Oktyabr ayının 31-i saat 11:00-da Yunis Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzində bir qrup gənc yazarın təşkilatçılığı ilə bütöv Azərbaycanın ünlü şairi ustad şair Məhəmmədhüsyen Şəhriyarın oğlu Hadi Şəhriyarın ziyalılar, ədəbiyyat nümayəndələri və gənc yazarlarla görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan gənc şair Emil Rasimoğlu Məhəmmədhüseyn Şəhriyarın həyat və yaradıcılığından söz açıb. Sonra Mərkəzin əməkdaşı Əli İhsan Çevik, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri şair Sayman Aruz, ustad Şəhriyarın oğlu Hadi Şəhriyar, Təbrizli tənqidçi Məhəmməd Rəhmanifər, Urmiyalı şairə Sümayə Əsədi, şair Fərqanə Mehdiyeva, ədəbiyyatşünas-tənqidçi İradə Əlili, şair Nəriman Zeynalzadə, gənc yazar İntiqam Yaşar, “Buta fm Radio və Televiziya” MMC-nin baş redaktoru, gənc yazar Şahanə Müşfiq və başqaları çıxış edib. Gənc aşıq Dərya Cəbrayıllının ifasında səslənən maraqlı musiqi parçaları tədbirə ayrı bir rəng qatıb. Görüşün sonunda xatirə şəkilləri çəkilib. Onu da xatırladaq ki, ustad şairin oğlu Hadi Şəhriyar artıq 5 gündür paytaxtımızda qonaqdır.
