Rəsmi Bakı Britaniyanın Azərbaycana səyahət tövsiyələrindən “təəccüblənib”

15-05-2019, 18:24
56 641
Rəsmi Bakı Britaniyanın Azərbaycana səyahət tövsiyələrindən “təəccüblənib”

“UEFA Avropa Liqasının 2019-cu il mayın 29-da Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycana aid yaydığı səyahət tövsiyələri anlaşılan deyil və təəccüb doğurur.”

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın şərhində deyilir.

Abdullayeva bildirir ki, Azərbaycanda təhlükəsizlik və sabitlik tam şəkildə təmin olunub, Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə, o cümlədən beynəlxalq miqyaslı idman yarışlarına ev sahibliyi edir.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycana aid yaydığı səyahət tövsiyələri anlaşılan deyil və təəccüb doğurur.

“Bu sırada Birinci Avropa oyunları, Dördüncü İslam Həmrəylik Oyunları, illik əsasda keçirilən Formula 1 Bakı Qran Prisi və UEFA Çempionlar Liqası çərçivəsində 2017-ci ildə Qarabağ-Çelsi futbol oyunu qeyd oluna bilər.”

Böyük Britaniya Xarici İşlər Nazirliyinin Azərbaycana aid yaydığı səyahət tövsiyələrində Dağlıq Qarabağ səyahət barədə xəbərdarlıq edilir, ölkədə terror hücumuna cəhdlərin mümkünlüyü, eyni zamanda əksər səfərlərin problemsiz ötdüyü vurğulanır. Britaniya vətəndaşlarına Azərbaycana getmək üçün viza almağın vacibliyi bildirilir.

Rəsmi Bakının şərhində vurğulanır ki, idman yarışlarını izləmək məqsədilə gələn çoxsaylı əcnəbi ölkə vətəndaşları Azərbaycanda ictimai asayişin təmin olunması, mövcud olan sabitlik və təhlükəsizlik mühiti və bu kimi böyük miqyaslı idman tədbirlərinin təşkilatçılığından məmnun qaldıqlarını bildirib.

“Azərbaycan həm də turizm ölkəsidir və hər il ölkəyə çoxsaylı əcnəbi turistlər gəlirlər, ölkənin malik olduğu digər müsbət xüsusiyyətləri ilə birgə Azərbaycanda hökm sürən əmin-amanlıq, sabitlik və təhlükəsizlik əcnəbi turistləri cəlb edən vacib amillər sırasındadır,” Abdullayeva qeyd edib.

Öz növbəsində, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyindən bildiriblər ki, Azərbaycan mətbuatında yayılan şərhdən təəccübləniblər.

“Böyük Britaniya Səfirliyi ona görə təəccüblənib ki, Azərbaycan mətbuatında istinad edilən səyahət tövsiyəsi Böyük Britaniya Xarici İşlər Nazirliynin saytında daimi olub. Mətbuatın istinad etdiyi sitatlar da artıq bir neçə ildir ki, orada mövcuddur. Səyahət tövsiyəsi müzakirə predmeti deyil və Böyük Britaniya vətəndaşlarının qayğısına qalmaq üçün hökumətin üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi üçün diqqətlə yazılmış sənəddir. Xarici İşlər Nazirliyinin saytına yerləşdirilən səyahət tövsiyəsi bu il mayın 1-də yenilənib. Amma həmin yenilənmə yalnız texniki-loqistik xarakter daşıyır və bəzi faktları özündə əks etdirir. Məsələn, yenilənmə yeni İstanbul aeroportu ilə bağlı olub,” səfirlikdən deyiblər.

Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi qeyd edir ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi səyahət tövsiyələrində istifadə etdiyi üslub diqqətlə seçilib, balanslaşdırılıb və faktlara əsaslanır.

“Böyük Britaniya Səfirliyi ona görə təəccüblənib ki, Azərbaycan mətbuatında istinad edilən səyahət tövsiyəsi Böyük Britaniya Xarici İşlər Nazirliynin saytında daimi olub.

“Məsələn, Dağlıq Qarabağ ifadəsindən istifadə zamanı Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyü və suverenlyinə hörmət edilib,” səfirlikdən deyiblər.

Hər il təqribən 7,000 Britaniya turisti əsasən biznes məqsədilə Azərbaycana səfər edir. Bu səfərlərin çoxu problemsiz keçir.

UEFA Çempionlar Liqası çərçivəsində final oyunu mayın 29-da Bakı Olimpiya stadionunda keçiriləcək. Finalda Böyük Britaniyanın Arsenal və Çelsi komandaları qarşılaşacaq.

Bakı Olimpiya Stadionu 69.870 tamaşaçı tutur, UEFA, FİFA-nın beynəlxalq standartlarına uyğun dizayn edilib və tikilib. Satdionun tikintisi 2015-də tamamlanıb.

Stadiondan Bakı-2015 1-ci Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilib. Stadionda UEFA-2020 Avropa Çempionatının 3 qrup mərhələsi və 1/4 final mərhələsi keçiriləcək.

Bu il mayın 29-da isə UEFA Avropa Liqasının finalına ev sahibliyi edəcək.

скачать dle 12.1
Xəbər lenti