Korrupsiya idarəsi onlardan mənimsəmədə şübhələnir

22-05-2019, 18:11
16 275
Korrupsiya idarəsi onlardan mənimsəmədə şübhələnir

Vergilər Nazirliyində bir sıra ərazi vergilər idarələrinin 2015-2018-ci illərdə fəaliyyətlərinə aid materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Bu gün, mayın 22-də Vergilər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydıqları məlumatda belə bildirilir.

Məlumatda 2 saylı Ərazi Vergilər Departamentinin İqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi Mahir Əbdürrəhimovdan bəhs edilir. Onun Xızı, Siyəzən rayonları üzrə Maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarından 511 min manat azaldaraq mənimsədiyinə əsaslı şübhələr olduğu bildirilir. «...Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır», - rəsmi qurumlar bildirir.

Bundan başqa, Ağdam rayon Vergilər Şöbəsinin direktoru Valeh Qasımovun da 412 min manat mənimsəməsinə şübhələr olduğu iddia edilir. Məsələ ilə bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlandığı bildirilir.

Habelə, 5 saylı Ərazi Vergilər İdarəsinin operativ vergi nəzarət şöbəsinin dövlət vergi müfəttişi Eldəniz Əzizov və həmin idarənin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi Elnur Mənsimovla da bağlı araşdırma aparıldığı qeyd olunur. Bu işlə də bağlı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətini aşma ) maddələri ilə cinayət işi başlandığı vurğulanır.

Haqqında araşdırma aparılanlardan biri də 13 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin baş dövlət vergi müfəttişi Ziya Paşayevdir. Bu araşdırmanın da nəticəsi olaraq Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

«Yol verdikləri qanunazidd əməllərə görə müvafiq ərazi vergilər idarələrinin 4 əməkdaşının vergi orqanlarında xidmətlərinə xitam verilib, 4 əməkdaş isə müvəqqəti olaraq tutduqları vəzifədən kənar edilmişlər», -açıqlamada yazılıb

Hələlik, bu rəsmi açıqlamaya ittiham edilən şəxslərin və ya vəkillərinin münasibətini almaq mümkün olmayıb.

скачать dle 12.1
Xəbər lenti