Metroya qəzetlər yox, apteklər buraxıldı

29-03-2016, 15:18
0
Metroya qəzetlər yox, apteklər buraxıldı

Qadağalar yer altının «Zeytun»laşmasına əngəl ola bilmədi

Hamının yaxşı yadındadır ki, TağıƏhmədov Metropoliten rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra hökumət yeraltı aləmdə “islahat”lara başladı. Metrodakı ticarət köşkləri, reklam lövhələri yığışdırıldı. Hökumətin başbilənləri bunu belə əsaslandırdılar ki, metroda ticarət köşklərinin, reklam lövhələrinin olması beynəlxalq standartlara ziddir, qeyri-qanunidir və s. Hətta metronun girişindəki qəzet köşkləri də yığışdırıldı.

Insanların maariflənməsi, 1-2 müstəqil mətbuat nümunələrinin metrolarda satılması hökuməti narahat etdi. Sadəcə olaraq bütün ticarət köşklərini, reklam lövhələrini dəyığışdırdılar ki, bu addım mətbuata basqı kimi görünməsin.

Amma bir müddət ötdü və yenidən metrolarda reklam lövhələri peyda olmağa başladı. Son günlər isə metrolarda “Zeytun” aptekləri peyda olmağa başlayıb. Hansıki, bütün metroların çıxışında apteklər fəaliyyət göstərir və ümumiyyətlə ölkədə kifayət qədər aptek var. Belə olan halda metroların “Zeytun”a bürünməsi hansı zərurətdən yaranıb? Necə olur ki, metroda qəzet, kitab satmaq qanuna zidd, amma aptek açmaq qanuni olur?

Heç kimə sirr deyil ki, “Zeytun” apteklər hakim ailəyə yaxınlığı ilə seçilir. Əksəriyyət bilir ki, bu apteklər şəbəkəsinin başında kim dayanır. Belə çıxır ki, qadağalar yalnız sıravi şəxslərə şamil edilir. Hansısa kiçik sahibkarın metroda şalvar-köynək satması qadağandır, amma bütün metrolarda yalnız “Zeytun”un fəaliyyət göstərməsi məqsədəuyğundur.

Məsələnin başqa tərəfi də var. Uzun müddətdir təbliğat aparılır ki, apteklər müəyyən standartlara cavab verməlidir və buna görə xeyli aptekin fəaliyyəti dayandırılmışdı. Bu standartlardan biri də apteklərin soyuducu kamerlarının olmasıdır. Metrolarda köşkləri qoyulmuş “Zeytun” apteklərinin də soyuducusu yoxdur. 7-8 kvadratmetrlik apteklər təbii ki, başqa standartlara da cavab vermir. Xüsusən də yay mövsümündə, yer altında dərmanların müəyyən olunmuş temperaturda saxlanması vacibdir. Görünür, bu standartlar da yalnız sıravi aptekçilərdən tələb olunur. “Zeytun”çuların vətəndaşa hansı keyfiyyətdə dərman satması, bunun fəsadları heç kimi maraqlandırmır. Əsas odur ki, metronu da eyni şəbəkə monopoliyaya alsın, əsas odur ki, başda oturanlarıncibinə pul girsin.

Müxtəsər, hökumət özünütəkzib ənənəsini davam etdirir. Hər addımda göstərirlər ki, qanunlar, sərəncamlar, fərmanlar görüntü xarakteri daşıyır. Çünki, bu ölkədə şah ən böyük qanundur. Ona görə də yerin altı da, üstü də şaha məxsusdur. Vətəndaşı qəzet- jurnaldan məhrum edib, dərman təklif edirlər. Bilirlər ki, cəmiyyəti xəstə salıblar vəxəstənin də dərmana təlabatı var. Analoqsuzluq davam edir və növbəti dəfə özünü metroda göstərdi.

скачать dle 12.1
Xəbər lenti