Əgər əməkdaşımız hansısa abonenti incidibsə həmin əməkdaş da cəzalandırılacaq...

28-09-2015, 10:56
0
Əgər əməkdaşımız hansısa abonenti incidibsə həmin əməkdaş da cəzalandırılacaq...

Yasamal rayonunun bir qrup sakini “Azərişıq” ASC-nin onlara qanunsuz akt əsasında borc hesablamasından narazıdır.

Daha çox “Sovetski” kimi tanınan məhəllənin sakini Abdulla Abdullayev bununla bağlı  "QaynarXəbər" ın əməkdaşı Rəsul Əliyevə  məlumat verib. Belə ki, “Azərişıq” ASC-nin tabeliyində olan Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) abonentləri olan Abdulla Abdullayev, Kimya Abdullayeva və Samirə Abdullayevaya illər ərzində heç bir xəbərdarlıq edilmədən müvafiq olaraq 210,42 manat, 17,77 manat və 119,04 manat borc yazılıb.

A.Abdullayev bizim redaksiyaya müraciyətdən öncə Yasamal RETSİ-nə müraciət edib. Lakin müraciətləri nəticəsiz qalıb.

“Azərişıq”ASC-nin nümayəndəsi həmin borcların “Barmek” dövründən qalan dondurulmuş borclar olduğunu iddia etsə də cavabdeh tərəf bu borcların haradan yaranmasına dair sənəd göstərə bilmədiyindən məhkəmə yuxarıda qeyd olunan borcların silinməsinə qərar verib.

“Sovetski” sakinlərinin "QaynarXəbər" saytına verdiyi məlumata görə, bənzər halla üzləşən abonentlərin sayı kifayət qədərdir.

Məsələyə aydınlıq gətirmək üçün “Azərişıq” ASC ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, “Əgər məhkəmə təsdiqləyərsə, abonent narazı deyilsə, onda bizim hüquq şöbəsinə, ya da abonent şöbəsinə müraciət etsin və borc silinsin”.

Bənzər situasiyada olan sakinlərə gəlincə isə T.Mustafayev bildirdi ki, həmin sakinlər nəzarət şöbəsinə,  Satış Departamentinə, rəhbərliyə müraciət edə bilərlər: “Əgər əməkdaşımız hansısa abonenti incidibsə, kiminsə narazılığı varsa, problem aradan qaldırılar həmin əməkdaş da cəzalandırılar. Əməkdaşın, yaxud da məsul şəxsin özbaşına sayğac göstəricisindən əlavə borc yazmaq ixtiyarı yoxdur. Əgər bunun əksi olubsa, hansısa abonentə qanunsuz borc yazılıbsa, xahiş edirəm, müraciət etsinlər”.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.

"QaynarXəbər" Rəsul Əliyev

скачать dle 12.1
Xəbər lenti