Prezident hesab edir ki, turizmin inkişafı üçün “dost ölkələr”lə viza rejimini ləğv etmək lazımdırPrezident İlham Əliyevin Pekində Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibəsi
yayımlanıb.Prezident müsahibəsində Çinlə Azərbaycan arasında viza rejiminin qarşılıqlı ləğv edilməsindən danışıb.
Əliyev Azərbaycanın 2024-cü ildə ilk dəfə Çin vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv etdiyini xatırladaraq bu il eyni addımı atdıqları üçün qarşı tərəfə minnətdar olduğunu deyib.
“Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada etdik. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, iki dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram, bu rəqəm artacaq. Onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq”, – İlham Əliyev deyib.O, bunu Azərbaycanın turizm sektorunun inkişaf etdirmək istəyi ilə əlaqələndirib:
“Ölkənin təqdimatını etməyə və sözsüz ki, dost ölkələrlə viza rejimini aradan qaldırmağa ehtiyacımız var. Bu, Azərbaycan vətəndaşları üçün çox yaxşı xəbərdir, çünki onlar sadəcə olaraq bilet alıb Çinə gələ bilərlər”.Azərbaycan 2024-cü ildən bir il müddətinə Çin vətəndaşları üçün birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edib.
Çin vətəndaşları 2024-cü il iyulun 20-dən 2025-ci ilin iyulun 20-dək üç dəfə və hər girişdə 30 gün olmaqla Azərbaycana vizasız gələ bilirlər.
Çin Azərbaycana ən çox məhsul idxal edən ikinci ölkə olsa da, hər iki ölkənin qarşılıqlı səfərləri yüksək deyil. Bu ilin ilk 2 ayında Azərbaycana 5 377 Çin vətəndaşı səfər edib. Bu, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının ümumi sayının cəmi 1,6%-ni təşkil edib.
2024-cü ilin eyni dövründə, yəni Çin vətəndaşlarına viza tətbiq olunan dövrdə Azərbaycana 3 046 Çin vətəndaşı gəlib və bu da ölkəyə gələn əcnəbilərin cəmi 0,9%-ni təşkil edib.
Viza rejiminin qaldırılması Çindən Azərbaycana gələnlərin sayını artırsa da, onların sayı digər ölkələrdən gələnlərlə müqayisədə az olub.
Azərbaycan vətəndaşlarının da Çinə səfəri aşağı səviyyədə olub. 2024-cü il Çinə 10 602 nəfər Azərbaycan vətəndaşı gedib. Bu, xaricə səfər edən Azərbaycan vətəndaşlarının cəmi 0,5%-nə bərabərdir.
2025-ci il aprelin 23-də Azərbaycanla Çin arasında viza rejimi ləğv
edilib.Ekspertlər iki ölkə arasında viza rejiminin qarşılıqlı ləğvinin ticarət dövriyyəsinə hansısa ciddi təsirinin olacağını proqnozlaşdırmırlar. Ticarət dövriyyəsinə təsir edən əsas faktor viza rejimindən çox, iki ölkə arasında mövcud olan gömrük rüsumlarının dərəcələri və digər gömrük prosedurlarıdır.
2024-cü ilin ilk rübündə Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə Çin olub və ümumi idxalda Çinin payı 20,4% təşkil edib.
Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq etməsindən sonra – bu ilin ilk rübündə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ikinci ölkə olub. Ümumi idxalda isə Çinin payı azalaraq 17,7%-ə düşüb.
Rəsmi statistikadan məlum olur ki, viza rejiminin ləğvi ticarət dövriyyəsinin artmasına birbaşa təsir göstərmir.
İlham Əliyev müsahibəsində həmçinin bildirib ki, hazırda Azərbaycanın çox güclü iqtisadiyyatı var.
“Bu gün Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Bizim mübadilə olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 14 dəfə çoxdur. İşsizlik, yoxsulluq səviyyəsini 5 faizə endirdik, iqtisadiyyatımızı şaxələndirdik”.Müstəqil ekspertlər isə deyirlər ki, Azərbaycanda işsizlik və yoxsulluq göstəricilərinin 5 faizə enməsi fikri həqiqəti əks etdirmir.
скачать dle 12.1