Bazardakı son vəziyyət: Yumurta qıtlığı və bahalaşan çörək... - FOTOLAR

25-12-2015, 00:21
0
Bazardakı son vəziyyət: Yumurta qıtlığı və bahalaşan çörək... - FOTOLAR
Mərkəzi Bankın qərarı ilə dekabrın 21-də manatın devalvasiyaya uğramasından sonra marketlərdə qiymətlərin bahalaşması bütün məhsullarda müşahidə olunur. Bahalaşma yerli məhsullarda 20-30, idxal olunan mallarda isə 40-50 faiz arasında müşahidə olunur. 
Musavat.org-un əməkdaşının dekabrın 23-də paytaxt Bakıda bir neçə mağazada apardığı müşahidələr zamanı məlum olub ki, hazırda mağazalarda ərzaq mallarının qıtlığı müşahidə olunmur. Yalnız siqaret və yumurtadan başqa... Yumurta qıtlığı böyük mağazalar şəbəkəsində belə, yaşanır. Satışda olan yumurtanın hazırkı qiyməti 16-19 qəpik arasında dəyişir. Yumurtanın qiymətində 25-30 faiz bahalaşma var. 
Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev qiymət artımının quşçuluq müəssisələrində istehsal üçün lazım olan bütün xammalın, avadanlığın xaricdən gətirilməsi ilə əlaqələndirib. A.Vəliyev quşçuluq müəssələrində istifadə olunan yemin 80-85 faizinin xaricdən gətirildiyini və bu səbəbdən də qiymət artımının qaçılmaz olduğunu qeyd edib. 
Bazarda ən çox satılan mallardan olan siqaret və tütün məmulatlarının qiymətində isə 50 faizdən çox artım müşahidə olunur. 1,30 manata satılan “West”in indiki qiyməti 2 manatdır. 2,30 manat olan “Kent 4”ün indiki satış qiyməti 3,30 manatdır. Və digər siqaretlərin qiyməti də 50 faizdən çox bahalaşıb. 
Un məmulatlarının da satışında qiymətlər dəyişib. Əvvəlcə onu qeyd edək ki, unun bir kisəsinin qiyməti devalvasiyadan əvvəl 18-19 manat arasında dəyişirdi. İndiki qiymət isə 25-27 manatdır. Artıq bu gündən marketlərdə çörəyin qiyməti və çəkisi dəyişib. Qiyməti dəyişməyən çörəyin çəkisi azalıb. Çəkisi dəyişməyən çörəyin isə qiymətində artım müşahidə olunur. 
Marketlərdə 500 qramlıq çörəyin çəkisi 50 qəpikdir. Bu, qiymət bahalaşmadan sonrakı qiymətdir. 33-35 qəpiyə olan çörəyin çəkisi isə 400-420 qramdır.
Ölkə bazarında böyük pay sahibi olan “Azərsun” Holdinq də artıq qiymət artımının 20-30 faiz olması haqda qərar qəbul edib. Dekabrın 22-dən etibarən “Azərsun” mallarını yeni qiymətlərlə alıcılara təqdim edir. “Bazar Store” mağazalar şəbəkəsində olarkən bunun şahidi olduq. Holdinqin istehsalı olan bütün ərzaq mallarının qiyməti bahalaşıb. Onu da qeyd etmək lazımdır ki, hazırda bazarda ən az bahalaşma müşahidə olunan mallar “Azərsun”undur.
Marketlərdə devalvasiyanın ilk günündən fərqli olaraq, heç bir izdiham, alıcı sıxlığı müşahidə olunmur. Marketlərin vitrinlərində yeni qiymətlərlə istənilən maldan tapmaq mümkündür. 
Devalvasiyadan sonra meyvə və tərəvəz məhsullarının da qiymətində artım az da olsa, nəzərə çarpır. Hələ ki, yerli ət və ət məhsullarının qiyməti bahalaşmayıb. Mal ətinin 1 kiloqramının qiyməti hazırda 6,50 manat - 7 manat arasında dəyişir. 
Ən yüksək qiymət artımı isə məişət malları bazarında qeydə alınır. Elektron malların əsas hissəsinin xaricdən gətirilməsi bahalaşmanı da qaçınılmaz edib. Elektron malların qiymətindəki bahalaşma 50 faizə qədərdir. 
Ən çox satışı həyata keçirilən telefonlardan bir neçəsinin qiymətinə nəzər yetirdikdə, bu bahalaşmaının şahidi oluruq. Məsələn, dekabrın 20-də 900 manata satılan "Samsung Note 5" smartfonunun indiki satış qiyməti 1 350 manatdır. Dekabrın 20-də 800 manata satılan “İphone 6” telefonu hazırda 1250 manata alıcılara təklif olunur. 
Qeyd edək ki, Prezident İlham Əliyev də dekabrın 23-də manatın devalvasiyası ilə bağlı çıxış edib. Prezident bildirib ki, neft gəlirlərinin aşağı düşməsi milli valyutaya mənfi təsir edib: “Manatın məzənnəsinin dəyişdirilməsinin əsas səbəbi neftin qiymətinin üç dəfə aşağı düşməsidir. Yəni manatın məzənnəsinin dəyişdirilməsi qaçılmaz idi”.
Prezident süni bahalaşmaya yol verənlərə, möhtəkirliklə məşğul olanlara qarşı cəza tədbirləri görüləcəyini bildirib.
скачать dle 12.1
Xəbər lenti