On illərdir əfv sərəncamları verilir, siyasi məhbus siyahıları bitmir

26-01-2023, 21:05
4 745
On illərdir əfv sərəncamları verilir, siyasi məhbus siyahıları bitmir

Keçmiş Prezident Heydər Əliyevin 100 illiyi ilə bağlı böyük əfv qərarının icra ediləcəyi gözlənir. Bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin yanvarın 25-də keçirilən iclasında komitə sədri, Əfv Komissiyasının üzvü Zahid Oruc danışıb. O bildirib ki, Əfv Komissiyasında artıq 360-a yaxın müraciət müzakirə edilib: “Müraciətlərə baxılması may ayına qədər davam edəcək”.

Zaman-zaman əfv sərəncamları ilə siyasi məhbus kimi tanınan şəxslərin azadlığa çıxması təmin olunur. Hələ Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olmasından öncə başlayan bu proses nəticəsində indiyə qədər yüzlərcə siyası məhbus sayılan şəxs əfv olunub. Lakin hazırda bir çox hüquq müdafiə təşkilatlarının hazırladıqları hesabatlara görə, hələ də Azərbaycan həbsxanalarında 100 civarında siyasi məhbus qalmaqdadır.

E.NəsirovE.Nəsirov

“…bilir ki, bu yol onu həbsxanaya aparır”

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov “Turan”a deyib ki, həyatda heç kim səhvlərdən sığortalanmayıb: “Azərbaycan dövləti məhz humanizm prinsiplərini əsas götürür və əfv sərəncamları verilir. Təbii ki, ağır cinayətləri törətmiş, cəmiyyət üçün xüsusi təhlükəli insanlar əfvə düşə bilməzlər. Lakin o insanlar ki, bir xəta nəticəsində həbsə düşüblər, sonra da peşman olublar, öz müraciətləri əsasında əfvə düşürlər. Onların davranışları, ailə vəziyyəti və digər yumşaldıcı məqamlar da nəzərə alınır”.

Onun sözlərinə görə, hələ əfv sərəncamı verilməmiş tənqidlər başlayıb: “Hələ məlum deyil kimlər əfvə düşəcək, amma artıq qarayaxma kampaniyanı başlayıblar, çünki böhtan atmağa meyllidirlər”.

Deputat hesab edir ki, Azərbaycanda siyasi məhbus yoxdur: “Azərbaycanda konkret cinayət əməlinə görə həbs edilmiş şəxslər var. Hətta belə hallar da olur ki, adamın tutduğu yol cinayət əməlləri ilə zəngindir və o bilir ki, bu yol onu həbsxanaya aparır. Belə olan vəziyyətdə o başlayır siyasi ritorikasını sərtləşməyə ki, sabah konkret cinayət əməlinə görə həbs olunanda “kəskin siyasi mövqeyimə görə tutdular” desin. Xeyr, belə deyil, bu, sadəcə manipulyasiyadır. Azərbaycan hüquqi dövlətdir və hər kəs öz əməlinə görə cavabdehlik daşıyır”.

“…siyasi məhbuslarsız Azərbaycanı görə bilərik”

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov AzadlıqRadiosuna bildirib ki, əfv sərəncamı prezidentin müstəsna səlahiyyətləri çərçivəsindədir: “Azərbaycan həbsxanalarında əqidəsinə, dünyagörüşünə görə onlarla siyasi məhbuslar var. Biz bu əfv sərəncamlarına o ümidlə baxırıq ki, tam olmasa da, onlara siyasi məhbuslar da düşür”.

R.SəfərovR.Səfərov

Hüquq müdafiəçisinin sözlərinə görə, maydakı əfv sərəncamı ilə bütün siyasi məhbusların azadlığa buraxılacağını düşünmək sadəlövhlükdür: “Hər halda, bizim özümüzün də Azərbaycan hakimiyyətinə müraciətlərimiz olacaq ki, əfv sərəncamı ilə siyasi məhbuslar tam tərkibdə azadlığa buraxılsın və, nəhayət ki, Azərbaycanda siyasi məhbus qalmasın”.

R.Səfərov hesab edir ki, siyasi həbslərin dayanması üçün əvvəl hakimiyyət qolları arasında balans olmalıdır: “Yəni, məhkəmələrin müstəqilliyi təmin olunmalıdır. Məhkəmə müstəqilliyin təminatçısı isə birbaşa prezidentdir. Şübhəsiz ki, əgər Azərbaycanda hüquq qaydası işlək olarsa, cinayət məsuliyyətin prinsipləri real olaraq işləyərsə, siyasi məhbuslarsız Azərbaycanı görə bilərik”.

скачать dle 12.1
Xəbər lenti