bizə qoyduğu silahlarla Qarabağı almaq olardı. Hanı silahlarda bizim barmaq izlərimiz? Hanı sizin hal şahidləri? İlham Əliyevlə Ramil Usubov bilsinlər ki, biz qanımızla onları boğacağıq. Bizim qanımız ölkədəki çirkabı təmizləyəcək. Nardaran hadisələri bunların iç üzünü açıb ortaya qoydu”.

Daha sonra Fərhad Balayev çox qısa olaraq son söz deyib: “Deməyə sözüm çoxdur. Ancaq bir kəlmə demək istəyirəm ki, bu hakimiyyət çox şərəfsiz hakimiyyətdir”.

Daha sonra Ramin Yarıyev də çox qısa olaraq son söz deyib. O, ölkədə zülmün ərşə çıxdığını, hakimiyyətin öz kölgəsindən qorxduğunu deyib.

Proses yanvarın 18-də davam edəcək.

скачать dle 12.1
Xəbər lenti