Yezidsevərlərin təlaşı

24-10-2015, 19:48
0
Yezidsevərlərin təlaşı

Yaxud İmam Hüseyn Yezidə beyətə razı olmuşdumu? 

 

REDAKSİYADAN: Oxuyacağınız bu yazını müəllif Vüsal Hüseynzadə musavat.org redaksiyasına yollayıb və bizdən onun çap olunmasını xahiş edib. Müəllifin bu müraciətini və mövzunun aktuallığını nəzərə alıb məqaləni yayımlayırıq.
***
Hər il Aşura ərəfəsində hüseynsevərlərin Əhli-beyt məhəbbəti, zalıma nifrəti və məzluma harayı artdıqca, yezidsevərlərin də təlaşı çoxalır, tarixi təhrif etmək, həqiqəti tərsinə göstərmək bahasına olsa da, Yezidi müdafiə etməyə, aydan arı, sudan duru çıxarmağa çalışırlar. Əslində, hər şey gün kimi aydındır: müasir yezidlərin axurundan su içənlər qədim Yezidin ifşa olunmasına dözə bilməzlər.
Həbsdə olan ilahiyyatçı alim, xalqımızın sevimli övladı doktor Elşən Mustafaoğludan bir sitat yadıma düşür:“Haqq-ədalətlə zülm arasında gedən mübarizənin tarixi bəşər tarixi qədər qədimdir. Hər bir insan iki yol ayrıcındadır: ya haqq-ədalətin yanında yer alacaq, ya da zülmkarlığın”. Və əlavə edək ki, zülmün yanında yer alanlar, Yezidi qınamayanlar Hüseyni sevə bilməzlər. Onların Əhli-beytə dair dırnaqarası sevgiləri, Aşura faciəsindən dolayı narahatlıqları elə o zaman cinayətlərinin əks-təsir doğurduğunu görən Übeydullah ibn Ziyadın və Yezid ibn Müaviyənin təəssüflərini xatırladır.
Bu yazıda yezidsevər vəhhabi sələfilərinin İmam Hüseynin ideya və amallarını aşağılama cəhdindən danışacağıq. Tarix boyu zülmə qarşı mübarizə və barışmazlıq simvolu olmuş İmam Hüseyn doğrudanmı Kərbəlada əqidəsindən dönmüş və Yezidə beyət etmək üçün icazə istəmişdir? İddiaya görə, İmam Hüseyn İbn Ziyadın ona üç işdən birinə icazə verməsini təklif etmişdir:
1. Gəldiyi yerə qayıtmasını;
 
2. Sərhədlərə gedib düşmənlərlə vuruşmasını;
 
3. Şama gedib Yezidə beyət etməsini.
İbn Ziyad bunların heç biri ilə razılaşmayıb imamın təslim olmasını istəyir, imam isə təslim olmur və vuruşaraq şəhadətə qovuşur.
Göründüyü kimi, iddiada İmam Hüseynə qarşı çox böyük haqsızlıq yer alır, onun müqəddəs məqsədləri sözügedən yezidsevərlik paradiqması ilə təhrif olunur, üstəlik, bu fikir böyük şiə alimi Şeyx Müfidə aid edilir. Biz bu iyrənc iddiaya bir neçə yöndən cavab verəcəyik:
Əvvəla, Müfidin əl-İrşad əsərində İmam Hüseynin yuxarıdakı təkliflə çıxış etdiyi bildirilmir. Orada göstərilir ki, Kufədən Kərbəlaya göndərilmiş qoşunun başçısı olan Ömər ibn Səd İmam Hüseynlə təkbətək görüşdən sonra Kufə valisi İbn Ziyada məktub yollayaraq imamın belə bir təklifdə olduğunu yazmışdır (əl-İrşad, 2/87). Ömər ibn Sədin İmam Hüseyni öldürmək istəmədiyini, Rey valiliyinə görə, həm də İbn Ziyadın israrından sonra könülsüz olaraq qoşun başçılığına razılıq verdiyini, demək olar, bütün tarixçilər yazmışlar. Bu məsələni, həmçinin aşağıda qeyd olunan dəlilləri nəzərə alaraq, şübhə etmirik ki, uyğun görüşdə İmam Hüseyn Ömərə nəsihət vermiş, onu bu çirkin əməldən əl çəkməyə çağırmışdır. Ömər ibn Səd də Peyğəmbər oğlunu (Bax: Ali-İmran/61) öldürməkdən yayınmaq və onu Kərbəladan geri qaytarmaq üçün özündən belə bir təklif uydurmuşdur.
İkincisi, söhbət əl-İrşaddan gedirsə, xatırlatmalıyıq ki, həmin kitabda İmam Hüseynin məhz Yezidə beyət etməmək üçün Mədinəni tərk etdiyi göstərilir (əl-İrşad, 2/35). Məhz həmin kitabda deyilir ki, Mədinə valisi beyət almaq üçün imamı yanına çağıranda o, valinin məqsədini anlamış, əsla beyət etməyəcəyini bildirərək adamlarının qapı arxasında dayanmalarını söyləmiş və onlara digər xüsusi tapşırıqlar vermişdi (əl-İrşad, 2/32-33). Məhz həmin kitabda İmam Hüseynin belə buyurduğu qeyd olunub: “And olsun Allaha ki, xar adam kimi sizə əl uzatmayacağam” (əl-İrşad, 2/98). Və elə həmin kitaba əsasən, Ömər ibn Səd İbn Ziyada məktub yazaraq İmam Hüseynin Kufəyə getməkdə israrlı olmadığını bildirir. Yazır ki, Hüseyn kufəlilərin xahişilə oraya getdiyini və fikirlərindən dönmüşlərsə, qayıtmasının mümkünlüyünü söyləyir. Lakin İbn Ziyad bu təkliflə razılaşmayaraq cavabda yazır ki, Hüseyndən və bütün yoldaşlarından Yezidə beyət al. Cavabı oxuyan Ömər isə İbn Ziyadın sülhü qəbul etmədiyinə görə təəssüfünü bildirir (əl-İrşad, 2/86). Yəni Ömər ibn Səd gözəl başa düşürdü ki, Hüseynin beyət etməsi mümkün deyil!
Üçüncüsü, Yezidə beyət etməyə razılaşan adam hansı məntiqlə İbn Ziyada təslim olmasın?! Bilirik ki, hər şey beyətdən başladı, imam məhz beyət etmədiyinə görə hədəf seçildi. Elə isə mövqeyindən U dönüşü edərək beyətə razılıq vermiş bir insan üçün İbn Ziyada təslim olmaq nədən bu qədər ağır gəlməlidir ki, özünün və bütün əzizlərinin ölümünü daha üstün tutsun?!
Dördüncüsü, iddiada yer alan təklifin İmam Hüseyn tərəfindən deyilməsini heç bir mötəbər mənbədə tapmadıq. İmam Hüseynə rişxəndlə “işin ciddiliyini gördükdə, o, Ömər ibn Saada deyir: “Mən sənə üç seçim verirəm. Onlardan hansını istəyirsən seç...” – deyə sözügedən təklifi ona aid edən vəhhabi bunu Təbəridə mövcud olan bir kontekstdən çıxarış etmiş, məsləkdaşlarının ənənəsinə sadiq qalaraq, əvvəlini və sonunu kəsərək yezidçi əqidəsinə uyğun şəkildə vermişdir. Biz burada Təbərinin Aşuraya ən yaxın və ən mötəbər mənbə olan Əbu Mixnəfdən nəql etdiyi həmin hissənin qısa məzmununu oxucuların diqqətinə çatdırırıq:
İmam Hüseyn Ömər ibn Sədi görüşə çağırdı. Onların hərəsi təxminən iyirmi adamla görüş yerinə gəldilər. İmam Hüseyn öz səhabələrinə kənarda durmalarını əmr etdi. Ömər də öz adamlarına uyğun tapşırıq verdi. Onlar gecənin bir hissəsini (üçdə və ya dörddə birini) söhbətlə keçirdilər. Heç kim onları eşitmirdi. Söhbət bitəndən sonra hər biri öz yoldaşlarının yanına qayıtdı. Bundan sonra hər iki tərəfin adamları arasında şayiələr dolaşmağa başladı. 
Bəziləri deyirdilər ki, Hüseyn Ömərə ona qoşulub Yezidə qarşı birgə mübarizə aparmasını təklif edib, Ömər isə razılaşmayıb. Bəziləri də deyirdilər ki, Hüseyn ondan üç təklifdən birini qəbul etməsini istəyib: ya geri qayıtsın, ya sərhədlərə gedib düşmənlərlə vuruşsun, ya da Şama gedib Yezidə beyət etsin. Lakin (imamın ailə xidmətçilərindən olmuş) Üqbə ibn Səman deyir ki, mən Mədinədən İraqa qədər həmişə Hüseynin yanında olmuşam. O, həmişə deyirdi ki, and olsun Allaha, mən heç vaxt Yezidə beyət etməyəcəyəm. Amma Hüseyn bunu deyirdi ki, (kufəlilər məni istəmirlərsə) başqa bir yerə gedə bilərəm (Təbəri, 4/312-313).
Göründüyü kimi, iddiaçı yuxarıdakı şayiələrdən birini tarix kimi oxuculara sırımış, Üqbənin sözlərinə isə əsla toxunmamışdır. Bu isə onun yazdıqlarının tarix deyil, tarixdən subyektiv, önyarğılı və qərəzli iqtibas olmasına kifayətdir.
Beşincisi, İmam Hüseynin öz həyatı bahasına olsa belə, Yezidə beyət etməyəcəyinə dair qəti bəyanatları kifayət qədər çoxdur və iddianın nə qədər puç olduğunu bir daha ortaya qoyur. Biz yuxarıda əl-İrşad kitabından bir neçə nümunəni qeyd etdik. Burada da digər tarixi qaynaqlardan dörd nümunə ilə kifayətlənirik:
“Ölüm mənim üçün şəhadətdən (və ya: səadətdən), zalımlarla birgə yaşamaq isə əzabdan başqa bir şey deyil!” (Təbəri, 4/305).
“Allaha and olsun! Əgər bu dünyada heç bir yerim, pənahım olmasa, yenə də Yezid ibn Müaviyəyə beyət etməyəcəyəm!” (İbn Əsəm, əl-Futuh, 5/21)
“İbn Ziyadın bu istəyini (Yezidə beyəti) heç vaxt etmərəm. Sonu ölüm deyilmi?! Mərhəba belə ölümə!” (İbn Qüteybə, “əl-Əxbar əl-tival”, 254)
“Bilin ki, bu zalım bizi iki yol ayrıcında qoymuşdur: ölümlə xarlıq (Yezidə beyət) arasında. Zillət və xarlıq isə bizdən uzaqdır!” (İbn Əsakir, “İmam Hüseyn”, 319)
Vüsal Hüseynzadə 
скачать dle 12.1
Xəbər lenti