“Formula 1” biletləri: Ən bahalı yer 690 manat, ayaqüstü baxmaq 60 manat

17-12-2016, 01:37
0
“Formula 1” biletləri: Ən bahalı yer 690 manat, ayaqüstü baxmaq 60 manat

Şəhərin mərkəzindəki «Formula 1» köşkündəki satıcı arada başını kiçik pəncərədən çıxarıb boylanır, gözü müştəri axtarır.

Gələn ilin iyununda Bakıda keçiriləcək «Formula-1» yarışlarına bilet satışı dekabrın 2-dən başlayıb. Köşkün içindəki gənclər simulyator oyunlarıyla başlarını qatır. Bilet satana yaxınlaşıb maraqlananlar olsa da, deyəsən, alan yoxdur.

QİYMƏT TRİBUNADAN ASILIDIR

«Bilet bahadır» deyən 25 yaşlı Sahilə Əliyeva ötən il də bilet cibinə uyğun olmadığından almayıbmış: «Çox bahadır, o yarışların bu qiymətə dəydiyinə inanmıram».

Builki qiymətlər də, keçən il olduğu kimi, tribunalara görə dəyişir. Ən bahası 690 manata Abşeron tribunası, ən ucuzsa 175 manata olan Xəzər- Gənc və Bulvar-Gənc tribunalarıdır.

Qalan tribunaların qiyməti 200 manatdan 490 manat arasındadır. Yanvarın 31-ə qədər bu qiymətlərə 30 faiz endirim də var. Ayaqüstü biletin qiymətisə 60 manatdır. Keçən il yarışı ayaqüstü izləmək 20 dollara, ən bahalı yer 472 dollaraydı.

YARIŞ İYUNUN 23-25-DƏ KEÇİRİLƏCƏK

Yarışın təşkilatçısı, Bakı Şəhər Halqasının marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai AzadlıqRadiosuna deyir ki, yarışların hazırlıqlarına başlayıblar, hər şey plana uyğun gedir: «Gələn ilin iyununda biz artıq ikinci dəfə «Formula 1»ə ev sahibliyi edəcəyik. İyunun 23-25-də keçiriləcək Qran-prinin adı Avropa Qran-prisi deyil, Azərbaycan Qran-prisi olacaq. Bu il də tikinti işlərimiz olacaq. Lakin keçən illə müqayisədə miqyası daha az olacaq. Çünki ötən il 6 kilometrlik Bakı Şəhər Halqasının ərazisindəki asfalt qatını yeniləmişdik. Tribunaların salınması, baryerlərin gətirilməsi və s. – bunların hamısı vaxt alırdı. Bu il asfalt qatı olduğu kimi qalacaq. Bununla bağlı heç bir iş gözlənilmir. Pit binasının bir hissəsi yerində qalıb. Ona görə orda da, sadəcə, yekunlaşma işləri olacaq. Yarışa bir ay qalmış təhlükəsizlik baryerləri qurulacaq, tribunalar salınacaq. Yəni, tikintinin miqyası çox az olacaq».

Rəsmi məlumata görə, keçənilki «Formula 1» yarışı Azərbaycan büdcəsinə 100 milyon manata, müstəqil ekspertlərin hesablamalarına görə isə, 300 milyon manata başa gəlmişdi. Gələn il həm bu yarışın, həm də İslam Həmrəylik Oyunlarının keçirilməsinə dövlət büdcəsindən 300 milyon manatdan çox vəsait ayrılacaq.

«KAŞ BU MİLYONLAR SAHİBKARLIĞIN CANLANMASINA YÖNƏLƏYDİ»

İqtisadçı-ekspert Nemət Kərimli deyir ki, Azərbaycanda indiki qədər sosial gərginliklər olmasaydı, bu cür oyunların keçirilməsi başa düşülərdi. Ancaq indiki ağır iqtisadi durumda «Formula 1» yarışları kimi oyunlara milyonlar ayırmaq anlaşılan deyil. İqtisadçının fikrincə, ölkə büdcəsinin böyük gərginliklər yaşadığı indiki dönəmdə hökumətin bu addımı məntiqsizdir: «Oktyabr ayı ilə müqayisədə noyabrda dövlət büdcəsinə daxilolmalarda 57 faiz azalma əmələ gəlib. Bu, təxminən 1.1 milyard azalma deməkdir. Vergilər Nazirliyi büdcə gəlirlərini formalaşdırmağa cürbəcür üsul və metodlar axtarıb tapır. Hətta cırıq ayaqqabıya yamaq vuran pinəçilərin də vergiyə cəlb olunmasını nəzərdə tutur. Dövlət büdcəsində çox böyük gərginliklər yaşanır. Açığı, bu gərgin dönəmdə bu oyunların keçirilməsinə milyonların xərclənməsinə Azərbaycan iqtisadiyyatı hazır deyil. Camaat yerlə göylə əlləşir. Düşünmürəm ki, əhali bu qədər problemlər ola-ola, «Formula 1» yarışlarının keçirilməsini istəsin. Kaş hökumət bu yarışmaya sərf olunan milyonları ölkə iqtisadiyyatına, xüsusən kiçik və orta sahibkarlığın canlanmasına yönəldəydi».

««FORMULA 1»İN BİLETLƏRİ BAHALI OLUR»

Bakı Şəhər Halqasının marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyir ki, yarışların keçirilməsi Azərbaycana turist cəlb olunması, ölkənin tanıdılması baxımından çox əhəmiyyətlidir. O ki qaldı biletlərin qiymətinə, Bakı Şəhər Halqası rəsmisi qiymətləri də münasib sayır:

«Bilet satışında keçən il yerli əhali üçün 40 faizə qədər endirim var idi. Bu il endirim olmayacaq. Çünki qiymətlər yetərincə münasibdir. Bura 4 günün bileti, avtoqraf sessiyaları, «Formula 1» şəhərciyində çoxsaylı əyləncələr daxildir. Digər şəhərlərin Qran-priləri ilə müqayisə etsək, bu qiymətlər çox münasibdir. Çünki adətən, «Formula 1»in biletləri bahalı olur».

Ancaq AzadlıqRadiosunun fikrini soruşduğu bir qrup Bakı sakini biletin onlara görə çox baha olduğunu deyirlər:

– Televizordan baxmaq daha yaxşıdır, nəinki o qədər pul vermək.

– Çox çətindir, 10 manata olsaydı, alardım, o qiymətlərə yox.

– Yox, bahadır.

– Mən ora ancaq 5 manat verərdim.

– Bu yarış heç bizə lazım deyil, kimlərəsə lazımdır. Onlar da pulsuz gedib baxır.

– O hay-küy heç məni maraqlandırmır, nəyə lazımdır, hələ də başa düşmürəm.

«Formula 1» yarışının ikinci dəfə Bakıda keçirilməsi, biletlərin qiyməti sosial şəbəkələrdə də geniş müzakirə olunur. Ceyhun Cavadov adlı istifadəçi yazır: «Sevindiyimdən hər şey yaddan çıxdı, qaz, işıq, su, hamısı». İqbal Camalovsa hisslərini belə ifadə edir: «Necə sevindim, məndə deyirəm axı nəsə çatmır, sən demə, bu imiş». İsico Safic adlı istifadəçi isə «Formula 1»in qiyməti qədər əhaliyə çörək versəniz, bundan min qat savab olar» yazır. Timir Həsənovun yarışa reaksiyası belədir: «Tıxaclar doğma Bakıda».

Azərbaycan hökuməti «Formula 1» rəhbərliyi ilə bu yarışın keçirilməsiylə bağlı 10 illik müqavilə imzalayıb. Müqaviləyə görə, ilk 5 ildə yarışın Bakıda keçirilməsi məcburidir. Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, əgər bu 5 ildə Bakı yarışı keçirməkdən imtina eləsə, cərimə ödəyəcək.

скачать dle 12.1
Xəbər lenti