Söküntü ərazisində zülm çəkən təkcə insanlar deyil?
Bakının “Sovetski” ərazisində aparılan söküntü işlərindən təkcə bu yurd-yuvanın insanları yox, ağaclar, heyvanlar da əziyyət çəkir. Ətrafa göz gəzdirdikcə dağıntılar arasında nə qədər yaşıllıq, hara sığınacağını bilməyən sahibsiz pişiklər, itlər görünür…
Bu barədə bir az sonra. Öncə sizə ərazidə çalışan inşaat işçilərindən danışaq. Diqqətimizi çəkən bu oldu ki, söküntü işləri başlayanda əraziyə gələn jurnalistlərdən uzaq durmağa çalışan inşaatçılar, indi özləri onlara yaxınlaşır və sanki gördükləri “günah işin” bağışlanması üçün hisslərini bölüşürlər.
Sakinlərin göz yaşı
Görünür, son günlər ictimaiyyətin və mətbuatın “Sovetski”dəki tarix və mədəniyyət abidələrinin dağıdılmasına kəskin reaksiyası bu işin sifarişçilərini yox, sıravi icraçılarını təsirləndirib. Elə bizə yaxınlaşan inşaat işçisi də ata-baba ocağından zorla çıxarılan sakinləri başa düşdüyünü, memarlıq abidələrinin uçurulmasına görə üzüldüyünü dilə gətirdi, hətta uçurulan tarix və mədəniyyət abidələrinin tarixçələrindən söhbət açdı. Xüsusilə ”Mirələkbər ağa” məscidinin, məşhur azərbaycanlılar A.M.Şərifzadə və O.Mirzəyevin evlərinin dağıdılmasının düzgün addım olmadığını bildirdi: “Buradan köçürülən elə adamlar var ki, sonra gəlib dağıdılmış evlərini görəndə ağlayırlar. Neçə dəfə şahidi olmuşuq. Bizə də burda işləmək ağırdır”.
Dediyinə görə, bu durum Mirzə Fətəli, 45-də də yaşanıb. Burada ikimərtəbəli tarixi binanın sakinləri hələ razı salınmadan və köçürülmədən binanın önündə hündür nərdivanlar quraşdırılıb, texnika cəlb olunub və daş bəzəklərin sökülməsinə başlanılıb.
Faiq kişiyə “göz dağı”…
Yolumuzu həmin ünvandan saldıq. Söküntü aparan fəhlələr bildirdilər ki, binanın üzərindən hissə-hissə çıxarılan bəzəklər 20 Yanvar meydanı yaxınlığındakı anbara yığılır. “Sovetski”dəki digər memarlıq binalarının da bəzəkləri həmin anbara toplanır. Deyilənə görə, sonda bu daş bəzəklər muzeyin eksponatına çevriləcək.
Yada salaq ki, bu tarixi binanın sökülməməsi üçün həm sakinlər, xüsusən bugünlər mediada adı tez-tez çəkilən Faiq kişi, həm də şəhər ictimaiyyəti şəhər və ölkə rəhbərliyinə dəfələrlə müraciət edib. Mülkiyyətin sökülməsi haqqında heç bir məhkəmə qərarı olmamasına baxmayaraq, artıq söküntü başlayıb.
“Borca-xərcə saldılar”
Murtuza Muxtarov küçəsində də köç var. Ata-baba mülkündən zorla köçürülənlərdən birinə durumu anlatması üçün müraciət etdikdə o, adının çəkilməsini istəmədiyini dedi və bunu media ilə birbaşa kontakta girənlərin sonradan icra strukturlarında azərbaycansayağı cəzalandırıldığı ilə izah etdi: “Danışdıqca, başağrımız artır. Onsuz da yeni ev almaq üçün 40 min borca girməli olduq. Şəhərin mərkəzində yaşayırdım, indi buranın pulunun üstünə 40 min də qoyub metronun ”Inşaatçılar” stansiyasının yanında “Xruşşovka”da 2 otaqlı mənzil almışam”.
Həmin şəxs “Sovetski”dən köçürülən əhalinin guya mənzil şəraitinin yaxşılaşdırıldığını iddia edən məmurların yalan söylədiklərini, öz nümunəsində əvvəlki evinin daha sağlam olduğunu, indi isə istismar müddəti çoxdan ötmüş panel binada, üstəlik, borc içində yaşamağa məcbur edildiyini söylədi. “Bunların məqsədi yerli sakinləri şəhərin mərkəzindən uzaqlaşdırmaqdır və Allah bilir, bizim torpaqlarda özlərinə nələr tikəcəklər” – dedi.
Son uçuş
“Sovetski”də hər bir narazı sakindən onların ata-baba yurdundan məqsədli şəkildə çıxarıldığına dair fikirlər eşitmək olur. Murtuza Muxtarov və Süleyman Rəhimov küçələrinin əhatəsində boş ərazidə tənha qalan bir evin gənc sakini Şəhriyar da eyni fikirdədir.
Şəhriyarın ailəsinin “Sovetski”ni tərk etməsinə sayılı günlər qalıb. Köçəcəkləri yeni ünvan isə Yasamal qəsəbəsidir, burada da həyət evində yaşayacaqlar. Havaya uçurduğu göyərçinlərə tamaşa edən Şəhriyar deyir ki, bu yerlərdən təkcə insanları didərgin salmayıblar: “Hərənin qapısında bir pişik vardı, it vardı, indi o heyvanlar da çöllərə səpələnib. Nə qədər heyvan dağıntıların, daş daşıyan maşınların altında qaldı…”
Deyir ki, sayı 50-yə çatan göyərçinlərini də yeni məhəlləsinə daşıyacaq: “Onlara da, bizə də yeni ünvana alışmaq çətin olacaq. Qəti şübhə eləmirəm ki, Yasamalda havaya qalxan göyərçinlərim ”Sovetski”yə tərəf uçacaq. Onlar öyrəşdikləri yerlərə mütləq qayıdırlar”