Bakı-İstanbul aviareysləri təxirə salınıb

18-01-2016, 17:18
0
Bakı-İstanbul aviareysləri təxirə salınıb
“Türk Hava Yolları” (THY) aviaşirkətinin bu gün saat 14:35 və 20:55-də yerinə yetirilməli olan Bakı-İstanbul reysləri təxirə salınıb.
 
THY-nin Bakı ofisindən verilən məlumata görə, yanvarın 18-də TK 333/J2 6333 və TK 335/J2 6335 reyslərinin təxirə salınmasına səbəb İstanbulda gözlənilən intensiv qar yağmasıdır: “Atatürk və Sabiha Gökçen hava limanlarında gözlənilən meteoroloji vəziyyət və intensiv qar səbəbindən bugünkü iki reys ləğv edilib. Bakıdan İstanbula "B737-400" tipli təyyarə ilə saat 14:35-ə nəzərdə tutulan aviareys İstanbula 17:50-də, 20:55-ə olan isə 00:15-də çatmalı idi. Lakin hava şəraiti ilə əlaqədar bu reyslər təxirə salınıb”.
 
Şirkətdən bildirilib ki, sözügedən reyslərə bileti olan sərnişinlərə əvvəlcədən xəbərdarlıq olunub və biletləri sabaha olan digər reyslərlə əvəz edilib.
 
Bu marşrut üzrə şirkət həftə içi hər gün 5 uçuş (bunlardan 4-ü Atatürk, 1-i isə Sabiha Gökçən hava limanına) həyata keçirir. Bu istiqamət üzrə biletlərin qiyməti bir tərəfə 256 manat, hər iki istiqamətdə isə 307 manatdan başlayır.
 
“Azərbaycan Hava Yolları” QSC-dən isə verilən xəbərə görə, şirkətin bu istiqamətdə olan reysləri hələ təxirə salınmayıb: “Bu günə nəzərdə tutulan bütün reyslərimiz cədvələ uyğun yola düşüb. Hələ ki, uçuşların təxirə salınması üçün cədvəldə dəyişiklik və ya təxirə salınma qeydə alınmayıb”.
 
AZAL Bakı-İstanbul marşrutu üzrə həftənin bütün günləri (gündə - 5 reys) uçuşlar həyata keçirir.
скачать dle 12.1
Xəbər lenti