Azərbaycanda dövlət tərəfindən kənd təsərrüfatı üçün kredit zəmanəti fondu yaradılacaq. Bu, yeni hazırlanan “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsində nəzərdə tutulub. Qanunun 13-cü maddəsində dövlətin bu sahəyə dəstəyi siyahısında kooperativlər üçün kredit zəmanəti fondunun yaradılması da yer alıb. Maddədə həmçinin aşağıdakı şərtlər də yer alıb.
Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyinin əsas istiqamətləri bunlardır:
– kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperasiya meyllərinin stimullaşdırılması;
– kooperativlərin və onların ittifaqlarının yaradılmasının dəstəklənməsi;
– ölkədə istehsal edilən, daxili və xarici bazarda satılan yerli kənd təsərrüfatı məhsullarının ümumi həcmində kooperativlərin payının artmasının stimullaşdırılması;
– kredit təşkilatlarının, bələdiyyələrin, kənd təsərrüfatı və digər müəssisələrinin kooperativlərə ortaq (assosiativ) üzv olmasının stimullaşdırılması;
– kooperativlər üçün sığorta mexanizminin təkmilləşdirilməsi;
– kooperativlərə və kənd sakinlərinə göstərilən maliyyə-kredit xidmətlərinin genişləndirilməsi;
– kooperativlərin güzəştli şərtlərlə kreditləşməsinin təmin edilməsi;
– kooperativlərin istehsal vasitələrinə olan tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsi;
– kooperativlərətorpaq sahələrinin, gələcək məhsulların və tikinti obyektlərinin girov qoyulması yolu ilə kredit ayrılması;
– kooperativlər üçün kredit zəmanəti fondunun yaradılması.
Yeni layihəyə əsaəsn, dövlət kooperativlərə güzəştli şərtlərlə kreditləşmənin təmin edilməsinə də dəstək verəcək.
Layihə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 14-də keçiriləcək iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.
(Fins.az)