Ermənistana casusluqda ittiham olunan azərbaycanlı qız: ‘Onun erməni olduğunu bilməmişəm…

9-09-2023, 19:14
215
Ermənistana casusluqda ittiham olunan azərbaycanlı qız: ‘Onun erməni olduğunu bilməmişəm…

Bakıda gənc qız dövlətə xəyanət ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Fidan Əliyeva Ermənistana casusluqda, bu ölkənin xüsusi xidmət orqanının əməkdaşı vasitəsilə Azərbaycan haqda məlumatlar ötürməkdə ittiham olunur.

20-yaşlı Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Hərçənd, Azərbaycanda, qanuna görə, qadınlara, 65 yaşı tamam olan kişilərə ömürlük həbs cəzası verilmir.

Fidan Əliyevanı bir neçə ay öncə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Onun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Telegram-da tanış olduğu adamı rus zənn etdiyini deyir

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 2022-ci il dekabrın 12-dən başlanan və 138 gün davam edən etiraz aksiyasının iştirakçıları arasında Əliyeva da olub. Onun Telegram kanalı vasitəsilə tanış olduğu Ermənistan xüsusi xidmət orqanı əməkdaşına məlumatlar, video və fotoşəkillər göndərdiyi iddia edilir. Görüntülərin bir hissəsinin Bakının müxtəlif yerlərindən olduğu bildirilir.

Lakin Fidan Əliyeva özünü təqsirli bilmir. Deyir ki, Ermənistana casusluq etməsi haqda ittiham həqiqətəuyğun deyil. Çünki Telegram-da tanış olduğu adamı rus zənn edib. Onun sözlərinə görə, həmin şəxslə də məlumat ötürmək üçün yox, şəxsi məqsədlə tanış olub: “Əvvəl heç onun erməni olduğunu bilməmişəm. Məqsədim adi insan kimi tanışlıq olub. Başqa məqsədim – Azərbaycan barədə məlumat vermək niyyətim olmayıb”.

Foto-video məsələsinə gəlincə, Əliyeva bildirib ki, qarşı tərəf ondan bəzən müəyyən yerlərdə görüntülərini çəkib göndərməsini istəyirdi, o da göndərirdi.

Əliyevanın işi üzrə məhkəmə araşdırmaları davam edir.

скачать dle 12.1
Xəbər lenti