54 nəfərin diplomu tanınmadı, narazılıq yarandı

4-02-2023, 11:07
5 616
54 nəfərin diplomu tanınmadı, narazılıq yarandı

“Hər kəsin diplomu tanınmalıdır deyə bir şərt yoxdur” - Elçin Əfəndi

“Elm və Təhsil Nazirliyi distant təhsili tanısa, yaxşı olar” - Adil Vəliyev

Yanvar ayı üçün diplomların tanınma üzrə müraciətlərin statistikası açıqlanıb. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, həmin müddətdə 297 müraciətçinin 243-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 54 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. “Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 17, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 14, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 13, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 102, Ukraynadan 78, Türkiyədən 53, Belarusdan 20, Gürcüstandan 15, digər ölkələrdən isə 29 müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 35, iqtisadiyyat üzrə 26, menecment üzrə 25, tibb üzrə 23, bizensin idarə edilməsi üzrə 21, maliyyə üzrə 21 müraciətçi qeydə alınıb. Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 15 iş günü təşkil edib”.

8c8cabb9-cd82-34d7-bd9d-4f83d641f0df_850.jpg (78 KB)

Diplomların tanınması ilə bağlı məlumatlar birinci dəfə deyil. Bu dəfə də 54 nəfər narazı qalıb. Onu da qeyd etmək lazımdır ki, əksər vaxtlarda qəbul imtahanlarında az bal toplayanlar aşağı, perspektivi olmayan ixtisasları, yaxud peşə məktəblərində oxumaq istəmirlər, bunun əvəzində xaricdə, xüsusən Türkiyə, Rusiya, Qazaxıstan və sair ölkələrdə yalnız attestatla özəl universitetlərdə təhsil almaq tələsinə düşürlər. Onlara əvvəldən vəd edilir ki, diplomun tanınmasında heç bir problem olmayacaq. Ancaq bu mövsümi şirkətləri, şəxsləri 4 ildən sonra - diplom alanda kimsə tapmır.

Bəs, görəsən, bu sahədə problemlər birdəfəlik necə həll oluna bilər?

adil_velioyev.jpg (123 KB)

Təhsil eksperti Adil Vəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, xaricdə təhsil almaq istəyənləri iki qrupa ayırmaq olar: “Birincisi, həqiqətən də xaricdə təhsil almaq istəyənlərdir ki, onlar təhsillərini artırmağı, peşəkar mütəxəssis olmağı qarşılarına məqsəd qoyublar. Digərləri isə sadəcə olaraq Azərbaycanda təhsil ala bilməyən və universitetə qəbul ola bilməyən, diplom xatirinə ölkədən kənarda oxumaq istəyənlərdir. Bunlar da adətən Rusiya, Dağıstan, Ukraynanın bəzi universitetlərindən qəbul ala bilirlər, bu da sadəcə rüşvət müqabilində. Buna təhsil almaq də demək olmaz. Ancaq diqqət etsək, görərik ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılandan sonra bu kimi problemlərin demək olar ki, həllinə müsbət yanaşılıb, problemli diplomların bir çoxu tanınmayıb. Əsasən də diqqət yetirəndə görürük ki, Rusiya, Dağıstan, Gürcüstan, Ukraynada təhsil alan tələbələrin ölkəyə giriş-çıxışında problem yaranır. Yəni həmin tələbələr heç o ölkəyə getmirlər. Hətta qiyabi təhsil alanlar həmin minimal müddətdə də gedib təhsil almırlar. Sərhədi keçmirlər, yaxud da keçib qayıdırlar. Bu kimi problemlər var. Diplomların tanınmamasına səbəb kimi əsasən sərhədi keçmə, dil biliyinin olmaması göstərilir. Agentlik yaranana qədər boşluqdan istifadə edənlər də müəllimlik ixtisası üzrə oxuyubsa, hansısa yolla diplom əldə edibsə, Elm və Təhsil Nazirliyi də imtahanlar təşkil edir. Onlar müəyyən olunur.

Amma Nazirlik distant təhsili tanısa, yaxşı olar. Əgər distant təhsil alan tələbənin biliyinə şübhəsi varsa, necə ki tələbələr, müəllimlər imtahan olunur, həmin tələbəni də oxuduğu ixtisas üzrə imtahan edib, dil biliyini yoxlayıb, daha sonra onun diplomunu tanıya bilərlər”.

WhatsApp Image 2023-02-03 at 15.13.57.jpeg (207 KB)

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a bildirdi ki, hər ay Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciətlər olunur: “Hansı ki, xaricdə təhsil alan tələbələrdir. Onlar diplomlarının tanınması ilə bağlı müraciət edirlər. Əlbəttə, burada hər kəsin diplomu tanınmalıdır deyə bir şərt də yoxdur. Çünki yaxşı olar ki, vətəndaşlarımız ilk olaraq xaricdə təhsil alırlarsa, onlar müəyyən araşdırma aparsınlar. Təhsil almaq istədikləri universitet beynəlxalq reytinq siyahısında yer alır, yaxud almır. Həmin universitetin ölkəmizdə diplomu tanınırmı? Həmin ölkə ilə bizim ölkə arasında ümumi əməkdaşlıq nə yerdədir? Bunlara diqqət yetirilməlidir. Paralel olaraq həmin tələbə orada təhsil alırsa, mütləq aşağıdakı vacib məsələlərə diqqət yetirməlidir. Birincisi, təhsil aldığı ixtisas barədə biliyə sahib olmalıdır. İkincisi, təhsil aldığı ixtisasın tədris dilini bilməlidir. Üçüncü, onun iddia etdiyi dövr ərzində, oxuduğu müddətdə həmin ölkəyə giriş-çıxış tarixləri olmalıdır. Bütün bu parametrlərə cavab verildiyi halda Təhsildə Keyfiyyət Təminatı Agentliyinə elektron qaydada sorğu göndərir. Sorğunun nəticəsindən asılı olaraq onun ümumi diplomunun tanınıb-tanınmaması ilə bağlı olaraq vətəndaşa məlumat verilir. Əlbəttə, hər kəsin diplomunun tanınmasını istərdik. Amma təəssüf ki, vətəndaşlarımız bəzən dələduz şirkətlərin qurbanı olurlar. Attestatla, qeyri-leqal yolla təhsil almağa göndərilirlər. Nəticədə o ölkənin diplomu burada tanınmır. Ukrayna, Rusiya, Belarus, Gürcüstan kimi ölkələrdə müəyyən universitetlər var ki, onların diplomu tanınmır. Vətəndaş araşdırmalıdır. Qiyabi, yəni distant təhsil forması tanınmır. Yalnız əyani təhsil forması tanınır. Vətəndaşlar yaxşı olar ki, əyani təhsil formasına üstünlük versinlər. Əlbəttə, bununla bağlı biz hər ay problemlərin yaşandığını görürük. Vətəndaşlar bununla bağlı inzibati qaydada məhkəməyə də müraciət edirlər. Bu problemin birdəfəlik həlli yolları da var. İlk növbədə vətəndaşın ayıq-sayıqlığından, ikinci növbədə vətəndaşların Elm və Təhsil Nazirliyindən dəqiqləşmə aparmasından keçir. Bir sözlə, yalnız leqal yolla qəbul aparılmalıdır”.

скачать dle 12.1
Xəbər lenti