Əmanətlərlə bağlı qanunlar dəyişdirildi

19-01-2016, 17:15
0
Əmanətlərlə bağlı qanunlar dəyişdirildi
Milli Məclis bu gün "Əmanətlərin sığortalanması haqqında" qanuna, "Valyuta tənzimlənməsi haqqında" qanuna, "Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsinə, eləcə də Vergi Məcəlləsinə dəyişiklikləri qəbul edib.
 
Fevralın 1-dən qüvvəyə minəcək “Əmanətlərin tam sığortalanması haqqında” qanununa əsasən, bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətini həyata keçirilməsi üçün xüsusi razılığa, lisenziyaya malik fondun iştirakçı bankları tərəfindən 3 il müddətinə tam sığortalanır. Qanun qüvvəyə mindiyi günə, bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi lisenziyaya, razılığa malik olan banklarda mövcud olan qorunan əmanətçilərin əmanətləri üzrə illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olduqda həmin əmanətçilər əmanətləri üzrə tam sığorta təminatı əldə etmək üçün əmanət müqavilələrini bu qanuna uyğun olaraq yenidən rəsmiləşdirməlidirlər. Bu halda müddəti qurtarmadan yeni faiz şərtləri ilə rəsmiləşdirilən müddətli əmanətlər üzrə faizlər rəsmiləşdirmə gününə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq tam məbləğdə hesablanıb ödənilir.
 
"Əmanətlərin sığortalanması haqqında" qanuna edilən dəyişikliyə əsasən, Əmanətlərin Sığortalanması Fondu tərəfindən borc vəsaitləri cəlb edildikdə iştirakçı banklar Fondun öhdəlikləri tam yerinə yetirilənədək təqvim haqları ilə yanaşı əlavə haqlar ödəyirlər.
 
Əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən və qaytarılması şərtlərindən asılı olaraq, lakin qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,1% həcmindən çox olmamaq şərti ilə ödənilir. Yeni qanuna qədər əlavə haqlar Fondun götürdüyü borcun məbləğindən və qaytarılması şərtlərindən asılı olaraq, lakin qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,2% həcmindən çox olmamaq şərti ilə ödənilirdi. 
 
Bundan başqa, qanunda sığorta haqlarının ödənişinin təmin edilməsi maddəsinə də dəyişiklik edilib. Bundan sonra dəbbə pulu sığorta haqlarının ödənişinin hər bir gecikdirilən günü üçün əvvəlki hesabat dövründə iştirakçı bank tərəfindən ödənilmiş sığorta haqlarının 0,5%-i həcmində hesablanacaq. 
 
Bundan başqa, Əmanətlərin Sığortalanması Fondunun borc vəsaitlərinin cəlb edilməsi ilə bağlı maddəyə də dəyişiklik edilib. Qanunda edilən dəyişikliyə əsasən, Fondun likvid aktivləri son hesabat dövrünə qorunan əmanətlərin bir faizindən aşağı düşdükdə və ya kompensasiyaların ödənilməsi üçün vəsaitin kifayət etməməsi ehtimalı yarandıqda Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edəcək.
 
Vergilər Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətləri 3 il müddətində vergidən azad ediləcək. 
 
“Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunda göstərilir ki, "Vergilər Məcəlləsinin" 102.1.22. maddəsi fevralın 1-dən etibarən aşağıdakı kimi təsdiq edilsin. 
 
"2016-cı il fevralın 1-dən etibarən 3 (üç) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri". 
скачать dle 12.1
Xəbər lenti