Ermənistan Qafqazda “demokratiya mayakıdır”? – ABŞ səfiri xanım K.K.-ya 1-2 sual

29-10-2023, 14:21
77
Ermənistan Qafqazda “demokratiya mayakıdır”? – ABŞ səfiri xanım K.K.-ya 1-2 sual
ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin qədim Türk yurdu Qərbi Zəngəzur (ermənilər ona qondarma “Sünik” adı qoyub) bölgəsində olub. Yerli media yazıb ki, həmsərhəd ərazidə o, yeni Patrul Xidməti bölməsinin fəaliyyətə başlamasına həsr olunmuş tədbirə qatılıb. Nə qədər “QLOBAL” bir tədbir...
Əlbəttə, səfirin bəlli qaydalar çərçivəsində ölkənin istənilən guşəsinə səfər eləmək hüququ var. Önəmlisi, diplomatın hara baş çəkməsi yox, getdiyi yerdə nə danışıb hansı hərəkəti eləməsidir. Xanım Kvin də Zəngəzurda nə desə yaxşıdır. Diqqət: “Ermənistan Güney Qafqazda demokratiyanın mayakı olaraq qalır”.
İllərdir demokratiya naminə “külüng vuran”, qərbçiliyi şübhə doğurmayan Gürcüstan yox a, məhz Ermənistan. Üzr istəyirik, səhər Fransa ilə “yataqdan qalxıb” günorta ABŞ-la, axşam isə Rusiya ilə “yorğan-döşəyə girən” pozğun Ermənistan!
Niyə tutaq ki, Gürcüstan “mayak” sayılmasın? Yəqin o səbəbə ki, Tiflis Rusiyaya qarşı “ikinci cəbhə” açmaqdan israrla yayınır və düz də edir, Paşinyan hökuməti, erməni toplumu isə “miatsum” xətrinə hər cür avantüraya hazırdır. Kollektiv Qərb neçə vaxtdır onun başına boşuna sığal çəkmir ki. Azərbaycanla qorxudub müharibə, hücum təhdidi görüntüsünü elə-belə yaratmırlar ki. Havayı pendir yalnız tələdə olur...
İndi amerikalı diplomatın da yuxarıdakı “bəy” (daha doğrusu, “gəlin”) tərifi. Hər şey qırağa, görəsən onun xəbəri varmı ki, “Cənubi Qafqazın demokratiya mayakı” adlandırdığı ölkənin konstitusiyasına görə, keçmiş Dağlıq Qarabağ (DQMV) hələ də Ermənistan ərazisi sayılır? Yoxdursa, zəhmət çəkib həmin konstitusiyanın preambula hissəsini oxusun.
İndi isə miss K.K.-ya sual: məgər demokratiya beynəlxalq hüquqa, qonşu ölkələrin ərazi bütövlüyü və sərhəd toxunulmazlığına, götürülən beynəlxalq öhdəliklərə, təməl insan haqlarına sayğıdan başlamır? Bəlkə “təpəsinə “Dəmir yumruq” dəyənədək “Qarabağ Ermənistandır və nöqtə” qışqıran şəxs demokratiya mayakı” Ermənistanın rəhbəri Nikol Paşinyan deyildi? Bundan damı o bixəbərdir?
İnanan daşa dönsün. Biz hələ 44 günlük müharibə zamanı Paşinyanın dinc şəhərlərimizi raket atəşinə tutmaq əmri verməsini demirik...
Təməl haqların başqa kobud pozuntularına gəlincə, ABŞ səfirinin məlumu olsun ki, “Qarabağ Azərbaycandır” deyən və vətəndaşlığımız almaq üçün Bakıya müraciət edən ermənilərə “Vətənə xəyanət” maddəsi ilə Ermənistanda cinayət işləri açılıb və indiyədək bağlanmayıb!
Onlardan biri - İstanbulda yaşayan erməni bloger İşxan Verdyanın söylədiklərindən: “2022-ci ilin avqustunda mən Qarabağ ermənilərinə öz nümunəmdə inteqrasiyada bir qəbahət olmadığını göstərmək üçün Azərbaycan Prezidentinə vətəndaşlıq almaq və Xankəndidə yaşamaq xahişi ilə açıq müraciət yazdım. Bu, sığınacaq xahişi deyildi, Azərbaycanın Qarabağ ermənilərinə qarşı soyqırım törədəcəyi ilə bağlı erməni təbliğatının tezislərini təkzib etmək üçün siyasi aksiya idi”.
Verdiyan bunu haqqında cinayət işi açılmasına və casusluqda ittiham olunmasına münasibət bildirərkən söyləyib (Axar.az). Bildirir ki, Azərbaycan Prezidentinə müraciətdən iki gün sonra Ermənistan mətbuatında bu ölkənin Baş Prokurorluğunun press-relizində İstanbulda yaşayan “İ.V.” adlı bir nəfərə qarşı dövlətə xəyanət, casusluq və düşmən tərəfə keçmək maddələri ilə cinayət işi açıldığını görüb: “Vəziyyəti aydınlaşdırmaq üçün Baş Prokurorluğa məktub yazdım və cavab olaraq Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətindən (MTX) haqqımda cinayət işinin açıldığını, axtarışa verildiyimi təsdiq edən bildiriş aldım”.
Blogerin sözlərinə görə, Ermənistanın ombudsman vəzifəsi Paşinyana sadiq olan şəxsə (!) keçdikdən sonra bir daha cinayət işinin siyasi mahiyyət daşıdığını bildirib və işə yenidən baxılması xahişi ilə Ombudsman Aparatına müraciət edib. Oradan isə iş təzədən MTX-yə göndərilib. MTX-nin açıqlamasından da bəlli olub ki, cinayət işinə xitam verilməsindən imtina edilib: “Belə ki, Ermənistan MTX-sı mənim Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımağımı Ermənistana dövlət xəyanəti, İstanbulda yaşamağımı isə casusluq kimiqiymətləndirib. Vəssalam. Başqa heç nə, heç bir fakt yoxdur”.
Verdyan ardınca haqlı olaraq vurğulayıb ki, saxta ittiham Ermənistanda şişirdilmiş söz azadlığı ilə bağlı təsəvvürləri alt-üst edir: “Ermənistan məni dövlət cinayətkarı kimi görür, ona görə ki, hamının sonda etiraf etdiyini açıq şəkildə yazırdım. Ermənistan dövləti öz vətəndaşlarını fikir bildirdiyinə görə (həm də doğru fikir – məgər Qarabağ Azərbaycanın suveren ərazisi deyil? – Z.S.) ən ağır - keçmiş baş prokurorun cəza kimi ölüm hökmünün tətbiqini təklif etdiyi maddələrlə təqib edir. Haqqımda açılmış cinayət işinə xitam verilməyənə və məndən rəsmi üzr istəməyənə qədər Ermənistanın öz vətəndaşlarına qarşı terroru dəstəkləyən dövlət olduğunu söyləyəcəm”.
Erməni ictimai xadimin fikirlərinə belə geniş yer ayırmağımızın tək nədəni bişəkk, ABŞ səfiridir. Ümid edək ki, şikayət diplomatın qulağına çatacaq və o, məlum cümləsinə görə azcana utanıb-qızaracaq. Üzr istəyərsə, lap yaxşı. Yoxsa ki, Ermənistan regionda “demokratiya mayakı”dırsa, onda biz hamımız kosmonavtıq...

Və sonda. Artıq ağlı başında olan, çörəyi burnuna yox, ağzına yeyən insanların hamısı bilir ki, demokratiya ABŞ üçün, Qərb üçün sırf öz imperiya maraqlarını dünyanın müxtəlif bölgələrində bərqərar eləməkdən ötrü düşünülmüş bərbəzəkli və məkrli bir vasitə, effektli rıçaqdır, nəinki ümumbəşər dəyər. Bunu kim anlamasa da, Azərbaycan xalqı çoxdan fərqindədir.
Biz işğalçı Ermənistanı qoyub işğala və etnik təmizləməyə məruz qalmış Azərbaycana qarşı ədalətsiz sanksiya (“907-ci düzəliş”) tətbiq edən, onu bu gün də qüvvədə saxlayan dövlətin adını da unutmamışıq. Odur ki, xanım K. K. belə nağılları Amerikanın xarici siyasətinin mahiyyətindən məlumatsız, əhalisi avam bölgələrdə danışsın. Biz belə nağılların nə ilə bitdiyini bilirik və dərsimizi də almışıq. Artıqlaması ilə...скачать dle 12.1
Xəbər lenti