Elvin Quliyev bu səfərini Azərbaycandakı siyasi məhbuslara həsr edib
Səyahət deyəndə çoxumuzun ağlına planlı olmaq gəlir. Mütləq öncədən otel bron edir, təyyarə bileti alır, tur marşurtunu müəyyənləşdiririk. Əlimizdə olsa, muzey biletlərini də əvvəlcədən alarıq. Ancaq onu bütün bunlar maraqlandırmır. Çantasını çiyninə atıb, yola düzəlir. Özü də piyada. Elvin Quliyev axırıncı dəfə bu cür Bakıdan Sinqapura getmişdi. Bu dəfə isə İsveçə qədər gedib çıxıb.
“Həm maraqlı, həm təhlükəsiz, həm də ucuz”
Deyir, avtostopla səyahət maraqlı, əyləncəli olmaqla yanaşı, insanda özünəinam da yaradır. Bundan əlavə, həm istədiyin yerləri gəzirsən, həm də çox pul xərcləmirsən:
“40 günə Bakıdan Sinqapura 1000 dollar xərcləmişdim. Səyahət etmək istəyib pulu az olanlara avtostopla getməyi məsləhət görürəm. İnanın, səyahət zamanı yüzlərlə insandan aldığın müsbət enerji adamı irəli getməyə ruhlandırır. Bu, həm maraqlı, həm təhlükəsiz, həm də ucuzdur”.
“Siyasi məhbuslara azadlıq” – devizi altında səyahət
Elvin növbəti səyahətini Amerikaya planlayırdı. Ancaq günahsız yerə həbsdə olan siyasi məhbusların şərəfinə Avropanın ən hündür zirvəsi olan Monblanda getmək qərarına gəldi. O, 3 ay öncə azadlıq devizi altında Xədicə İsmayıl və İlqar Məmmədovun şərəfinə Bakıdan Monblana yollandı. Və yenə avtostopla:
“Həm bir qəpik xərcləmədən yolunu gedirsən, həm də çox maraqlı insanlarla tanış olursan. Yol boyu onun ölkəsində olan vəziyyətdən, insanların güzaranından, bizdəki vəziyyətdən danışırıq. Bu anlar adamı millətçilik, dini və irqi ayrıseçkilik, düşmənçilik və dostluq, yalanlarla dolu siyasi reallıqlardan ayırır. Şəxsi düşüncə və fikir sahibi edir. Səyahət bizə dünya, xalqlar və ölkələr haqqında eşitdiklərimizin əsl üzünü göstərir. Həqiqət kimi qəbul etdiyimiz bəzi məlumatların yanlış olduğunu görürük. “100 eşitməkdənsə 1 görmək yaxşıdır” – ataların belə bir misalı da var”.
“Gecələmək üçün çadır, matras, bir neçə köhnə geyim…”
Elvin avtostopla səyahət etmək istəyənlərə məsləhətlər də verir. Deyir, burada əsas zamanının olmasıdır. Tələsmək olmaz: “Bundan başqa, avtostopla səyahət zamanı hava şəraitini də nəzərə alın. 80-120 litrlik bel çantası, yaxşı idman ayaqqabısı və yüngül geyim. Gecələmək üçün çadır, matras, bir neçə köhnə geyim bəs edir. Vaxtın maraqlı keçməsi üçün kitab da götürmək olar”.
“Avtostop baha olmayan, uzunmüddərli, maralı səyahət növüdür”
“Üstəlik, səyahət üçün çoxlu pula da gərək yoxdur” – deyir, Elvin Quliyev:
“Bizdə 1 aylıq səyahətə azı 2000-3000 dollar lazım olduğunu düşünürlər. Çünki bu insanlar çox vaxt turagentliklərə müraciət edirlər. Turagentliklərdə isə qiymətlər çox baha olur. Şəxsən mən, Azərbaycandan İsveçə 30 günə gəlib çıxdım. Yol boyu 6 ölkədən keçdim. Cəmi 560 dollar xərclədim. Avtostop baha olmayan, uzunmüddətli, maralı səyahətdir”.
“Xədicə xanımın azadlığı bütün azad düşünən vətandaşları sevindirdi”
Səyyahların qeydlərindən də oxuyuruq ki, Avropada avtostopla səyahət etmək çox asandır. Elvin də bununla razıdır. Deyir, Asiyadan fərqli olaraq, Avropada avtostop asan və təhlükəsizdir. Çünki avropalılar avtostopun nə olduğunu bilir, məmuniyyətlə yardım edirlər:
“Səyahətə aprelin 29-u Gürcüstan sərhəddini keçməklə başladım. Bu dəfəki səfərə Azərbaycandakı siyasi məhbuslara azadlıq devizi ilə çıxmışdım. Xüsusən də bu səyahəti Xədicə İsmayıl və İlqar Məmmədova həsr etmişdim.
Xədicə xanımın azadlığı bütün azad düşünən vətandaşları sevindirdi. Təəssüflər olsun, İlqar Məmmədov hələ də həbsdədir”.
Elvin deyir ki, uzun müddət səyahət edən gənclər müxtəlif xalqlar arasında olaraq ən yaxşı xüsusiyyətləri görüb, götürür. Beləliklə, hakimiyyətin danışdığı yalanları aydın seçə bilirlər: “Bu dəyişmiş fikirlər mənim həyatıma da çox təsir edib”.
Qazaxdan Batumiyə cəmi 5 dollar
Elvin Quliyev Gürcüstan ərazisində avtostopun su içmək kimi asan olduğunu deyir.
O, Qazaxdan Batumiyə 10 saata çatıb. Və cəmi 5 dollar xərcləyib:
“Gürcülər çox mehriban və yardımsevərdilər. Hər 5 maşından biri saxlayıb kömək təklif edir. Batumiyə qədər problemsiz gedib çıxdım. İlk gecəni Qara dənizin sahilində keçirdim. Səhər tezdən yola davam. Sarp sərhəddindən Türkiyəyə keçdim. Ancaq Türkiyədə avtostopla səyahət bir az çətindir. Maşını saxlayanlar aparmaq müqabilində pul istəyirdi. Bu da avtostopla səyahət edən birinə sərf etmir”.
“Türkiyədə wifi tapmaq, səhrada su tapmaqdan çətindir”
Elvinin Türkiyə ərazisindəki ikinci çətinliyi internetlə bağlı olub. Deyir, wifi tapmaq, səhrada su tapmaqdan çətin idi. “İnternet olan yerdə də wifi-nin parolunu vermirdilər. Ən qıcıq olduğum cümlə: “Yalnız patron bilir, abi””.
Təbii avtostopla səyahətə çıxan çadırda gecələdiyi üçün havanı nəzərə almalıdır. Elvinin səyahəti ani alındığından o buna fikir verməyib. Odur ki, səyahət boyu daha çox hostellərdə gecələyib:
“Çadır qurmaq üçün hava soyuq idi. Hostelləri seçməli olurdum. Beləliklə, gəlib İstanbula çatdım. 10 gün qalıb, hər yerini gəzdim. Təbii nə səbəbə getdiyimi də unutmurdum. Ölkədəki durumla bağlı insanları məlumatlandırırdım. Beləliklə, Türkiyə ərazisində 15 günə 100 dollar xərclədim. Türkiyədən Avropaya keçdim. İstanbuldan Albaniyaya, Albaniyadan Monteneqro və Bosniyaya getdim. Sonra da Pegasusdan 47 dollara aldığım biletlə Tiranaya uçdum”.
Bir muzey və 500 yaşı olan məscid…
Elvin Tirananın gördüyü bütün şəhərlərdən fərqli olduğunu söyləyir. Bir o qədər də ucuz. Bütün səyahətsevərlərə tövsiyyə edir:
“Burada bütün kişilərin saç düzümü standart və səliqəli, üzləri təmizlənmiş, saqqalsız. Bəlkə də küçədə yeganə mənim saçlarım dağınıq idi. Ona görə də mənə çox qəribə baxırdılar. Bura da Azərbaycan kimi bərbərxana, salon və yeməkxanalarla doludur. Bir anlıq özümü Bakıda hiss etdim. Ən bahalı yeməkləri 3-5 dollar, ən bahalı şirniyyat dilimləri isə – 0.7 sentə idi.
Bu şəhəri bircə günə gəzmək mümkündür. Kommunizm rejimi bizdəki kimi Tirananın da maraqlı ola biləcək hər şeyini silib-süpürüb. Geriyə bir muzey və 500 yaşı olan məscid qalıb”.
“4 şəhər gəzib, cəmi 50 avro xərclədim”
Elvinin Tirandan sonrakı səfəri Şkodra şəhəri olub. Bura Avropanın ən qədim yaşayış məkanlarından biri hesab olunur. Elvin də şəhərin tarixiliyini sevib:
“Orada 14-15-ci əsirlərə aid olan Rozafa qalasını ziyarət etdim. Sakinlərin sözlərinə görə, qalanın ən azı 3000 yaşı var. Qala bir neçə işğaldan sonra yenidən bərpa edilib. Təpə üzərində yerləşdiyi üçün strateji əhəmiyyət kəsb etməyib və dəfələrlə işğala məruz qalıb. Deyərdim, Şkodra şəhərinə elə bu qalanı görmək üçün də getmək olar”.
Elvin Quliyevin səfərinin ən maraqlı hissəsi Monteneqroda olub: “Monteneqro sıx meşələr, iti və sürətli axan çaylar, sahil boyu uzanan çimərliklər, sıldırım qayalar, hündür təpələr, şəlalələr arasında yerləşir. Ümumiyyətlə, Monteneqronun təbiəti çox gözəldi. Burada rafting çox inkişaf edib və hər 15-20 km-dən bir kampları gözə dəyir. Ən turistik şəhərləri Ulçin, Budva, Kotordur. Hər üçü sahil zolağında yerləşir. Monteneqro ziyarətçilərinin əlsəriyyəti Rusiya və Türkiyədən gələn turistlər idi. Ulçin, Budva, Kotoru 50 avro ilə gəzib, görmək mümkündü”.
“Məncə, hər bir insan həyatında bircə dəfə də olsa avtostopla, yalnız səyahətə çıxmalıdır”
“Montoneqrodan Bosniya Hersoqovinaya keçdim. Səyahət üçün buranın Mostar şəhərini məsləhət görürəm. Bu şəhərdə 2 gün qaldım. Daha sonra Albaniyaya, ordan da İstanbula döndüm. İstanbulda yenə Pegasusun ucuz kampaniyashəyəcan, zövqından yararlanıb 50 avroya İsveçə getdim. Hələki burdayam. Və bu zaman ərzində çox xərcim çıxmayıb. Siz də qorxmayın, xərclər, uzun yol sizi səyahətdən çəkindirməsin. İnanın yollar, gözəlliklər, yeni-yeni tanışlıqlar bütün xırda-para əziyyətləri silir. Adama qalan isə xoş xatirələr və əla keçirilmiş zaman olur”.
Sonda Elvin oxuculara həyatlarında bircə dəfə də olsa avtostopla, yalnız səyahətə çıxmalarını məsləhət gördü: “Burada təhlükəli heç nə yoxdur. Əksinə, həyəcan, zövq və xoşbəxtlik var”.